Minskdə
«Arşın mal alan»ın premyerası
Mayın 18-də Minskdə Belarus
Akademik Dövlət Musiqili Teatrında dahi bəstəkar
Üzeyir Hacıbəylinin dünya şöhrətli
«Arşın mal alan» operettasının premyerası
keçirilib. Teatr rəhbərliyinin dəvəti əsasında
tamaşanı Azərbaycan Opera və Balet Teatrının
dirijoru Əyyub Quliyev idarə edib.
Tamaşanın quruluşçu
rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev (Azərbaycan),
quruluşçu rəssamı Lyubov Sidelnikova,
quruluşçu baletmeysteri Xalq artisti Mədinə Əliyeva
(Azərbaycan), bədii tərtibatçısı Yusif Tokerdir
(Türkiyə). Layihənin təşkilatçıları
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın
Belarusdakı səfirliyi, Belarus Dövlət Akademik Musiqili
Teatrıdır.
Operettada əsas rolları Yevgeni
Yermakov (Əsgər), Marqarita Aleksandroviç
(Gülçöhrə), Anton Zayançkovski (Süleyman),
Lidiya Kuzmitskaya (Asya) və başqaları ifa edib.
Tamaşadan əvvəl dirijor Ə.Quliyev
və teatr rəhbərliyinin Belarus KİV nümayəndələri
ilə görüşü keçirilib. Görüşdə
Ə.Quliyev bu layihənin xüsusi əhəmiyyətini qeyd
edərək, tamaşanın Azərbaycanla Belarus arasında mədəni
əlaqələrin inkişafı üçün vacib
addım olduğunu bildirib. Teatr rəhbərliyi isə Ə.Quliyevi
sentyabr ayında Ü.Hacıbəylinin doğum gününə
həsr olunmuş tamaşaya dirijorluq etmək
üçün yenidən dəvət edib.
Gülər
Mədəniyyət.- 2011.- 20 may.-
S. 3.