“Qeyri-adi məhkəmə”yə ictimai baxış
Mayın
20-də H.Sarabski adına mədəniyyət evində
Bakı Uşaq Teatrının təqdimatında Arzu
Soltanın “Heç kəsə zəmanət verilmir” pyesi əsasında
“Qeyri-adi məhkəmə” tamaşasına ictimai baxış
keçirildi.
Tamaşa Uşaq Teatrında
hazırlansa da, əslində böyüklər
üçün hazırlanıb. Səhnə əsəri Ədliyyə
Nazirliyinin sifarişi ilə hazırlanıb və
QİÇS xəstəliyi ilə bağlı maarifləndirici
xarakter daşıyır. İnteraktiv üslubda -
seminar-tamaşa janrında hazırlanan səhnə əsərinin
rejissoru teatrın direktoru İntiqam Soltandır.
Tamaşada bəşəriyyətin
bəlası olan narkotik (aktyor Cavanşir Məhərrəmov),
QİÇS (Günel Həmidova) və alkoqolun (Niyaz
Qasımov) məhkəməsi təsvir olunub. Məhkəmədə
hər üç mənfi “qəhrəman” öz əməllərindən,
nə qədər insanı məhv etdiklərindən söz
açırlar. Məhkəmədə təkcə onlar deyil,
bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin
müxtəlif təbəqələrindən olan üzvləri
də zərərçəkmiş və şahid qismində
dindirilir. Məlum olur ki, onlardan kimisi stomatoloqda müayinə
keçən zaman, kimisi də dərdini unutmaq
üçün ilk və son dəfə narkotikdən istifadə
edərkən bu xəstəliyə yoluxub. Nəticə isə
hamı üçün birdir. QİÇS-ə yoluxan hər
bir kəs ömürlük zülmə və tənhalığa
məhkumdur. Yoluxduqları xəstəlikdən xəbər
tutanlar dərhal onlardan uzaqlaşırlar və beləliklə,
QİÇS daşıyıcıları qalan ömürlərini
tənhalıqda yaşamalıdırlar.
Tamaşa boyu ittiham olunanlar
günahlarını etiraf etməsələr də, məhkəmə
onlarla bağlı qərar çıxarır. Alkoqol,
narkomaniya və QİÇS ömürlük nifrətə məhkum
olunurlar.
Tamaşada digər rolları Xalq
artisti Ağaxan Salmanlı, Əməkdar artist Vidadi Əliyev,
aktyorlar İlhamə Əhmədova, Ruslan Mürsəlov, Rauf
Hüseynov, Könül Şahbazova ifa edirlər. Səhnə
əsərinin rejissoru İ.Soltan da tamaşada rol alıb.
Rejissor bizimlə söhbətində bildirdi ki, “Qeyri-adi məhkəmə”
tamaşası onların bu səpkili ikinci layihəsidir:
“2007-ci ildə narkomaniya və QİÇS-ə həsr
olunmuş «Xaşxaşın göz yaşı» adlı
tamaşa hazırlamışıq. Ədliyyə Nazirliyi ilə
Beynəlxalq Qızıl Xaç Komitəsinin sifariş
verdiyi tamaşa məktəblərdə, cəzaçəkmə
müəssisələrində nümayiş olundu.
«Qeyri-adi məhkəmə» isə
QİÇS xəstəliyinin xüsusən cəzaçəkmə
müəssisələrində yayılmasının
qarşısını almaq məqsədilə hazırlanan
maarifləndirmə xarakterli tamaşadır. Hesab edirəm ki,
bu qorxunc bəlalarının gənclər arasında
yaranmasının qarşısını almaq, ailələrdə
yaratdığı problemləri diqqətə
çatdırmaq üçün teatr tamaşası
uğurlu təsir vasitəsidir.
Gülər
Mədəniyyət.-
2011.- 25 may.- S. 6.