Moskvada
“Azərbaycan gecəsi”
Dövlət Kreml Sarayında Azərbaycanın
müstəqilliyini bərpa etməsinin 20-ci
ildönümünə həsr olunmuş təntənəli
mərasim keçirilib
Mayın 17-də Moskvada Azərbaycan
Respublikasının müstəqilliyini bərpa etməsinin
20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi”
adlı təntənəli mərasim keçirilib. Heydər Əliyev
Fondunun təşəbbüsü, ölkəmizin
Rusiyadakı səfirliyinin dəstəyi ilə Dövlət
Kreml Sarayında gerçəkləşən mərasimdə
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və
Rusiyanın birinci xanımı Svetlana Medvedeva iştirak ediblər.
Tədbirdən öncə Azərbaycanın və Rusiyanın birinci xanımları arasında görüş oldu.
Svetlana Medvedeva “Eurovision-2011” müsabiqəsində Azərbaycanın inamlı qələbəsi münasibətilə Mehriban xanım Əliyevanı təbrik etdi. Rusiyanın birinci xanımı dedi ki, bu qələbə Azərbaycanda musiqi mədəniyyətinin yüksək səviyyəsindən, ölkəmizə beynəlxalq marağın artmasından xəbər verir. Rusiya prezidentinin xanımı Azərbaycanda sayı təxminən 130 min nəfərə çatan həmvətəninin yaşaması üçün əlverişli şəraitin yaradılması istiqamətində respublika rəhbərliyinin səylərini vurğuladı, ölkəmizdə rus dilində təhsil almaq imkanlarına görə minnətdarlığını bildirdi.
Sonra Azərbaycanın və Rusiyanın birinci xanımları Uspensk kilsəsinin sərgi salonunda “Karl Faberje və daşoyma ustaları. Rusiyanın əlvan dəfinəsi” adlı ekspozisiyaya baxdılar. Ekspozisiyada görkəmli zərgər Karl Faberjenin şah əsərləri nümayiş etdirilir. 1846-cı ildə Sankt-Peterburqda dünyaya gələn Faberjenin yaratdığı Zərgərlik Evi rus çar ailəsi üçün zinət əşyalarının istehsalı sayəsində məşhurlaşmışdır. Mehriban Əliyeva və Svetlana Medvedeva sərgidə Faberje ilə eyni dövrdə yaşayan və imperator sarayı üçün zinət əşyaları hazırlayan zərgərlərin, Ural sənətkarlarının işləri, İmperator, Yekaterinburq, Peterqof və Kolıvan fabriklərində istehsal edilən əsərlərlə də tanış oldular. Azərbaycanın birinci xanımı xatirə kitabına ürək sözlərini yazdı.
* * *
Dövlət Kreml Sarayında “Azərbaycan gecəsi” çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən olan “Azərbaycan” nəşrinin rus dilindəki versiyasının təqdimatı oldu. Oxuculara Azərbaycan haqqında müfəssəl məlumat vermək məqsədi ilə ərsəyə gətirilən nəşrdə toplanan 1000-dən çox şəkil xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, etnoqrafik xüsusiyyətlərini əks etdirməklə yanaşı, ölkəmizin keçmişini və bu gününü, müasir simasını da təcəssüm etdirir. Kitabda paytaxt Bakı ilə bərabər, bütün bölgələr barədə şəkillər və materiallar əksini tapmışdır. Ölkəmizin qədim tarixinin, memarlığının, mədəniyyətinin bütün tərəfləri ilə əks olunduğu “Azərbaycan” nəşri ilə tanışlıq respublikamız və paytaxt Bakı haqqında dolğun təəssürat yaratmaqla, onun mədəniyyətlər və sivilizasiyaların qovuşuğunda yerləşməsindən xəbər verir.
* * *
Gecəyə Azərbaycan xalçalarının sərgisi də xüsusi ovqat gətirdi. Coğrafi mövqeyinə, naxış, kompozisiyasına, rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu sərgidə 80-dən çox xalça nümunəsi nümayiş etdirilirdi. Burada yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırır.
Bu gün Azərbaycanda xalçaçılıq məktəbi özünün inkişaf dövrünü yaşayır. Xalçalarımız Azərbaycan mədəniyyətinin ən böyük hamisi olan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrlə daha da zənginləşir. Azərbaycan xalçalarının Dövlət Kreml Sarayında nümayişi böyük maraqla qarşılandı.
Sonra Azərbaycan Respublikasının müstəqilliyini yenidən bərpa etməsinin 20-ci ildönümünə həsr olunan “Azərbaycan gecəsi” adlı təntənəli mərasim oldu. Mərasimi açan Rusiyanın tanınmış teleaparıcısı Vladimir Molçanov tədbirin əhəmiyyətini vurğuladı. O, “Eurovision-2011” müsabiqəsində Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın möhtəşəm qələbəsi münasibətilə təbriklərini çatdırdı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış etdi. Tədbirə gələnləri salamlayan Mehriban Əliyeva Azərbaycan gecəsində iştirak etdiyinə görə Rusiya Prezidentinin xanımı Svetlana Medvedevaya xüsusi minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı “Eurovision-2011” mahnı yarışmasında ölkəmizi təmsil edən Eldar Qasımov və Nigar Camal duetinə ilk 12 balı verən Rusiyaya təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu, iki ölkə arasındakı əməkdaşlığı bir daha nümayiş etdirir.
Azərbaycan dövlətçiliyinin qədim tarixindən danışan Mehriban Əliyeva vurğuladı ki, ölkəmiz həmişə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirib, Azərbaycanda həmişə bütün xalqlar sülh şəraitində yaşamışlar. Mehriban xanım Əliyeva Azərbaycanın müsəlman Şərqində ilk parlament respublikası olduğunu, müsəlman Şərqində ilk opera və baletin burada yarandığını bildirdi.
Azərbaycanın birinci xanımı iki ölkə arasında əlaqələrə toxunaraq ölkəmizdə orta və ali məktəblərdə rus dilində tədris olduğunu, Bakı Slavyan Universitetinin, Lomonosov adına Moskva Dövlət Universitetinin filialının, Rus Dram Teatrının fəaliyyət göstərdiyini bildirdi. Ötən il Bakıda Azərbaycan-Rusiya humanitar forumunun keçirildiyini, bu il artıq beynəlxalq humanitar forumun təşkil olunacağını diqqətə çatdırdı.
“Mədəni müxtəliflik qədim mədəniyyət və tarixə malik Azərbaycan xalqı üçün ənənəvidir”, - deyən Mehriban xanım Əliyeva müstəqil dövlət kimi ölkəmizin 20 il mövcud olduğunu və bu qısa vaxtda böyük uğurların qazanıldığını vurğuladı. Heydər Əliyev Fondunun prezidenti ölkəmizin irimiqyaslı layihələr həyata keçirdiyini, ölkədə yeni təhsil və səhiyyə ocaqlarının inşa edildiyini, parkların, teatrların yaradıldığını və yenidən qurulduğunu diqqətə çatdırdı. “Bu gün bizim vizit kartımız - zəngin mədəni irsimizdir”, - deyən Mehriban Əliyeva hamını Azərbaycana dəvət etdi.
* * *
Sonra ölkəmizin incəsənət
ustaları maraqlı konsert proqramı ilə
çıxış etdilər. Xalq artisti Rauf Abdullayevin
dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət simfonik orkestrinin ifasında Üzeyir Hacıbəylinin
“Koroğlu” operasının uvertürası salona Azərbaycan
ovqatı gətirdi. Mərasimdə Azərbaycan musiqisinin ən
gözəl nümunələri səsləndi. Üzeyir
Hacıbəylinin “Arşın mal alan” operettasından
parçalar, Qara Qarayevin “Vals”ı, Şirzad Fətəliyevin
balabanda orkestrin müşayiətilə ifa etdiyi “Sən gəlməz
oldun” mahnısı, xanəndə Təyyar Bayramovun
çıxışı, İsfar Sarabskinin ifa etdiyi “Novruz”
caz kompozisiyası, xanəndə Mirpaşa Şükürovun
ifasında “Qarabağ şikəstəsi”, Natiq Şirinovun
“Abşeron ritmləri” nağaraçalanlar ansamblının
çıxışı və digər
çıxışlar maraqla qarşılandı.
Azərbaycan incəsənətinin
məşhur simalarının çıxış etdiyi
konsertdə əsas diqqət çəkən məqamlardan
biri burada janr müxtəlifliyi, sintez harmoniyasının, zəngin
improvizasiyaların mövcudluğu idi. Elə auditoriyanı ən
çox heyrətləndirən də bu oldu. Müstəqilliyinin
20-ci ilini yaşayan ölkəmizin uğurları mədəniyyətin,
musiqinin dili ilə təqdim olundu.
Son dərəcə maraqlı
konsert proqramı bir daha təsdiq etdi ki, Azərbaycan mədəniyyətinin
nadir incilərinin sorağı mötəbər mərasimlərdən
gəlir. Bu da, ilk növbədə Azərbaycan dövlətinin
milli mədəni irsimizə olan diqqət və
qayğısının nəticəsidir. Təbii ki, Heydər
Əliyev Fondunun Azərbaycan mədəniyyətinin
inkişafında oynadığı rol da əvəzedilməzdir.
Bu mərasim də Fondun prezidenti Mehriban xanım Əliyevanın
mədəni irsimizin qorunması və təbliği işində
böyük xidmətlərinin göstəricisi oldu.
* * *
Konsertdən sonra Rusiyanın birinci xanımı Svetlana Medvedeva möhtəşəm gecəyə görə Mehriban Əliyevaya minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı tədbirdə iştirakına görə Svetlana Medvedevaya təşəkkür etdi: “Bu gecə ölkələrimiz arasında dostluğun və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir”.
Təntənəli
gecədən sonra qonaqlara Azərbaycan milli mətbəxinin
nümunələri təqdim olundu.
Mədəniyyət.-
2011.- 20 may.- S. 8.