Azərbaycan-Rusiya mədəni əlaqələri ikitərəfli münasibətlərin inkişafına zəmin yaradır

 

  Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İTAR-TASS agentliyinə müsahibə verib

  

   Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dünya Səyahət və Turizm Şurasının ABŞ-ın Las-Veqas şəhərində (Nevada ştatı) keçirilən 11-ci zirvə görüşündə iştirak edir. Nazir burada Rusiyanın İTAR-TASS informasiya agentliyinin müxbirinə müsahibə verib.

  

   Əbülfəs Qarayev bildirib ki, Azərbaycan xüsusən son illər Rusiya ilə mədəni əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Bu əlaqələr ikitərəfli münasibətləri genişləndirməyin bazasını yaradır. Azərbaycanda Rusiya ilinin və Rusiyada Azərbaycan ilinin böyük uğurla keçməsi buna böyük təkan verib.

   “Mədəniyyət günlərinin və ya həftələrinin çərçivəsindən kənara çıxan birillik dövr münasibətlərimizin inkişafında xüsusi əhəmiyyət daşıyıb”, - deyən nazirin fikrincə, bu, hər iki mədəniyyətin özünü bir-birindən ayrı təsəvvür edə bilməməsi hisslərini doğurub.

   Nazir çoxlu misal gətirib. Məsələn, mayın 17-də Dövlət Kreml Sarayında Azərbaycan gecəsi keçirilib. Moskvada, Çexov festivalında göstərilmiş tamaşaların ilk dəfə Bakıda nümayiş etdirilməsi, dahi Azərbaycan bəstəkarı Qara Qarayevin Nizami Gəncəvinin poemasının motivləri əsasında yazdığı “Yeddi gözəl” baletinin Moskvada, Böyük Teatrın səhnəsində debütü, Mariya Teatrının truppasının bəstəkar Arif Məlikovun yubileyinə qatılmaq üçün Bakıya gəlişi yaddaqalan hadisələr olub. Respublikanın teatr kollektivlərinin Moskvada, Sankt-Peterburqda, Novosibirskdə və Rusiyanın başqa şəhərlərində festivallarda iştirakını, musiqi kollektivlərinin Yuri Başmetin rəhbərliyi ilə klassik musiqi festivallarında daimi iştirakını, birgə kino çəkilişlərini də bu siyahıya əlavə etmək olar.

  

   Mədəniyyətlərimizi bir-birindən ayrı təsəvvür etmək çətindir

  

   Respublikada rus dilinə hörmətlə və qayğı ilə yanaşıldığını vurğulayan nazir deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan tədris rus dilində aparılan heç bir məktəb bağlanmayıb, rus dilində mətbu nəşrlərin sayı isə artmaqdadır. Ə.Qarayev deyib: “Biz rusiyalı tərəfdaşlarla ünsiyyətdə çətinlik çəkmirik. Rusiyalı turistlər həmişə vurğulayırlar ki, Azərbaycanın hər yerində rus dilində ünsiyyət saxlamaq və lazımi informasiya almaq mümkündür”. O həmçinin hər iki dövlətin turoperator birlikləri arasında ciddi əməkdaşlığın olduğunu, respublikaya istirahətə gələn rusiyalıların, eyni məqsədlə Rusiyaya yollanan azərbaycanlıların sayının artdığını qeyd edib. Nazir deyib: “Mədəniyyətlərimiz yaxındır və onları bir-birindən ayrı təsəvvür emək çətindir. Bu, son illər daha bariz təzahür etməyə başlayıb”.

   Nazir bu il oktyabrın 10-11-də Azərbaycanda keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna ciddi hazırlıq görüldüyünü də bildirib: “Belə bir forumun hər iki dövlətin prezidentlərinin hamiliyi ilə keçirilməsi ideyasının özü Azərbaycanın və Rusiyanın humanitar sahədə əməkdaşlığın daim genişləndirilməsinə tərəfdar olduqlarını dünya birliyinə, ölkələrimizin əhalisinə göstərən birbaşa müraciətdir”.

   Humanitar sahənin iqtisadiyyatdan və sosial həyatdan kənarda mövcud ola bilmədiyinə inandığını bildirən Ə.Qarayev fikrini belə dəqiqləşdirib: “Biri olmadan o birisi də olmazdı. Yeni tarixi şəraitdə insanın mentallığı, biliklər, anlayışlar və duyğular hətta ciddi fikir ayrılıqlarına baxmayaraq, dinc yanaşı yaşamaq, əməkdaşlıq etmək üçün yollar və imkanlar axtarıb tapmağa kömək edib və bundan sonra da kömək edəcək”.

   Əbülfəs Qarayevin fikrincə, qarşıdan gələn Bakı forumu sanballı siyasi çəkisi olan böyük bir dövlətdən - Rusiyadan və cəmi 9 milyon əhalisi və 20 illik müstəqillik təcrübəsi olan Azərbaycandan humanitar sahədə təhdidlərin necə göründüyünü müqayisə və təhlil etməyə imkan verəcək. Nazir əminliyini bildirib ki, müasir mərhələdə çətinliklərin və problemlərin müsbət həllinə yanaşmanı yalnız bir yerdə tapmaq mümkündür. Bakı Beynəlxalq Humanitar Forumu da bunu nümayiş etdirmək üçün nəzərdə tutulub.

   Nazir bildirib ki, foruma dəvət olunan qonaqların siyahısı mayın axırı və iyunun əvvəlində tərtib ediləcək. Foruma, çox güman, ABŞ-dan humanitar sahənin xadimləri dəvət ediləcək. Dünyanın, demək olar, bütün qlobal proseslərinə cəlb olunmuş bir ölkədən gəlmiş insanların düşüncələri ilə tanışlıq maraqlı olardı.

   Düsseldorfda Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qələbə qazanmış Eldar və Nigar duetinə Rusiyanın dəstəyini yüksək qiymətləndirdiyini vurğulayan nazir deyib: “Rusiyanın dəstəyi çox qiymətli idi”.

   42 ölkənin təmsilçisini geridə qoyaraq, final səsverməsində 221 bal toplayan Eldar və Nigar “Eurovision”un tarixində respublikaya birinci qələbəni gətiriblər. Öz təəssüratlarını bölüşən nazir deyibr: “Müsabiqədə dörd dəfə iştirak edən Azərbaycan hər dəfə çox yaxşı təmsil olunub. Bu dəfə də gənclərimizin təqdimatı çox maraqlı və yüksək səviyyədə oldu”.

   Düsseldorfda səsvermə vaxtı və ona yekun vurulduqdan sonra Rusiyadan dəstəkləyici sözlər, milli duetimizin uğuru münasibətilə çoxsaylı təbriklər gəldiyini deyən nazir vurğulayıb: “Rusiya Azərbaycan ifaçılarını öz səsləri ilə dəstəklədi. Zənnimcə, bu, qanunauyğundur, çünki mədəniyyətlərimiz çox yaxındır”.

  

   Azərbaycan turizm bazarına malik ölkə kimi dünyada tanınmaq istəyir

  

   Əbülfəs Qarayev bildirib ki, Dünya Səyahət və Turizm Şurasının Las-Veqasda keçirilən ənənəvi zirvə görüşündə Azərbaycan nümayəndə heyətinin iştirakı özünü inkişafda olan turizm bazarına malik ölkə kimi tanıtmaq istəyi ilə şərtlənir.

   1990-cı ildə yaradılmış Dünya Səyahət və Turizm Şurası qarşısına turizm sektorunun dünya iqtisadiyyatında səmərəli iştirakını təmin etmək, bu məqsədlə ölkələrin dövlət hakimiyyət orqanları ilə dialoq aparmaq, turizm sektorunun inkişafı yolundakı əngəlləri aradan qaldırmağa dəstək vermək məqsədi qoyub. BMT-nin Dünya Turizm Təşkilatı şuranın həmtəsisçisidir. Azərbaycan bu quruma 2001-ci ildə daxil olub. Cari il respublikada Turizm ili elan edilib. Dünyanın aparıcı şirkətləri artıq Azərbaycanda öz mehmanxanalarını yaratmaq planlarını açıqlayıblar. Nazir fikrini yekunlaşdıraraq deyib: “Bu, dünyanın turizm bazarına və məkanına qoşulmağımızın etiraf olunduğunu təsdiq edir”.

   Viza, gömrük və digər normaların Dünya Səyahət və Turizm Şurasının istədiyi kimi tamamilə aradan qaldırılmasını vaxtsız sayan nazir deyib: “Biz ləğvetmədən danışa bilmərik, çünki bu, bütöv ölkələrin və məkanların ya hipertrofiyasına, ya da distrofiyasına gətirib çıxaracaq”. Nazir kompromis yolla viza rejiminin sadələşdirilməsi, gömrük rüsumlarının tədricən məhdudlaşdırılması istiqamətində irəliləməyin tərəfdarı olduğunu bildirib: “Çünki bu yol insanlar arasında əlaqələrin asanlaşdırılması məqsədlərinə cavab verir və zamanın obyektiv tələbidir. Zənnimcə, bu istiqamətdə irəliləmək lazımdır”.

   Ə.Qarayev Las-Veqasdakı zirvə görüşünü faydalı tədbir adlandırıb: “Turizm sektoru çox mənada dünyanın iqtisadi proseslərinə yanaşmada dəyişikliklərin katalizatoru rolunu oynayır. Şuranın statistikasına görə, dünya iqtisadiyyatında turizmin və səyahətlərin payı yalnız bank biznesindən geri qalaraq, avtomobil sənayesinin payını üstələyir. Digər tərəfdən, turizmin alternativi yoxdur, çünki müasir bəşəriyyət yeni yaşayış yerləri, iş, bilik axtarışında və sadəcə, yeknəsəqlikdən qurtulmaq üçün həmişə səyahət edəcək”. Nazir gələcəkdə belə bir forumun Azərbaycanda və ya Rusiyada keçiriləcəyinə ümidvar olduğunu bildirib.

 

 

   Mədəniyyət.- 2011.- 20 may.- S. 3.