Nato Murvanidze: “Qastrol mədəni mübadilə, təbliğat və inkişaf deməkdir”

 

   Gürcüstan Dövlət Akademik Dram Teatrının Bakıya gətirdiyi səhnə əsərlərindən biri yapon rejissoru, aktyor və ssenarist Koki Mitaninin “Gülüş akademiyası” ssenarisi əsasında hazırlanmış “Moruq” tamaşası (rejissor Levan Tsuladze) idi. Tamaşada baş rolu (senzor Neo) aktrisa Nato Murvanidze oynayırdı. Onunla qısa söhbət əsnasında iki ölkə teatrları arasında əməkdaşlıq, teatrın problemləri, teatr-tamaşaçı münasibətləri barədə fikirlərini öyrəndik.

  

   - Azərbaycan və Gürcüstan teatrları arasında əməkdaşlıq layihəsini necə qiymətləndirirsiniz?

   - İstənilən mədəniyyət əlaqələri incəsənəti zənginləşdirir. Eyni zamanda, mədəni əlaqələr iki ölkənin dostluğunu da ifadə edir. Ona görə bu cür layihələr həm teatra, həm də ümumilikdə mədəniyyətimizə böyük töhfə verəcək. 34 ildir ki, teatrımız Bakıda qastrolda olmayıb. Qastrol isə mədəni mübadilə, təbliğat və inkişaf deməkdir. Bu cür əlaqələr teatrın inkişafına xidmət edir. Digər ölkə rejissorlarıyla, aktyorlarla ünsiyyət yenilik deməkdir.

   - Bizim teatrı necə gördünüz? Tamaşa zamanı çətinliyiniz oldumu?

   - Mən SSRİ dağıldıqdan sonra aktrisalığa başlamışam. Ona görə də postsovet ölkələrinin teatrları haqda məlumatım azdır. Sizin teatrlar haqda elə bir məlumatım olmasa da, Akademik Milli Dram Teatrınız çox xoşuma gəldi. Həm texniki, həm də yaradıcı cəhətdən böyük imkanlarınız var.

   Sizin qonaq qarşılama mədəniyyətinizə isə heyran oldum. Uzun yoldan sonra bizi vağzalda gül-çiçəklə qarşılayan insanlar bizə əsl mədəniyyət nümayiş etdirdilər. Çətinliyimiz sadəcə subtitrlərlə bağlı oldu. Tamaşalar gürcü dilində olduğundan nümayiş rus dilində subtitrlərlə verildi. Buna görə dekorasiyada dəyişiklik etməli olduq. Hətta subtitrləri sadələşdirdik. Ancaq sizin teatrda çox isti münasibət var. Yaradıcı mühitdə bu əsas amillərdəndir.

   - Gürcüstanda teatr-tamaşaçı münasibətləri necədir?

   - Bizim Akademik Dram Teatrının hər tamaşası anşlaqla keçir. Düzdür, ölkəmizin həyatında olduğu kimi, teatrımızın da çox çətin günləri olub. Təbii ki, o zamanlar insanların teatra elə də marağı yox idi. Lakin indi ab-hava dəyişib. Tamaşalarımıza böyük maraq var.

   - Buna səbəb nədir?

   - Səbəb həm idarədə, həm tamaşaların keyfiyyətində, həm də adlı-sanlı rejissorların teatrda çalışmasındadır. Rejissorumuz Levan Tsuladze Gürcüstanda çox məşhurdur. Onun tamaşalarına hər kəs gəlmək istəyir.

   - Azərbaycan tamaşaçısı sizə necə təsir bağışladı?

   - Xarici dildə tamaşa izləmək çətindir. Lakin tamaşaçılar maraqla baxırdılar. Buna görə onlara minnətdaram.

   - Bakıya gətirdiyiniz hər iki tamaşa əcnəbi müəlliflərin əsəridir. “Moruq” yapon müəllifin, “Piqmalion” isə Bernard Şounun əsəri əsasında hazırlanıb. Nə əcəb gürcü ədəbiyyatından nümunə ilə gəlmədiniz?

   - Əslində teatrımızın repertuarında milli əsərlərimiz çoxdur. “Piqmalion” əsərini də mükəmməl səviyyədə milliləşdirmişik və burada əsl gürcü ladları var. Adlar belə dəyişdirilib. Məncə, əsas məsələ səhnədə göstərilənin gürcü xalqının mədəniyyətindən xəbər verməsidir.

   - “Moruq” tamaşasındakı rolunuz haqda nə deyə bilərsiz?

   - Bu rolumu çox sevirəm. Burada cəmi iki aktyor oynayır: mən və tərəf-müqabilim istedadlı aktyor Nika Kuçava (Tsubaki). Onu da deyim ki, tamaşanı cəmi 23 günə hazırlamışıq. Premyera yanvarda olub. Tamaşaya kənardan baxıb qiymət vermək mənim üçün çətindir, ancaq içimdəki hiss və roluma olan sevgim mənə tamaşanın uğurlu alınmasını deyir.

   - Sizcə, teatrın inkişafı üçün ilk növbədə nə lazımdır?

   - Teatrın inkişafı üçün ilk növbədə maliyyə dəstəyi gərəkdir. Teatrda çətinliklər ola bilər, lakin bu, teatr üçün problemə çevrilməməli, onu inkişafdan saxlamamalıdır. Təbii ki, gözəl səhnə əsəri yaratmaq üçün həm də yaradıcılıq sərbəstliyi lazımdır.

  

 

   Reyhan İsayeva

 

   Mədəniyyət.- 2011.- 25 may.- S. 6.