Teatrın təməli
dramaturgiyadır
“Müasir dövr və
dramaturgiyada yeni düşüncə tərzi” mövzusunda dəyirmi
masadan qeydlər
Mayın 20-də Azərbaycan Teatr
Xadimləri İttifaqında milli dramaturgiya məsələlərinə
həsr olunmuş “Müasir dövr və dramaturgiyada yeni
düşüncə tərzi” mövzusunda dəyirmi masa
keçirildi. Dəyirmi masa maraqlı müzakirələr,
fikir və təkliflərlə yadda qaldı.
Tədbiri Teatr Xadimlər İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemət açdı. Rus tənqidçisi V.Belinskinin “dramaturgiya ədəbiyyatın tacıdır” kəlamını xatırladan natiq müasir dramaturgiyanın problemlərindən söz açdı. Bildirdi ki, başqa ölkələrə nisbətən, bizdə bu sahədə vəziyyət ürəkaçan deyil. Ən böyük narahatlıq doğuran məqam ondan ibarətdir ki, bu sahədə yaşlı və gənc dramaturqlar arasında uçurum yaranıb: “Doğrudur, dram əsərləri ədəbiyyatın çətin janrlarıdır. Lakin unutmamalıyıq ki, teatrın təməli dramaturgiyadır. Dram əsərləri yazılmasa, teatr inkişaf edə bilməz. Təəssüf ki, bəzən gənc yazarlar bu məqamı nəzərə almırlar. Onlar əsasən şeir və nəsr yaradıcılığına üstünlük verirlər”.
O, gənc yazıçıların dramaturgiyaya cəlb olunmasını təşviq etmək üçün milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun (1812-1878) 200 illiyi münasibətilə seminarlar təşkil ediləcəyini, bu seminarlarda tanınmış dramaturqların gənclərə ustad dərsləri keçəcəyini dedi. 2012-ci ilin martınadək ayda bir dəfə keçiriləcək “Axundov dərsləri”nin yekunu olaraq gənclərin yazdıqları ən yaxşı dram əsərləri teatrlardan birinin repertuarına daxil ediləcək.
Eyni zamanda, Azər Paşa Nemət bildirdi ki, Teatr Xadimləri İttifaqı “2+1” adlı festival keçirmək niyyətindədir. Gənclər üçün nəzərdə tutulmuş bu festivalda dram əsərində yalnız iki və ya üç obraz olacaq. Gənclər bu festivalda özlərini sınamaq imkanı qazanacaqlar.
Eksperimental studiyalar gənc
yazıçıları teatra cəlb edə bilər
Tanınmış ssenarist və dramaturq, Əməkdar incəsənət xadimi Ramiz Fətəliyev də gənc yazarların dramaturgiyaya meylinin azaldığını qeyd edərək milli teatr aləmində yaradıcılıq proseslərini fəallaşdırmağın, müxtəlif yaş qrupunda olan dramaturqlar arasında dialoqun yaradılmasının vacibliyini diqqətə çatdırdı. Qeyd etdi ki, sonu faciə ilə bitən elə tamaşalar var ki, o tamaşaya baxandan sonra yaşamaq istəyirsən, həyatın təzə rənglərini duyursan, amma bəzi tamaşalarımız var ki, adam tamaşaya baxandan sonra bir daha teatra gəlmək istəmir: “Səbəbi dramaturgiyanın keyfiyyətindədir. Mənə elə gəlir ki, hər bir peşəkar dramaturqun içində mütləq tamaşaçı yaşamalıdır”.
Yazıçı İlqar Fəhmi çıxışında bildirdi ki, bu gün eksperimental studiyalar fəaliyyət göstərmir. Bu da gənclərin dramaturgiya sahəsinə gəlməsinə mane olur. Gənc qələm sahibi kiçik teatrlarda yetişməlidir. Kiçik teatr gənc dramaturqa meydan açır, ona etibar edir, o da içindəki qorxunu dəf edir və elə o studiyada öz yaşıdı olan rejissorla tamaşa hazırlayır. “Yaradıcı insan teatrı hiss eləmək üçün gərək teatrın içində olsun” deyən yazıçı istedadlı gənclərin bu sahəyə yönəltməyin vacibliyini qeyd etdi.
Teatrın ilk kərpici -
dramaturgiya yoxdursa...
Tanınmış
teatrşünas, sənətşünaslıq doktoru, professor
Məryəm Əlizadə müasir teatrın vəziyyəti
barədə fikirlərini bölüşdü. Qeyd etdi ki, bu
gün teatrlarımız yeni dirçəliş
dövrünü yaşayır. Teatrlara mütləq yeni
dramaturqlar cəlb olunmalı, yeni tamaşalar səhnəyə
qoyulmalıdır. Teatr üçün birinci kərpic
dramaturgiyadır. M.Əlizadə təklif etdi ki, Teatr Xadimləri
İttifaqında Milli Akademik Dram Teatrı ilə birlikdə mərkəz
yaradılsın, yeni pyeslər yazılsın və bu pyeslərə
ekspertlər, tənqidçilər rəy versinlər. Bu yolla
dramaturgiya sahəsini dirçəltmək olar: “Azərbaycan
teatrından yeni düşüncəni tələb edirik. Tələbimiz
yönəlir rejissora, bir də aktyora. Dramaturgiya təməldirsə,
birinci dramaturq olmalıdır”.
Yazıçı-dramaturq
Elçin Hüseynbəyli bu gün dünyanın hər
yerində oxucu və tamaşaçı probleminin olduğunu
xatırlatdı. Teatr-rejissor-dramaturq münasibətlərindən
danışan yazıçı dramaturgiyamızın zəif
olmadığını bildirdi. O, rejissorların xarici
dramaturqların yaradıcılığına yerli-yersiz
müraciət edərək bəlli klassik əsərlərin
təkrar-təkrar səhnəyə gətirilməsini
düzgün hesab etmədiyini bildirdi: “Ola bilməz ki, nəsri
güclü olan, dramaturgiyanı bilən, estetik zövqü
olan bir yazıçı zəif pyes ortaya qoysun.
Düşünürəm ki, nə zaman ki, teatr, dramaturq,
rejissor - bu üçlük bir-birinə etimad göstərəcək,
o zaman teatrın problemləri də azalacaq”.
“Teatr
ölməyəcək, çünki canlı sənətdir”
Yazıçı Afaq Məsud hələ
də teatrın insanları öz cazibəsində
saxladığını bildirdi: “Bu gün bizim həyatımız
o qədər pasterizə olunub, o qədər sintetikləşib
ki, teatr bütün bunların içində asfaltın
ortasında bitən gülə bənzəyir. Teatr canlı
bir sənətdir. O heç vaxt ölməyəcək”.
Yazıçı teatrı cəmiyyətin, mədəni həyatın
aparıcı qüvvəsinə çevirmək
üçün, ilk növbədə
tamaşaçıların yetişdirilməsinin vacibliyini
vurğuladı. Bildirdi ki, səhnədəki aktyorlar
alqış və tamaşaçı sevgisi istəyirlər,
bunu onlardan əsirgəməmək üçün yollar
axtarmaq lazımdır.
Tanınmış
yazıçı-dramaturq Əli Əmirli bu gün
teatrlarımızda dramaturqdan çox, rejissor problemi
olduğunu xatırlatdı. O, bu gün insanları
düşündürən maraqlı pyeslərin
yazıldığını dedi: “Əgər rejissor materialdan
qıtlıq çəkib şikayətlənirsə, demək
o yaxşı rejissor deyil. Söhbətin əsas mahiyyəti
bundan ibarətdir ki, yeni dramaturgiya, yeni söz, şübhəsiz
ki, lazımdır. Amma həmin yeni söz mütləq
maraqlı olmalıdır. Hər şey tamaşaçıya
hesablanmalıdır. Tamaşaçının rəyini qəbul
etməmək olmaz. Biz tamaşanı tamaşaçı
üçün hazırlayırıq”.
Ə.Əmirli də gənc
dramaturqların teatra cəlb olunması məsələsinə
münasibətini bildirdi: “Fikrimcə, dramaturgiya sahəsinə
iki yolla - 15-16 yaşında Cəfər Cabbarlı kimi
dramaturq doğulanlar, bir də 35-40 yaşından sonra ədəbiyyata,
həyata müəyyən qədər bələd olan qələm
sahibləri gəlirlər”.
Tənqidçi Əsəd Cahangir
tək bizdə deyil, dünya ədəbiyyatında
dramaturgiyanın zəifləməsinin səbəblərini
şərh edərək bunun yaşadığımız
posdramatik dövrün fəlsəfəsi ilə bağlı
olduğunu dedi. Bildirdi ki, bu gün təkqütblü
dünya mövcuddur, konflikt yoxdur deyə, dünyanın dramatik
ruhu da zəifləyib. Əsəd Cahangir bu gün Azərbaycan
dramaturgiyasında bəlkə də heç vaxt
olmadığı qədər yeniləşmə prosesi
olduğunu, ənənəvi dramaturgiyadan yeni dramaturgiyaya
keçid dövrünün yaşandığını qeyd
etdi.
“Sınan körpülər bərpa olunmalıdır”
Tanınmış
teatrşünas, sənətşünaslıq doktoru, professor
İlham Rəhimli Azərbaycanda kifayət qədər
dramaturq, rejissor, aktyor olduğunu, sadəcə bu
üçlüyün müştərək işləmək
vərdişi olmadığını bildirdi.
İlham Rəhimli qeyd etdi ki, bu
gün nəsillər arasında - gənc dramaturqlarla
yaşlı nəsil arasında sınan körpüləri bərpa
etmək vacibdir.
“Azərbaycan
teatrının çox böyük ənənəsi var”
Sonda Mədəniyyət və
Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və
informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli
mövzu ətrafında fikirlərini bölüşdü, təkliflərini
bildirdi:
- Mirzə Fətəli Axundovun, Cəfər
Cabbarlının, Hüseyn Cavidin dramaturgiyası olan ölkədə
heç vaxtı teatrın yoxluğundan danışmaq olmaz.
Azərbaycan teatrının çox böyük ənənəsi
var. Burada söhbət ondan getmir ki, teatrımız zəifdir,
ya güclüdür. Bizim arzumuz, istəyimiz bundan ibarətdir
ki, dramaturgiyamıza yeni forma, yeni məzmun, yeni ideyalı əsərlər
gəlsin. Bu gün bizim yaratdığımız dramaturgiya
ona görə oxucunun, tamaşaçının istədiyi səviyyədə
deyil ki, onlarla müqayisədə dünya ədəbiyyatında
kifayət qədər parlaq nümunələr var. Bu gün
elə bir əsər yaranmalıdır ki, səhnədə
möcüzə yaratsın, tamaşaçı o əsərdən
doymasın”.
Vaqif Bəhmənli bu prosesə
kömək etmək üçün Mədəniyyət və
Turizm Nazirliyinin Teatr Xadimləri İttifaqı ilə birgə
addımlar atmasının zəruriliyini qeyd etdi. Təklif etdi
ki, hər teatra bir və ya iki dramaturq ştatı
ayrılsın ki, tanınmış dramaturqlar gəncləri
teatra cəlb etsinlər. Bundan əlavə, Teatr Xadimləri
İttifaqında gənc dramaturqlar məktəbinin
yaradılmasını, hər il dramaturgiya sahəsi üzrə
müsabiqənin keçirilməsini, üç aydan bir
dramaturqlarla rejissorların bu məkanda
görüşünün təşkil edilməsini,
yazılan əsərlərin Teatr Xadimləri
İttifaqında oxunub teatrlara təklif olunmasını və
gənc dramaturqların dünyanın ali dramaturgiya
kurslarına göndərilməsinin vacibliyini qeyd etdi, bu təkliflərin
reallaşması üçün Mədəniyyət və
Turizm Nazirliyinin öz dəstəyini əsirgəməyəcəyini
bildirdi.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 25 may.- S. 7.