“Tamaşanın
rejissoru qədər baletmeysteri də peşəkar
olmalıdır”
Zakir Ağayev: “Aktyorların rəqs
qabiliyyəti var, amma onu üzə çıxarmaq
lazımdır. İstərdik ki, teatrlarımızda plastikaya,
rəqsə diqqət verilsin”
Tamaşaçı səhnə əsərinə
baxarkən ilk növbədə aktyor oyununu görür,
aldığı təəssüratı bölüşəndə
də əsasən aktyorların ifalarından, sonra rejissor
işindən, ola bilsin ki, bir neçə kəlmə də
musiqi tərtibatından söz açır. Amma tamaşa
böyük bir yaradıcı və texniki heyətin əməyinin
məhsuludur. Bu kollektivin vacib komponentlərindən biri də
baletmeysterlərdir. Onlar tamaşalardakı rəqslərə
quruluş verirlər.
Zakir və Leyla Ağayevalar Azərbaycan teatrlarında tanınmış baletmeysterlərdir.
Leyla (Yelena) Ağayeva milliyyətcə ukraynalı olsa da, Bakıda doğulub, boya-başa çatıb. Deyir ki, özünü Bakıdan ayrı təsəvvür etmir: “Qastrollarda bir aydan artıq qala bilmirəm, çox darıxıram. Baxmayaraq ki, milliyyətcə azərbaycanlı deyiləm, bura mənim ən doğma şəhərimdir. Gözümü açıb Azərbaycan musiqisini, muğamı dinləmişəm. Təkcə dinləməmişəm, həm də sevmişəm. 6 yaşımdan rəqslə məşğulam. Mahnı və Rəqs Ansamblında solist olaraq neçə illər Azərbaycan milli rəqslərini oynamışam, bu rəqslərlə müxtəlif ölkələrdə çıxış etmişəm. Məni səhnədə görənlər təsəvvür belə etməyiblər ki, mən başqa millətin nümayəndəsiyəm. Mənim üçün Azərbaycan və Bakı hər şeydir”.
Söhbətimizə bu xoş ovqatlı girişdən sonra baletmeysterlər ailəsinin bilavasitə yaradıcılığı ilə bağlı suallara keçirik. Bu dəfə Zakir Ağayev həm özü, həm də xanımının əvəzinə danışır:
- İkimiz də Bakı Xoreoqrafiya Məktəbində təhsil almışıq. Rəqqas kimi 17 il fəaliyyət göstərdikdən sonra Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskvada Teatr Sənəti Akademiyasının baletmeyster fakültəsində oxumuşuq. SSRİ Dövlət Rəqs Ansamblını yaradan İqor Moiseyevin tələbələri olmuşuq. Bakıya qayıtdıqdan sonra baletmeyster fəaliyyətinə Muğam Teatrında başladıq, muğamları müşayiət edən rəqslərə quruluş verdik. İlk dəfə “Segah” muğamının rənglərinə rəqslər qurduq. Bu işimiz çox uğurlu alınmışdı.
Sonra Xoreoqrafiya Məktəbində 15 ildən çox dərs dedik. Tələbələrimizdən bir çoxu sənətdə uğurla addımlayır. Bizi müxtəlif tamaşalarda rəqslərə quruluş verməyə dəvət etməyə başladılar. Demək olar ki, Azərbaycanda əksər teatrlarda çalışmışıq. 100-ə yaxın rəqs qurmuşuq. Mahnı Teatrında da baletmeyster işləmişik.
Bizim ən böyük mükafatımız yaradıcı işimizdir. Əgər qurduğumuz rəqslər gözəl alınırsa, tamaşaçı tərəfindən gözəl qarşılanırsa, bu bizim üçün bütün mükafatlardan üstündür. Biz bu sənəti işin maddi tərəfini düşünmədən seçmişik, işimizi görəndə də bunu düşünmürük. Biz musiqini, rəqs sənətini, Azərbaycan incəsənətini, folklorunu, poeziyanı sevirik. Təvazökarlıqdan uzaq görünsə də, özümüz haqqında “Biz vətənpərvərik” deyə bilərik. Ən azından ona görə ki, dəfələrlə xaricdə işləmək təklifi alsaq da, heç bir ölkəyə getməmişik.
- Tamaşalarda qurduğunuz hər bir rəqs sizin və xanımınızın birgə işidir. Yaradıcı şəxslər olaraq müştərək çalışmaq çətindir, yoxsa asan?
- İki insanın fikri heç də bütün məsələlərdə eyni ola bilməz. Amma bizim ikimizin fikri bir insanın fikri kimidir. Bir-birimizə qətiyyən mane olmuruq, əskinə, fikirlərimizi inkişaf etdiririk. Bu baxımdan bizim aramızda ciddi fikir ayrılığı olmur. Yalnız hərdən xırda mübahisələr olur. Mən hətta tək rəqs quranda belə özüm-özümlə mübahisə edirəm. Amma ikimizin fikri bir-birini tamamlayır. Biz evdə ər-arvad, işdə isə həmkarıq. İşdə lazım gəldikdə bir-birimizin səhvini də düzəldirik. Evdə iş haqqında, işdə isə ev haqqında heç vaxt danışmırıq. Ailəmiz, uşaqlarımız, ailə qayğılarımız var. Amma işdə bunları tamamilə unutduğumuzdan ailə olmağımız işimizə mane olmur. İşimiz də çox maraqlı olur.
- Bu günə qədər onlarla tamaşada rəqslərə quruluş vermisiniz. Onlardan hansını ən uğurlu hesab edirsiniz?
- Sənətçilər adətən bu suala cavablarında deyirlər ki, ən uğurlu tamaşa hələ qarşıdadır. Bizim də ən uğurlu tamaşamız hələ irəlidədir. Yəni yaradıcı insan üçün əldə edilən nəticə ilə kifayətlənib bir yerdə dayanmaq olmaz, özün-özünü inkişaf etdirməlisən. Bu həmişə belə olmalıdır. Daha gözəl işlər görəcəyimizə inanırıq. Onu da deyim ki, tamaşalarda rəqslərin uğurlu alınması tək bizdən asılı deyil. Bu həm də rejissordan, daha çox isə bəstəkardan asılıdır. Əgər bəstəkarın yazdığı musiqidə dramaturgiya, rejissura, hərəkət cərəyanı varsa, o zaman rəqslərimizi asanlıqla qururuq. Amma açığını deyək ki, bəzən şablon musiqiyə rəqs qurulur. Belə musiqidə heç bir hərəkət yoxdur. Belə olan halda vəziyyətdən çıxmaq üçün kompozisiya hərəkətləri qururuq. Yəni şəkillərlə gözəllik verməyə çalışırıq. Emin Sabitoğlunun əsərlərinə Musiqili Komediya Teatrında rəqslər quranda böyük zövq alırdıq. Belə əsərlər özü insanı hərəkətə gətirir. Eynilə də Tofiq Quliyev, Süleyman Ələsgərov, Cavanşir Quliyev, Faiq Sücəddinov və digərlərinin adlarını çəkə bilərik. Rəqslərin quruluş gözəlliyi, fərqlənməsi bizdən və bəstəkarlardan asılıdır.
- Aktyor dinamik, çevik, hərəkətli olmalıdır. Amma Azərbaycan teatrlarında çalışan çox az aktyorlar rəqslə məşğul olurlar. Bu reallıq rəqslərin quruluşu zamanı sizin üçün çətinlik yaradırmı?
- Milli Dram Teatrında qurduğumuz tamaşalara baxanda görəcəksiniz ki, Azərbaycan aktyorları necə gözəl hərəkət edir və necə gözəl oynayırlar. Əslində aktyorların özlərinin qabiliyyəti var, lakin bu qabiliyyəti üzə çıxarmaq lazımdır. İsrafil İsrafilov bu teatra direktor təyin olunan gündən “aktyorun oyun tərzi ilə plastikası eyni səviyyədə olmalıdır” deyir. Yəni aktyor oyunu ilə yanaşı, plastika da olmalıdır. Bizi teatra dəvət edəndə də dedi ki, mənim ideyam var. İstəyirəm ki, rəhbərlik etdiyim teatrda aktyorlar tək aktyor oyunu ilə deyil, həm də rəqqas kimi səhnəyə çıxsınlar. Xalq yazıçısı Elçinin «Teleskop» əsərini səhnəyə qoyduq. Fəlsəfi bir əsərdir. İnsan öləndən sonra onun ruhundan, o dünyada baş verən olaylardan bəhs edir. Tamaşa hazırlanarkən ilk məşqlərdən aktyorlara bildirdik ki, siz səhnədə özünüzü balet artisti kimi göstərməlisiniz. Əvvəlcə tərəddüd etdilər. İnanmırdılar ki, bu iş onlarda alına bilər. Amma işə başladıqdan sonra onlar özlərinin imkanlarını kəşf etdilər. Həm yaşlı, həm də gənc nəsil gördü ki, onların plastikası varmış. Hətta əvvəlcə onlara edəcəkləri hərəkətləri göstərəndə dedilər ki, biz bunu edə bilmərik. Amma sonra özlərini kəşf edərək, qabiliyyətlərini gördülər.
İstərdik ki, bütün Azərbaycan teatrlarında plastikaya, rəqsə belə diqqət verilsin. Rus Dram Teatrının tamaşalarına çox asanlıqla rəqs qururuq. Orada aktyorların əksəriyyəti Xoreoqrafiya Məktəbindən gələnlərdir. Bu teatrda gözəl ənənə var. Xoreoqrafiya Məktəbini bitirən və aktyor istedadı olan gəncləri cəlb edirlər. Artıq onlara rəqs öyrətmək lazım deyil. Rəqs əslində tamaşanın bir hissəsidir. Çünki cərəyan edən hərəkətlərin davamını rəqslə göstərirsən. Bu baxımdan baletmeyster hər hansı tamaşada rəqs qurursa, mütləq ssenarini oxumalıdır. Leyla xanımla 1997-ci ildə Mədəniyyət və İncəsənət Universitetində baletmeyster kafedrası açdıq. 2007-ci ilə kimi universitetdə mən kafedra müdiri, Leyla xanım baş müəllim vəzifəsində işlədik. Həm balet, həm xalq rəqsləri üçün baletmeysterlər hazırladıq. Xoreoqrafiya Məktəbinin bir çox müəllimləri bizim tələbələrimizdir. Mahnı və Rəqs Ansamblında, Dövlət Rəqs Ansamblında, Mahnı Teatrında, Opera və Balet Teatrında 30-a yaxın fəxri ad almış tələbələrimiz var.
- Amma teatrlarda yeni baletmeyster
adlarına rast gəlmirik?
- Əslində istedadlar var. Amma
onların inkişaf etmələri və təcrübə
keçmələri üçün imkan yaratmaq
lazımdır. Rəqqasla baletmeyster sənəti tam
ayrıdır. Rəqqas ifaçılıq, baletmeyster isə
quruculuq sənətidir. İncəsənət Universitetində
yetişdirdiyimiz tələbələr arasında çox
istedadlıları var. Universitetdə diplom işlərini
açıq konsert formasında verirdik. Yəni tələbələrin
imkanlarına meydan verirdik. İndi onların arasında olan
istedadları teatrlara dəvət etmirlər. Bəzən
tamaşalarda rəqsləri quranların adını oxuyanda təəccüblənirik
ki, axı o, baletmeyster deyil. Teatrlarda tamaşalar qurulanda,
rejissor peşəkar olduğu kimi, baletmeyster də peşəkar
olmalıdır. Rəqqasa “gəl, rəqs qur” demək olmaz. Rəqqas
ancaq rəqs etməlidir.
- Dünyanın bir çox ölkəsində
qurduğunuz rəqsləri təqdim etmisiniz. İmkan olsa,
dünyaca məşhur «Anadolu atəşi», «Todes» kimi Azərbaycan
rəqs qrupu yarada bilərsinizmi?
- Azərbaycan Dövlət Rəqs Ansamblı rəqslərimizi dünyanın bir çox yerlərində təqdim edir. «Anadolu atəşi» və digərləri isə dövlətin ansamblı deyil, özəl şirkətlərin qurduğu kollektivdir və onlara böyük maliyyə xərclənir, reklam olunurlar, onlar da dünyanı gəzir və həmin milyonları qazanır. «Anadolu atəşi»nin 2013-cü ilə qədər proqramı artıq hazırdır. Azərbaycanda isə özəl rəqs kollektivi yoxdur. Amma Azərbaycan rəqsləri dünyaya göstərilməli rəqslərdir. Azərbaycan Dövlət Rəqs Ansamblı dünyanın məşhur rəqs qruplarından geri qalmır. Sadəcə, dünyada daha geniş tanınması, reklam olunması lazımdır.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 25 may.- S. 11.