“Unuda bilmirəm”
Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri İstanbul teatr
festivalında çıxış ediblər
Bu günlərdə İstanbulda
II Beynəlxalq “Professor Cüneyt Gökçer” teatr
festivalı keçirilib. “Dünya səhnədir” devizi
altında keçirilən festivalda Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri
“Unuda bilmirəm” tamaşası ilə çıxış
ediblər.
Universitetin kino və dram aktyorluğu fakültəsinin müəllimi, Xalq artisti Hacı İsmayılov festival barədə təəssüratlarını qəzetimizlə bölüşdü.
- Bu il Mədəniyyət və İncəsənət Universitetinin kino və dram aktyoru fakültəsinin tələbələri diplom tamaşası hazırlayarkən görkəmli dramaturq İlyas Əfəndiyevin “Unuda bilmirəm” pyesinə müraciət etdilər. Tamaşanı hazırlayarkən xəbər aldıq ki, İstanbulda tanınmış sənətkar Cüneyt Gökçerə həsr olunmuş tələbə teatr festivalı keçirilir və bizi də dəvət ediblər. Böyük həvəslə hazırlıq gördük və mayın əvvəlində İstanbula yola düşdük. Heyətimiz 11 nəfərdən ibarət idi. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Ağakişi Kazımov, fakültəmizin dekanı, dosent, Əməkdar artist Ötkəm İsgəndərov, həmin kursda aktyor sənətindən dərs dediyim üçün mən və 8 nəfər tələbəmiz iştirak edirdi.
Bizi İstanbulda yüksək səviyyədə qarşıladılar. Festivalda Türkiyənin doqquz universitetinin, o cümlədən İstanbul Mədəniyyət Universitetinin tələbələri hazırladıqları tamaşaları nümayiş etdirdilər. Festivala kənardan dəvət olunan yeganə ölkə isə Azərbaycan idi və deməliyəm ki, ölkəmizi bu festivalda layiqincə təmsil etdik.
Mayın 1-də festivalda nümayiş olunan ilk tamaşaya baxdıq. Tamaşanın qəribə adı vardı: “Romeo ölməsin”. Maraqlı bir kompozisiya idi. Mayın 2-də isə bizim tələbələr “Unuda bilmirəm” tamaşasını oynadılar. Tamaşa çox maraqla qarşılandı.
Hacı İsmayılov söhbətimizin bu yerində Azərbaycan teatrında, Azərbaycan səhnəsində özünəməxsus yeri olan “Unuda bilmirəm” tamaşasının tarixinə qısa nəzər saldı:
- “Unuda bilmirəm” tamaşası ilk dəfə 1968-ci ilin noyabrında Akademik Milli Dram Teatrında oynanılıb. Səhnə əsərinə görkəmli rejissorumuz Tofiq Kazımov quruluş vermişdi. Tamaşada görkəmli aktyorlarımız - Həsən Turabov, Amaliya Pənahova, Məmmədrza Şeyxzamanov, Hamlet Qurbanov, Sofya Bəsirzadə, Muxtar Afşarov və başqaları oynayıblar. Tamaşa uzun müddət Azərbaycan səhnəsində ən çox sevilən səhnə əsərlərindən biri kimi yadda qalıb.
“Unuda bilmirəm” əsərinə tələbə tamaşası kimi qayıtmağımızın başlıca səbəbi isə ondan ibarət idi ki, İlyas Əfəndiyev elə qüdrətli dramaturqdur ki, hər dəfə onun əsərlərini tamaşaya qoyanda, tamaşaçıya yeni söz deməyə imkan yaranır. Bu, lirik-psixoloji bir əsərdir. İnsanın məni və əməli arasında olan ziddiyyətlərdən bəhs edir.
İki saata yaxın davam edən tamaşa çox diqqətlə izlənildi, maraqla qarşılandı və sonda alqışlandı. Tələbələrimiz büllur mükafata və fərqlənmə diplomuna layiq görüldülər.
Tamaşa bitəndən
sonra İstanbul Mədəniyyət Universitetinin müəllim-tələbə
heyəti ilə görüşümüz oldu. Universitetin sənət müəllimi,
rejissor Zəfər Kayaokay maraqlı bir açıqlama verdi.
Bildirdi ki, bir neçə il bundan əvvəl İlyas Əfəndiyevin
“Mahnı dağlarda qaldı” tamaşasını elə bu
universitetdə tələbələrlə birgə
tamaşaya qoyub. Etiraf etdi ki, bizim tamaşaya da diqqətlə
baxıb və qərara gəlib ki, İlyas Əfəndiyevin
pyeslərini məhz bizim qoyduğumuz oyun tərzi ilə səhnələşdirmək
lazımdır. Bu bizim tamaşaya verilən ən böyük
qiymət idi.
Beş gün ərzində tələbələrimiz
İstanbulun görməli, tarixi yerləri ilə tanış
oldular. Bu səfər onlar üçün həm də ona
görə əlamətdar idi ki, Mədəniyyət və
İncəsənət Universitetinin tarixində tələbə
tamaşaları az hallarda festivallarda iştirak edir. Belə bir
hadisə sovet vaxtı olmuşdu. 1970-ci illərdə İlyas
Əfəndiyevin “Sən həmişə mənimləsən”
pyesi Leninqradda (Sankt-Peterburq) tələbə festivalına dəvət
edilmişdi. Ondan sonra uzun illər elə bir hadisə
olmadı. Bu yaxınlarda isə tələbələrimiz
İran İslam Respublikasında və Gürcüstanda tələbə
festivalında iştirak ediblər. Nəhayət, İstanbulda
keçirilən teatr festivalında iştirak etdilər ki, bu
da onların həyatında mühüm hadisələrdən
birinə çevrildi.
Tamaşada Təbriz Əmrahov
Möhsünzadə, Rəşad Hüseynov Cəmil, Emin Həşimov
Kamran, Lalə Şükürova Nərmin, Elvin Quliyev mayor,
Süleyman Mehdiyev Kərəm, Salihə Məmmədova Səadət,
Ağakişi Kazımov professor obrazlarını ifa ediblər.
Xalq artisti Hacı İsmayılov
tamaşa ilə yanaşı tamaşanın musiqisinin də
maraqla qarşılandığını bildirdi.
- Tamaşa Rəşid Behbudovun
Bakı haqqında gözəl bir mahnısı ilə
başlayır, əsər boyu isə seçmə musiqilər
səsləndirilirdi. Xalq artisti, sevimli müğənnimiz Azər
Zeynalov tamaşa üçün musiqi aranjeman etmişdi.
Tamaşada məşhur bir mahnı da var, o mahnını
vaxtilə tamaşada Amaliya xanım oxuyub. Həmin
mahnını yeni üslubda müğənni Lalə Məmmədova
ifa etmişdi. Musiqi festival iştirakçılarının
çox xoşuna gəldi, bizdən xahiş etdilər ki, tamaşanın
musiqisi olan diski onlara hədiyyə edək.
Sonda Hacı İsmayılov
festivalda iştirak etmələrinə imkan
yaratdığı üçün Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, professor Timuçin
Əfəndiyevə və səfərə dəstək verən
“Azal” şirkətinə öz təşəkkürünü
bildirdi.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 20 may.- S. 6.