“Sülh.
Dostluq. Məhəbbət.”
Moskvada tanınmış azərbaycanlı rəssamın
fərdi sərgisi
Moskva
Şəhər Muzeyində tanınmış azərbaycanlı
sənətkar, Rusiyanın Əməkdar rəssamı Əsgər
Məmmədovun “Sülh. Dostluq. Məhəbbət.” devizi
altında fərdi yaradıcılıq sərgisi
açılıb.
Açılış mərasimində
Azərbaycanın Rusiyadakı səfirliyinin, Azərbaycan
diasporunun nümayəndələri, Rusiyanın incəsənət
xadimləri sərgi münasibətilə rəssamı təbrik
edərək onun Azərbaycan mədəniyyətinin təbliğində,
xalqlarımız arasında əlaqələrin möhkəmlənməsində
xidmətini vurğulayıblar. Sərgidə rəssamın
son vaxtlar yağlı boya ilə, akvarellə, qrafik üslubda
yaratdığı mənzərələr, natürmortlar,
portretlər nümayiş etdirilir.
Moskva Şəhər
Dumasının Mədəniyyət komitəsinin sədri
Yevgeni Gerasimov Tahir Salahov, Əsgər Məmmədov kimi
görkəmli azərbaycanlı rəssamlarla dostluğu ilə
fəxr etdiyini söyləyib. Mərasimdə Rusiya Rəssamlar
İttifaqının və Beynəlxalq Rəssamlıq
Federasiyasının vitse-prezidenti Pyotr Çipsiyev rəssamlıq
sənətinin inkişafındakı xidmətlərinə
görə Əsgər Məmmədova gümüş medal təqdim
edib.
“Şəhriyar” ədəbi-ictimai məclisinin katibi, şair Sultan Mərzili Əsgər Məmmədovun dahi Üzeyir Hacıbəylini, görkəmli musiqiçilər Bülbülü, Rəşid Behbudovu və digər istedadlı şəxsiyyətləri yetirən Qarabağda doğulduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, rəssamın əsərlərinin böyük hissəsinin məhv olmasına baxmayaraq, o, Səməndər quşu kimi yenə özündə güc tapa bilib. Ə.Məmmədovun parlaq koloritlə işlənmiş natürmort və mənzərələrində təbiilik və gözəllik dərin məna kəsb edir. Rəssam Qarabağ dərdini “Xocalı harayı”, “Xarı bülbül”, “Cıdır düzündə” və başqa rəsmlərdə əks etdirib. Bu rəsmlərdə dərdlə yanaşı, işıqlı bir nikbinlik, qələbə ümidi də var.
Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirən Ə.Məmmədov,
rəssamlıqdan əlavə, cizgi filmi üzrə professional
kinorejissordur. O, indiyədək
15-dən çox cizgi filmi çəkib. Rəssam tar, saz. Tütək
kimi musiqi alətlərində də bacarıqla ifa edir.
Mədəniyyət.-
2011.- 25 may.- S. 10.