Azərbaycan
turizmində Niderland təcrübəsi
“Zanbaqlar ölkəsi”ndən mütəxəssis
layihə çərçivəsində ölkəmizdə
səfərdədir
Azərbaycanın turizm
sektorunda «Turizm ili» ilə bağlı
müxtəlif layihələr həyata keçirilir.
Bu istiqamətdə
növbəti layihəni ölkənin qabaqcıl turizm təşkilatlarından
«Millennium-Tourism» şirkəti
reallaşdırır.
Şirkətin direktoru Ruslan Quliyevin qəzetimizə verdiyi məlumata görə, Niderland hökumətinin proqramı əsasında həyata keçirilən layihə çərçivəsində 2 həftə əvvəl bu ölkədən turizm idarəçiliyi sahəsində təcrübəli mütəxəssis Eric Walrawen «Millennium»a dəvət edilib: «Bu layihəni uzun illərdir ki, Niderland hökuməti həyata keçirir. Layihə çərçivəsində Niderlandda və Avropanın bir çox ölkələrində müxtəlif sahələrdə çalışan insanlar təqaüdə çıxdıqdan sonra öz təmənnasız xidmətlərini digər ölkələrə təklif edirlər. Buraya bank sektoru, ticarət, turizm və s. sahələrdə uzun müddət çalışmış insanlar aiddir. Ehtiyacı olan ölkələr bu insanları 1 həftədən 1 ay müddətinədək işləməyə dəvət edə bilərlər».
Bu təcrübəni artıq dördüncü dəfədir ki, tətbiq etdiklərini deyən R.Quliyev bildirdi ki, indiyə qədər «Relax» istirahət mərkəzi, Şamaxıdakı hotellərdən biri, iki dəfə də «Millennium» şirkəti müxtəlif istiqamətlər üzrə niderlandlı mütəxəssislərdən istifadə ediblər: «Dəvət edilən mütəxəssisin viza və yol xərcini Niderland hökuməti ödəyir. Biz burada qalacağı müddətdə onları nəqliyyat, qidalanma və yaşayış yeri ilə təmin edirik. Dəvət edilmiş mütəxəssis şirkətdə olduğu müddətdə onun mövcud vəziyyətini analiz edir, bütün işçilərlə fərdi söhbətlər aparır və sonda səmərələşdirici təkliflərdən ibarət bir menecment planı hazırlayır.
Eric Walrawen uzun müddət «Van Donçen Travel Agecu» turizm şirkətlər qrupunda direktor işləyib və menecment təcrübəsini də orada qazanıb. Həmin şirkət Avropanın bütün ölkələrinə səyahət təşkil edir”.
Həmsöhbətimiz bildirdi ki, niderlandlı mütəxəssisin «Millennium»un idarəçilik sisteminə dair bəzi iradları da olub: «Bizə iradı o oldu ki, çox işləri rəhbərlik öz üzərinə götürür. Bizim şirkətdə xarici, daxili turizm, bilet satışı da daxil olmaqla, bir neçə departament yaradılmasını təklif etdi. Planda digər sahələr üzrə koordinasiyalar da nəzərdə tutulub. Buraya nəqliyyat, sığorta, reklam departamentləri aiddir. Bir sıra maliyyə analizlərini təhlil etdi. Bu bizim üçün çox yaxşı bir nümunə oldu. Layihənin davamı kimi bizim işçilərin Niderlandda təcrübə keçməsi nəzərdə tutulur”.
R.Quliyevin fikrincə, belə layihələri digər hotellər və turizm şirkətləri də tətbiq etməlidirlər. Amma bir şərtlə: «Avropa standartlarını qəbul etmək bizim işimizə ancaq müsbət təsir edər. Bunu da yerli faktorları və milli xüsusiyyətləri nəzərə almaqla etmək lazımdır. Yəni hər hansı ölkənin layihəsini eynilə Azərbaycana tətbiq etmək olmaz».
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 25 may.- S. 9.