Uşaq Musiqi Məktəbi orkestrinin konserti
Mayın 20-də Dövlət
Filarmoniyasında Xırdalan Şəhər Uşaq Musiqi Məktəbi
xalq çalğı alətləri orkestrinin konserti
keçirildi. Azərbaycan dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan konsertdən əvvəl
çıxış edən məktəbin direktoru İkram
Manafov son illər mədəniyyət sahəsində həyata
keçirilən dövlət siyasəti nəticəsində
yeni-yeni nailiyyətlər əldə olunduğunu, milli
musiqimizin, mədəniyyətimizin beynəlxalq səviyyədə
uğurla təbliğ olunduğunu bildirdi. Xırdalan Şəhər
Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında bir
neçə maraqlı konsert proqramlarının təşkil
olunduğunu vurğulayan direktor məktəbin xalq
çalğı alətləri orkestrinin konsertinin də
iştirakçılarda maraq yaradacağına
inandığını dedi.
Sonra konsert proqramı təqdim olundu. Bədii
rəhbər və dirijoru İkram Manafov olan konsertdə
Qara Qarayevin “Marş”, Səid Rüstəmovun “Qurban adına”, “Alagöz”, Hacı Xanməmmədovun
“Aldatmayaq bir-birimizi”, Emin Sabitoğlunun “Azərbaycan” mahnıları,
“Heyratı” ritmik muğamı, “Azərbaycan
ritmləri” təqdim olundu. Məktəbli solistlərdən Sənan
Babazadə, Ülviyyə
Həbibova, Rəşid
Saidov, Sədəf Budaqova, Fəxrim İsmayılov, Dəmir Dəmirov, Vəli Vəlizadə, Nicat Ağayev, Valeh Vəlizadə, Zahid Dostiyev, Asif Məmmədlinin çıxışları
iştirakçılar tərəfindən
dəfələrlə alqışlarla
qarşılandı.
Ceyhun
Mədəniyyət.-
2011.- 25 may.- S. 5.