Turizm
İnstitutu elektron təhsil üzrə layihələrdə
iştirak edir
Həyatımızın
bütün sahələrinə nüfuz edən
informasiya-kommunikasiya texnologiyaları təhsildə də
geniş tətbiq olunmaqdadır. Son illər Azərbaycanın
təhsil məkanında, o cümlədən ali təhsil
ocaqlarında elektron tədris resurslarının
inkişafına geniş yer ayrılır.
Azərbaycan Turizm İnstitutunda bu məsələyə xüsusi diqqət verilir. İnstitutda Kitabxana İnformasiya Mərkəzi fəaliyyət göstərir. İnstitut bu sahədə həyata keçirilən bir sıra layihələrin iştirakçısıdır. ATİ-nin Qafqaz və Xəzər universitetləri ilə birlikdə təmsil olunduğu layihələrdən biri də Almaniyanın GTZ təşkilatının 2008-ci ildən Azərbaycanda həyata keçirdiyi "Cənubi Qafqazda institusional qurum və insan resurslarının inkişafı" layihəsidir.
Layihə çərçivəsində adıçəkilən üç ali məktəbin Koordinasiya Şurası yaradılıb. Bu günlərdə Koordinasiya Şurasının üzvləri Gürcüstanın Batumi şəhərində keçirilən “Təlimçilərin təlimi (TOT)” adlı seminarda iştirak ediblər. Seminarın keçirilməsində məqsəd elektron təhsilə Azərbaycanda daha çox ali təhsil müəssisələrini cəlb etməkdir.
Turizm
İnstitutunun Kitabxana İnformasiya Mərkəzinin müdiri
Gülşən Mehdiyeva bizimlə söhbətində
Koordinasiya Şurasının fəaliyyəti ilə
bağlı məlumat verdi, elektron təhsilin əhəmiyyətindən
danışdı. Onun sözlərinə görə,
Koordinasiya Şurası tərəfindən
hazırlanmış strategiya əsasında bir sıra işlər
görülüb: «Şuranın daha bir fəaliyyəti Azərbaycan
elektron təhsil portalının (www.elearning.edu.az)
yaradılmasıdır. Portalda
«Moodle», «Exe learning» proqramı əsasında qurulmuş fənn
materialları modullar üzrə yerləşdirilib. Bundan
başqa, burada özünü yoxlamaq üçün suallar,
testlər, animasiyalar, fənnin qavramasını rahat edən
digər üsullardan da istifadə olunub».
Həmsöhbətimizin dediyinə
görə, Koordinasiya Şurasının üzvləri
dörd ildə bir neçə təlimdən keçiblər
və GTZ-nin sertifikatını alıblar: «Bu proses indi də
davam edir. Onlar öz bilik və bacarıqlarını
artırmaqla yanaşı, bir neçə beynəlxalq
elmi-praktiki konfrans və seminarlarda da fəal iştirak edirlər.
Azərbaycan tərəfindən hazırlanan təqdimatlar bu tədbirlərdə
daima böyük maraqla qarşılanıb. Bunlardan “E-Təhsil
və iqlim dəyişməsi”, “Valideynlər
üçün E Təhsil” kimi çıxışların
adlarını çəkmək olar».
G.Mehdiyeva bildirdi ki, müasir
dünyanın dəyişməsi, biliklərin daha çevik
və asan ötürülməsi üsullarından ən
effektlisi elektron təhsil, elektron öyrənmə, yaxud
e-öyrənmə (e-learning) sistemidir. Bu sistemin bir sıra
xüsusiyyətləri var: «Burada zaman və məkan məhdudiyyəti
yoxdur, tələbə mövzunu öyrənənə qədər
onun üzərində çalışa bilər, hər kəs
öz qavrama qabiliyyətinə uyğun olaraq öyrənə
bilər və başa düşmədiyi halda kommunikasiya vasitələri
ilə müəllim və digər tələbələrlə
əlaqə qura bilər».
Elektron təhsilin əhəmiyyətindən
danışan G.Mehdiyevanın fikrincə, bu təhsilin ən
böyük önəmi insanın bütün həyat boyu
bilik əldə etmək imkanının olmasıdır: «Digər
tərəfdən isə elektron təhsil bizə malik
olduğumuz imkanların yeni yollarla istifadəsinə, bazara,
keyfiyyət və mövqeyə diqqəti yönəltməyə,
gələcəkdə əldə edəcəyimiz
uğurların əsasını qoymağa, biznesi inkişaf
etdirməyə və s. zəmin yaradır. Eyni zamanda elektron təhsil
vaxt baxımdan əlverişlidir».
Həmsöhbətimiz onu da qeyd
etdi ki, universitetlərdə elektron təhsildən istifadənin
faydaları çoxdur. Bu təhsil ilk növbədə distant
təhsili inkişaf etdirmək üçün olan tələbi
qarşılayır, pedaqoji və işgüzar modelləri
özündə saxlayaraq daha çox insana təhsil
şansı yaradır, eyni zamanda isə pedaqoji bazarın tələblərini
nəzərə alaraq yüksək keyfiyyətli təhsil
imkanı verir. Elektron təhsil həmçinin ali təhsil
ocaqlarında tədris şərtlərinin çevikliyini
artırır, tələbələrin uzaq məsafədən
evlərinə, istirahət etdikləri yerlərə və
iş yerlərinə təhsilin inteqrasiyasına imkan yaradaraq
öyrənmə şansını yüksəldir.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 20 may.- S. 10.