«Azərbaycan bizim doğma evimizdir»

 

   İsmayıllı rayonunun İvanovka kəndinin adı hər kəsə yaxşı bəllidir. İki əsrə yaxındır ki, Rusiyadan gələn ruslar bu kənddə azərbaycanlılarla çiyin-çiyinə, mehribanlıq şəraitində yaşayırlar.

  

   Bu kəndin unikallığı həm də ondan ibarətdir ki, burada kolxoz quruluşu hələ də saxlanılır. Doğrudur, ötən əsrin 90-cı illərində kənd əhalisinin sayında nisbətən azalma olmuşdu. Kənd sakini Tatyana Dubrova deyir ki, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə onlarla molokan ailəsi daha yaxşı iş və şərait ardınca İvanovkanı tərk edib. Amma kənd sakinlərinin böyük əksəriyyəti buradan getmədi: “Mən İvanovkada yaşamağımla fəxr edirəm və yaxın gələcəkdə heç yerə getməyə hazırlaşmıram. Bu gün bizim böyük təsərrüfatımız var, yaxşı dolanırıq. Azərbaycanlılarla çox mehriban qonşuluq şəraitində yaşayırıq. Mənim əvvəlki əcdadlarım buraya 200 il əvvəl köçüb gəliblər və bütün dövrlərdə də mehriban şəraitdə yaşamışıq. Azərbaycan bizim doğma evimizdir”.

   Qeyd edək ki, İvanovkanın sakinlərinin əksəriyyəti Nikolay Nikitin adına kolxozda çalışır. N.Nikitin bu kolxoza 41 il sədrlik edib. Kolxozun iqtisadi göstəriciləri ənənəvi olaraq, ölkənin digər yerlərindən yüksək olub. Köhnə sovet vaxtlarında olduğu kimi, kolxozçular işlədikləri günün sayına uyğun olaraq, kolxozun gəlirindən əməkhaqqı və istehsal olunan məhsuldan pay alırlar. Kolxoz daha çox gəlir qazanarsa, əməkhaqqı da çox olur. Bir sözlə, yaxşı işin nəticəsini hər kəs hiss edir.

   Digər kənd sakini Yekaterina Çernyavskaya isə öz milli adət-ənənələrindən bəhs etdi: «Milli adət-ənənələrimizin, dilimizin bu günə qədər qorunub-saxlanmasında bizə Azərbaycan hökuməti tərəfindən də gözəl şərait yaradılıb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə kənddə yeni məktəb binası tikilib istifadəyə verilib. Toy adətlərimizi uzun illərdir ki, qoruyub-saxlayırıq. Sizin Novruz bayramında olduğu kimi, bizdə Pasxa bayramında yumurta boyanır».

   İvanovka kəndində «Slavyaniçka» adlı ansambl da fəaliyyət göstərir. Sakinlər milli geyimdə qarmonun müşayiəti ilə öz xalq mahnılarını ifa edirlər. Hələ onların uşaqlardan ibarət ansamblı da fəaliyyət göstərir. Ansambllar müxtəlif bayram tədbirlərində çıxış edirlər.

   «İnsanlarınız xoşniyyətli, qonaqpərvərdirlər. Xalqlarımızın adət-ənənələri arsında oxşarlıqlar çoxdur və ümumi məqamlarımız bəzən üst-üstə düşür», - deyən Yelena Çernyavskaya bildirdi ki, azərbaycanlılarla sıx dostluq edirlər: «Biz bir-birimizə qonaq gedir, hədiyyələr aparırıq. Məsələn, mən onlara məhrəba hədiyyə etmişdim, onlar isə bizə maral suveniri hədiyyə etdilər. Onu evimin divarından asmışam. İstərdik ki, bu dostluq daim qorunsun. Hətta İvanovkadan Rusiyaya gedənlər də indi peşman olub, geri qayıtmaq istəyirlər. Artıq 200 ildir ki, Azərbaycanda yaşayırıq, buranı öz vətənimiz sayırıq.

   Tatyana Dubrova isə deyir ki, İvanovka xanımları Azərbaycanın milli yeməklərini də gözəl hazırlamağı bacarırlar: «Bozbaş, plov ailəmizin sevimli yeməyidir və biz onları tez-tez hazırlayırıq. Qonşu azərbaycanlılara da öz milli mətbəximizə aid olan yeməkləri hazırlamağı öyrədirik. Beləcə, biz mehriban qonşuluq şəraitində firavan yaşayırıq».

  

 

   M.Sultanova

 

   Mədəniyyət.- 2011.- 20 may.- S. 7.