«Biz teatrı sevirik»

 

   Gənc Tamaşaçılar Teatrında «Biz teatrı sevirik» adlı tədbir keçirilib. Öncə çıxış edən teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tədbirin mahiyyəti barədə məlumat verib: “Bir neçə ay öncə Gənc Tamaşaçılar Teatrında Azərbaycan İctimai-Siyasi Universiteti ilə birgə «Teatr, təhsil mənəviyyatımız» layihəsi gerçəkləşmişdi. Layihənin məqsədi teatra geniş tamaşaçı kütləsinin marağını artırmaq və gənc nəsli teatr müəssisələrinə cəlb etmək idi. Layihənin müsbət nəticəsi kimi bu gün teatrımızda nümayiş etdirilən tamaşalar geniş izləyici auditoriyasının maraq dairəsini əhatə edir. «Biz teatrı sevirik» adlı tədbirin əsas məqsədi də gənc nəslin mənəvi cəhətdən kamilləşməsi, onların dünyagörüşünün formalaşmasıdır. İnanırıq ki, bu layihənin uğurlu nəticələri tezliklə bəhrəsini verəcək”.

   M.Həmidov teatrdakı yaradıcılıq fəaliyyəti barədə də söz açıb.

   Çıxışlardan sonra Xalq şairi Rəsul Rzanın «Ana qaz» əsəri əsasında hazırlanmış tamaşa nümayiş olunub. Xeyirxahlığı, mehribanlığı, qayğını təcəssüm etdirən tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Fəxrəddin Dünyamalıyevdir. Rolları N.Kazımov, K.Hüseynova, S.Mehrəliyeva, E.Hüseynov və başqaları ifa edirlər.

 

 

   Gülər

 

    Mədəniyyət.- 2011.- 25 may.- S. 7.