Azərbaycan
kinosu Kann festivalında
Xəbər verdiyimiz kimi, mayın 11-dən 22-dək keçirilən 64-cü Beynəlxalq Kann kinofestivalında, bir çox ölkələrin pavilyonları ilə yanaşı, ilk dəfə olaraq Azərbaycan pavilyonu da təşkil edilib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdə olub.
Azərbaycan
kinosu pavilyonunun rəsmi təqdimatı mayın 14-də
keçirilib. Festival
qonaqlarının iştirakı ilə “Filmland of Azerbaijan”
multimedia kino bələdçisi təqdim olunub. Milli kinomuzun
tarixinə həsr olunmuş “Dövlət Film Fondu təqdim
edir” sənədli filmi tamaşaçılar tərəfindən
maraqla qarşılanıb. Azərbaycan kinosu pavilyonu
tanınmış kino şirkətləri, ayrı-ayrı
rejissor və prodüserlərlə işgüzar münasibətlər
qurmaq, başqa ölkələrin uğurlu əsərləri
ilə
Nümayəndə heyətinin
üzvü, Mədəniyyət və Turizm Nazirliyinin
Kinematoqrafiya şöbəsinin müdir müavini
Müşfiq Hətəmov Azərbaycanın Kann
kinofestivalında yüksək səviyyədə təmsil
olunduğunu qeyd etdi: “Festival günlərində xarici
kinematoqrafçılara ölkəmizin kino çəkilişləri
aparmaq üçün gözəl təbiətİ və
tarixi yerləri, kino sahəsində çalışan
dövlət və müstəqil prodüser mərkəzləri,
onların göstərdikləri xidmətlər, son illərdə
çəkilmiş filmlərimiz barəsində məlumatlar
təqdim olundu. Son illər dövlət sifarişi ilə
çəkilmiş “Sahə”, “Aktrisa”, “İlahi məxluq”,
“Hökmdarın taleyi”, “Qırxıncı qapı” bədii
filmlərini, “Salnamə” və “Yaddaş” studiyalarının
sənədli filmlərini təqdim etdik. Sonrakı günlərdə
bir çox nüfuzlu kino xadimləri, prodüser mərkəzlərinin
nümayəndələri ilə görüşlər
keçirdik. Həmin görüşlərdə Azərbaycan
haqqında məlumatlar verdik, müştərək filmlərin
çəkilməsi imkanlarını müzakirə etdik”.
Azərbaycan nümayəndə heyətinin
tərkibinə daxil olan Dövlət Film Fondunun direktoru, Əməkdar
incəsənət xadimi Cəmil Quliyev də səfər təəssüratını
bizimlə bölüşdü. Azərbaycanın ilk dəfə
belə nüfuzlu beynəlxalq festivalda iştirak etməsinin
sevindirici hal olduğunu vurğuladı: “Ümumiyyətlə,
Kann kinofestivalında 1946-cı ildən etibarən ənənəvi
olaraq ölkələr pavilyonlarını təşkil edir və
bu pavilyonlarda filmlərin satışı təşkil olunur,
ekran əsərləri beynəlxalq festivallara təqdim edilir.
Təbii ki, bu çox vacib prosesdir. Bu il keçmiş sovet
respublikalarından beş ölkə Kann festivalında
iştirak edirdi. Azərbaycanın da pavilyonu ilk dəfə təqdim
olundu. Mayın 11-dən fəaliyyətə başlayan
pavilyonumuz yeni istehsal olunmuş Azərbaycan filmlərinin
plakatlarını və milli kino tariximizi əks etdirən bir
çox maraqlı materiallar qonaqlara təqdim olundu”.
C.Quliyev nüfuzlu kino şirkətləri
və prodüserlərlə keçirilən
görüşlərdə gələcəkdə həyata
keçiriləcək bir çox layihələr haqqında təkliflərin
səsləndiyini dedi: “Pavilyonun fəaliyyəti müddətində
müxtəlif ölkələrin kino xadimləri, fransalı
prodüserlərlə maraqlı görüşlər
keçirildi. Eyni zamanda, “Azərbaycanfilm”
kinostudiyasının yenidən qurulması ilə bağlı
mütəxəssislərlə görüşdük. Səfər
gedişində Azərbaycanın nümayəndə heyəti
Parisdə Beynəlxalq Lumyer Kino Məktəbinin pedaqoji heyəti
ilə də görüşdü. Paris Texnologiya Kollecinin heyəti
ilə görüşümüz oldu. Yəqin ki, gələcəkdə
ixtisaslı kadrlar hazırlamaq üçün
qarşılıqlı əlaqələrimiz yaranacaq. Qeyd edim
ki, Azərbaycan pavilyonunun fəaliyyəti müddətində
Çexiya və Slovakiya nümayəndələri ilə
görüşdük. Gələcəkdə bu ölkələrdə
Azərbaycanın kino günlərinin təşkili nəzərdə
tutulur. Bundan əlavə, Britaniya, ABŞ, Avstriya,
İsveçrə, Estoniya, Ukrayna, Cənubi Koreya, Avstraliya və
s. ölkələrin nümayəndələri ilə
görüşlər keçirildi. Gələcəkdə
onlarla qarşılıqlı müştərək işlərin
keçirilməsi planlaşdırılır”.
Fransada kino sahəsinə maliyyə
dəstəyi göstərən və çox nüfuzlu
dövlət təşkilatı olan Cənub Fondunun nümayəndələri,
eyni zamanda keçmiş sovet filmlərinin nümayişi ilə
məşğul olan görkəmli prodüser Joel Şapron,
Nant və Provans festivallarının direktoru və başqa
qonaqlarla da görüşlər keçirildiyini qeyd edən
C.Quliyev bütün bu görüşlərin Azərbaycan
kinosunun beynəlxalq əlaqələrini daha da genişləndirmək
məqsədi daşıdığını vurğuladı.
Kann festivalında iştirak edən
“Nərimanfilm” prodüser mərkəzinin direktoru Nəriman Məmmədov
səfər təəssüratından danışdı:
“Festival müddətində müxtəlif ölkələrin
kino sahəsində çalışan çoxlu sayda mütəxəssislərlə
görüşlərimiz oldu. Bu mütəxəssislər
sırasında prodüserlər, satış agentləri,
distribüter və digər kino sahələrindən olan
insanlar var idi. Hər bir görüş dünyada Azərbaycana,
Azərbaycan kinematoqrafiyasına böyük marağın
olduğunu göstərirdi. Görüşlərdə
kinematoqrafiyamız üçün aktual olan bir çox məsələlər
müzakirə edildi, maraqlı təkliflər də oldu. “Nərimanfilm”
studiyasının fəaliyyətinə gəlincə, onu deyə
bilərəm ki, festival günlərində rejissor İlqar
Safatın “Sahə” filminin satışı ilə
bağlı danışıqlar aparıldı. Həmçinin
yeni bir tammetrajlı bədii filmin müştərək
istehsal olunması məsələsi barəsində təkliflər
oldu. Səslənən təkliflər öyrənildikdən
və hərtərəfli müzakirə olunduqdan sonra qərarlar
qəbul olunacaq, sazişlər imzalanacaq. Bu istiqamətdə
işlər aparılır və nəticələr tezliklə
üzə çıxacaq”.
Yeganə
Cansail
Mədəniyyət.-
2011.- 25 may.- S. 8.