Lənkəran teatrı Türkiyədə festivalda iştirak edib

 

   Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası Türkiyənin Dənizli şəhərində beynəlxalq teatr festivalında iştirak edib. Teatrın direktoru İslam Həsənovun bildirdiyinə görə, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə mayın 9-dan 15-dək keçirilən festivalda Türkiyənin dövlət və özəl teatrları ilə yanaşı, müxtəlif ölkələrdən, o cümlədən Rusiya, Bolqarıstan, Makedoniyadan kollektivlər iştirak edib. Azərbaycanı təmsil edən Lənkəran teatrı Qriqori Qorinin “Herostratı unudun!” tamaşası ilə çıxış edib.

   Respublikanın Xalq artisti Qabil Quliyevin, teatrın aparıcı aktyorlarından Adil Zeynalovun, Niftulla Əsgərovun, Qızılgül Quliyevanın, Aynur Əhmədovanın və digərlərinin ifasında oynanılan bu tamaşa festivalın münsiflər heyəti və xarici teatr xadimləri tərəfindən maraqla qarşılanıb. Tamaşa həmçinin yerli televiziya kanalı tərəfindən lentə alınaraq efirdə yayımlanıb.

   İslam Həsənovun sözlərinə görə, rəhbərlik etdiyi yaradıcı kollektiv yay aylarında Şimali Kiprdə və Türkiyənin Zonquldaq şəhərində keçiriləcək beynəlxalq teatr festivallarına da dəvət alıb.

  

 

   Ağaddin Şağlaserli

 

   Mədəniyyət.- 2011.- 25 may.- S. 15.