Vurğun Vəkilov “Citta di Pesaro”
müsabiqəsinin qalibi
olub
İstedadlı pianoçu, Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin VII sinif şagirdi, Prezident təqaüdçüsü,
Xalq şairi Səməd Vurğunun nəticəsi Vurğun Vəkilov
İtaliyanın Pesaro şəhərində
keçirilmiş VIII “Citta di Pesaro” Beynəlxalq müsabiqəsinin
qalibi olub.
İtaliya, Yaponiya, Rusiya,
Bolqarıstan, Koreya Respublikası, Çin və digər
ölkələrin gənc musiqiçilərinin
qatıldıqları müsabiqədə Azərbaycanı təmsil
edən V.Vəkilov “B” kateqoriyasında 12-16 yaşlı piano
ifaçıları arasında fərqlənərək
birinci yeri qazanıb. Azərbaycanlı musiqiçi müsabiqənin
yekun konsertində Qara Qarayevin “Eskiz” əsərini də ifa
edib.
Vurğun Vəkilov 1998-ci ildə anadan olub. 2004-cü ildən
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil
alır. 2008-ci ildə ulu öndər
Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr edilmiş gənc ifaçıların
I Respublika müsabiqəsinin
qalibi olub. Bir çox yubiley və festivallarda qələbə
qazanan V.Vəkilovun adı Azərbaycanın gənc istedadlarının
“Qızıl kitabı”na yazılıb.
V.Vəkilov Bülbül adına
Orta İxtisas Musiqi Məktəbində
Elmira Mustafayeva və Bakı Musiqi Akademiyasının prorektoru
Oqtay Abasquliyevdən ixtisas təhsili alır. Həmçinin Azərbaycan Bəstəkarlar
İttifaqı nəzdində
uşaq yaradıcılıq
studiyasının şagirdi
kimi Xalq artisti Firəngiz Əlizadə ona dərs deyir.
Mədəniyyət.- 2011.-
25 may.- S. 10.