Xalq rəssamı Mayis Ağabəyovun yubiley sərgisi
Mayın 17-də Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə Muzey
Mərkəzinin sərgi salonunda Xalq rəssamı Mayis
Ağabəyovun fərdi sərgisi açıldı.
Sərgi fırça
ustasının anadan olmasının 70 illiyinə həsr
olunub.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev bildirdi ki, Mayis
Ağabəyov Azərbaycan mədəniyyətinin
inkişafında öz dəst-xətti ilə seçilən
sənətkarlardandır. Bütün mənalı
ömrünü Azərbaycan təsviri və kino sənətinin
inkişafına həsr edən sənətkarın həyat və
yaradıcılığının gənc nəslə
nümunə olduğunu vurğulayan nazir müavini rəssamın
incəsənətimizə verdiyi töhfələrdən
danışdı. O, 70 yaşlı rəssamının fərdi
sərgisinin açılmasını əlamətdar hadisə
kimi qiymətləndirdi: “Sərgidə Xalq rəssamı Mayis
Ağabəyovun maraqlı sənət nümunələri
nümayiş olunur. Bu sərgi ona öz
yaradıcılığının bütün istiqamətlərini
göstərməyə, tamaşaçıları
qarşısında hesabat verməyə imkan verir. İnanırıq
ki, o, bundan sonra da yeni sənət əsərləri ilə tamaşaçılarını
sevindirəcək”.
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Salxab Məmmədov Mayis Ağabəyovun
Azərbaycan rəngkarlıq sənətinin
inkişafındakı xidmətlərindən
danışdı. Qeyd olundu ki, onun
yaradıcılığı Azərbaycan təsviri sənət
tarixinə öz möhürünü vurub. Özünəməxsus
rəng, kompozisiya həlli, seçilmiş mövzuların
unikallığı onun yaradıcılığının fərqli
cəhətlərindəndir.
Tədbirdə
çıxış edən Rəssamlıq
Akademiyasının rektoru, Xalq rəssamı Ömər
Eldarov, Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov,
kinorejissor Eldar Quliyev, yazıçı-publisist Aqşin
Babayev yubilyarla bağlı fikirlərini
bölüşdülər, onun həyat və
yaradıcılığı haqqında danışdılar. Qeyd
olundu ki, 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini
bitirərək, \"Azərbaycanfilm\" kinostudiyasında
quruluşçu rəssam kimi fəaliyyətə başlayan
Mayis Ağabəyovun əsərləri dəfələrlə
respublika və xarici ölkələrin sərgi salonlarında
nümayiş etdirilib. O, əsasən kino və geyim rəssamlığı
sahəsində tanınmış, dəzgah rəngkarlığı,
qrafika sahəsində özünəməxsus dəst-xətti
ilə seçilən orijinal əsərlər yaradıb. 20-dən
çox filmin (“Nizami”, “Nəsimi”, “Babək” və s.)
quruluşçu rəssamı olub.
Xalq rəssamı Mayis Ağabəyov
çıxış edərək sərginin təşkilatçılarına
- Mədəniyyət və Turizm Nazirliyinə, Muzey Mərkəzinə
minnətdarlığını ifadə etdi. Azərbaycan mədəniyyətinin
uğurlarından danışan sənətkar sərgidə
nümayiş etdirdiyi əsərlərində gələcəyə
inam hissini ifadə etməyə
çalışdığını vurğuladı.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamın 129 rəngkarlıq və 6 heykəltəraşlıq əsəri nümayiş olunur. Sərgi mayın 23-dək davam edəcək.
Ceyhun
Mədəniyyət.-
2011.- 18 may.- S. 3.