Mədəniyyət tariximizin fədakar tədqiqatçısı: Salman Mümtaz

 

    Görkəmli ədəbiyyatşünas alim, şair Salman Məmmədəmin oğlu Əsgərov (Mümtaz) 1884-cü il may 20-də Şəkidə doğulub. Kiçik yaşlarında ailəsi Aşqabada köçüb, ibtidai təhsilini də orada Xalxallı Mirzə Əsədullanın məktəbində alıb.

    Çətin ailə vəziyyəti ilə bağlı müntəzəm təhsil ala bilməyib. Onun bir ədəbiyyatşünas kimi yetişməsində istedadı, elmə olan böyük həvəsi, misilsiz hafizəsi mühüm rol oynayıb. Müəllimi Mirzə Əsədulladan ərəb, fars, urdu dillərini öyrənib. Şərq dillərini dərindən bilməsi onda ədəbi nümunələri toplamaq, onların izahı və şərhi ilə məşğul olmaq, nəşr etmək meylini gücləndirib. Nizami, Füzuli, Firdovsi, Sədi və Hafiz kimi klassiklərin əsərlərini mütaliə edən, onların sənətkarlığından çox şey öyrənən S.Mümtaz Aşqabadda Məmmədəli Manafzadə, Mirfəttah Musəvi, Zülfüqar Cəfərov, Cəfər Tahirov, Məhəmməd Səid və s. qabaqcıl fikirli ziyalılar ilə yaxından tanış olub, ədəbi məclis təşkil edib, şeirlər yazıb.

   O, 54 illik ömrünün 30 ildən çoxunu ədəbiyyat və mədəniyyət tariximizin öyrənilməsinə həsr edib, şair və alim-mətnşünas kimi şöhrət qazanıb.

   Uzun müddət Türküstanda Azərbaycan mətbuatının, “Molla Nəsrəddin” jurnalının təbliği, yayılması ilə məşğul olub. Eyni zamanda, jurnalın fəal əməkdaşlarından biri olub, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar və başqaları ilə dostluq edib.

   1918-ci ildə Bakıya qayıdan S.Mümtaz Xalq Cümhuriyyətinin qurulmasını alqışlayan vətənpərvər ədəbiyyatşünas kimi fəaliyyətə başlayır. Azərbaycan xalqının çoxəsrlik zəngin mədəni irsini daha dərindən öyrənir, mətbuat səhifələrində elmi yazıları ilə çıxış edir. Klassik ədəbi irsimizin toplanması, nəşri və tədqiqi sahəsində də fəaliyyət göstərir, Azərbaycan şair və aşıqlarının əsərlərinin bir sıra naməlum əlyazma nümunələrini aşkara çıxarır.

   Kommunist” nəşriyyatında “Unudulmuş yarpaqlar” ədəbiyyat seriyasından 24 şairin (Nəsimi, Qövsi Təbrizi, Nişat Şirvani, Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Mirzə Şəfi Vazehs.) əsərlərindən ibarət kitablar hazırlayaraq nəşr etdirir. Salman Mümtaz bayatıların ilk toplayıcısı və tədqiqatçısı olub. Aşıq poeziyası nümunələrindən ibarət “El şairləri”, “Sarı aşığın bayatıları», “Aşıq Abdulla” kitablarını nəşr etdirir. Fədakar alim Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərinin elmi-tənqidi mətninin hazırlanması sahəsində də böyük xidmətlər göstərib, Nəsimi, Şah İsmayıl Xətai, Həbibi, Füzuli və başqalarının həyat və yaradıcılığına dair araşdırmalar aparıb, Mirzə Ələkbər Sabir, Abbas Səhhət haqqında xatirələr yazıb.

  Məşum 1937-ci ildə o da, bir çox vətənpərvər ziyalımız kimi, Stalin repressiyasının qurbanı olur. Ona millətçi damğası vuraraq həbsə atırlar. Salman Mümtaz 1938-ci ildə Rusiyanın Oryol şəhərində güllələnir.

   Mədəniyyət tariximizin fədakar tədqiqatçısının xatirəsi yaddaşlarda yaşayır. Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi onun adını daşıyır.

 

Mədəniyyət.-2011.- 20 may.- S. 14.