“Buta”
filmi Şamaxıda təqdim olundu
Mədəniyyət
və Turizm Nazirliyi mütəmadi olaraq regionlarda mədəni
həyatın canlandırılması, mədəniyyətin
müxtəlif sahələrinə marağın
artırılması, bölgələrlə mədəni əlaqələrin
daha da möhkəmləndirilməsi məqsədilə mədəniyyət
və incəsənət xadimlərinin görüşlərini
təşkil edir.
Bu silsilədən növbəti tədbir
mayın 18-də Şamaxı şəhərində
gerçəkləşdi. Şamaxı şəhər Mədəniyyət
evində “Azərbaycanfilm” kinostudiyası və “Butafilm”
prodüser mərkəzinin istehsalı olan “Buta” bədii
filminin təqdimatı keçirildi.
Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin
təbliği və qeydə alınması sektorunun
böyük məsləhətçisi Almaz Sultanzadə,
aparıcı məsləhətçi Rafael İmanov, “Azərbaycanfilm”
kinostudiyasının direktor müavini Azər Quliyev, “Butafilm”
prodüser mərkəzinin direktoru və “Buta” bədii filminin
rejissoru İlqar Nəcəf, Xalq artisti Rafiq Əzimov, aktyorlar
Tofiq Əliyev, Ləman Nəbiyeva, filmin quruluşçu rəssamı
Əziz Məmmədov, ikinci rejissor Çingiz Həsənov,
prodüser Tərlan Babayev iştirak ediblər.
Yüzlərlə
tamaşaçının iştirak etdiyi tədbiri
Şamaxı Rayon İcra Hakimiyyəti
başçısının müavini Əşrəf
Şükürov açaraq qonaqları salamlayıb, “Buta”
filminin Şamaxıda nümayişinin əhəmiyyətini
vurğulayıb. Daha sonra çıxış edən Mədəniyyət
və Turizm Nazirliyinin təmsilçisi Almaz Sultanzadə son
illər çəkilən ekran əsərlərindən
söz açaraq, “Buta” filminin yaradıcı heyətini təqdim
edib. Qeyd olunub ki, filmin əsas çəkilişləri
Şamaxının Zarat kəndində
aparıldığından epizodlarda yerli əhali də
iştirak edib. Təbii ki, filmin nümayişinə
şamaxılı tamaşaçıların böyük
maraq göstərməsi həm də bununla əlaqədardır.
Filmdə nənə rolunu ifa edən Zarat kəndinin sakini
Kimya Daşdıyevanın çıxışı da maraqla
qarşılanıb.
Janr etibarilə film-pritça olan “Buta” filmi rəvayət
xarakterlidir. Filmdəki zaman və məkan anlayışı
şərtidir. Mənəvi cəhətdən əzab və
sarsıntı içərisində olan bir adamı necə
xilas etmək olar? Filmdə bütün bunlar təfərrüatı
ilə açıqlanıb. Əsrarəngiz təbiət
gözəlliklərinin ekranda təsviri və fəlsəfi
fikirlərin ifadəsi ilə fərqlənən film
tamaşaçı diqqətini özünə cəlb edir.
Bu görüntülər, sözlər birbaşa “Buta”nın
personajlarının daxili psixoloji vəziyyətinin, bir-birilərinə
münasibətlərinin nəticəsidir.
Filmdə təbiətlə insanlar
sanki birləşir. Nəhəng bir şəhərdən
sabun istehsal edən böyük bir şirkətin meneceri uzaq
bir dağ kəndinə yola düşür. Elə bir kənd
ki, burada insanlar qablaşdırılmış, etiketləşdirilmiş
sabun görməyiblər. Menecerlə Qönçə
bir-birilərini sevirlər. Böyük bir şəhərdən,
sanki kosmosdan gəlmiş bu adam get-gedə həmin kəndin
insanlarına, landşaftına öyrəşməyə
başlayır. Çünki kənddə bütün hadisələrin
hamısı muncuq kimi bir-birinin ardınca düzülüb.
Bu muncuq da əslində xalçadır. Bütün hadisələr
xalça üzərində həkk olunan butadan keçir.
Filmdə nənə və 17 yaşlı Qönçə də
öz xalçasını toxuyur. Xalça toxuyan iki fərqli
adamın dialoqlarından da belə başa
düşülür ki, xalça cansız bir şey deyil. Əslində
o toxunan zamanda da yaşayır, toxunandan sonra da.
“Buta” filmi həm də ölkəmizin
milli-mənəvi dəyərlərini, tarixini beynəlxalq
festivallarda əcnəbi tamaşaçıya ifadə edə
biləcək filmdir. Qeyd edək ki, “Buta” rejissor İlqar Nəcəfin
ilk tammetrajlı filmidir. Filmin ssenari müəllifləri
İlqar Nəcəf və Ramiz Fətəliyev, quruluşçu
operatoru Georgi Beridze, quruluşçu rəssamı Əziz Məmmədov,
bəstəkarı Cavanşir Quliyevdir.
İlqar Nəcəf
Şamaxıda “Buta”nın nümayişi zamanı
tamaşaçı marağının yüksək
olduğunu qeyd edərək görüşdən
böyük zövq aldığını söylədi:
“Buta” filminin ilk premyerası Bakıda keçirilsə də,
Şamaxıdakı nümayişdə
tamaşaçının emosional reaksiyasını daha
çox hiss etdim. Ola bilsin bunun psixoloji tərəfləri də
var. Filmdəki doğma məkan, tanış simalar və s.
şamaxılıların diqqətindən yayınmadı.
Filmin Şamaxıda təqdimatının yüksək səviyyədə
təşkilinə görə Mədəniyyət və
Turizm Nazirliyinə təşəkkürümü bildirirəm.
Düşünürəm ki, filmlərimizin bölgələrdə
məhz bu şəkildə nümayişi vacibdir. Cəmiyyət
sənət adamlarını, yaradıcı insanları
yaxından tanımalı və onlarla canlı ünsiyyətdə
olmalıdır”.
Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği
və qeydə alınması sektorunun böyük məsləhətçisi
Almaz Sultanzadənin sözlərinə görə, bu silsilədən
növbəti tədbir “Aktrisa” filminin Gəncə şəhərində
nümayişi olacaq.
Yeganə
Cansail
Mədəniyyət.-
2011.- 20 may.- S. 10.