Milli ruhlu rəssam

 

   O, Azərbaycan təsviri sənət tarixində öz bədii dəst-xətti olan və yaradıcılıq dünyası ilə fərqlənən rəssamlarımızdan olub. Yaratdığı tablolarda doğma vətənimizin təkraredilməz gözəllikləri, istedadlı yaradıcı insanların bədii surətləri canlanıb.

  

   Asəf Əli İskəndər oğlu Cəfərov (1927-2000) Bakıda, İçərişəhərdə doğulub, boya-başa çatıb. Rəssam peşəsinə meyllənməsinə də İçərişəhərin əsrarəngiz panoramı az təsir göstərməyib. Sənətin incəliklərinə əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1945-1950), sonra isə B.İ.Surikov adına Rəssamlıq İnstitutunda (1951-1957) yiyələnib. Moskvada təhsil aldığı illərdə özünün istedadı ilə müəllimlərinin diqqətini cəlb edib. Diplom işini yaratmaq üçün 1957-ci ildə Hindistan və Pakistana ezamiyyətə göndərilir. Bu ezamiyyət gənc rəssam üçün yaradıcılıq imkanlarını genişləndirmək istiqamətində ələdüşməz bir fürsət idi. Sonralar bu fürsətin rəssamın yaradıcılıq dünyasının formalaşmasında xüsusi rolu onun sənət palitrasında özünü büruzə verəcəkdi.

   A.Cəfərov yaradıcılığı boyu daim özünün daxili sənət meyarlarına sadiq qalaraq tematik tablo, portret, mənzərə və natürmort janrlarında kompozisiya, kolorit və işlənilmə üslubu ilə fərqlənən əsərlər qalereyası yaradıb. Əsərləri ölkəmizdə və dünyanın bir çox muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

   A.Cəfərov yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi mövzunun özünəməxsus bədii şərhini, kompozisiya quruluşunda və kolorit həllində dekorativliyə meylliliyi, milli motivlərə üstünlük verməsini qeyd etmək olar. Rəssamın yaradıcılığının ideya qayəsini romantizm, lirika təşkil edir. Bədii estetik təsir yükünə malik süjetli tablolar yaradıb. Buna misal olaraq “Tarlada”, “Dəniz kənarında”, “Görüş”, “Mənim Azərbaycanım”, “Musiqiçilər” və başqalarını qeyd etmək olar.

   Rəssamın “Mənim Azərbaycanım” əsəri ilk gündən sənətşünasların diqqətini cəlb edib. Əsər məna və məzmun yükünə, koloriti və bədii təsir qüvvəsinə görə olduqca diqqətçəkicidir. Kompozisiyada rəssam dairəvi masanın ətrafında milli geyimli kişi və qadınları əllərində xonçalarla dolu məhsullar tutmuş vəziyyətdə təsvir edib. Masanın üzərində bərəkətli torpağımızın yetirdiyi ləziz nemətlər ağ örtüklü mizin fonunda ustalıqla əks olunub. Əsərin ideya qayəsi və bədii estetik mahiyyəti “birlik”, “bütövlük”, “bolluq”, “bərəkət” və s. bu kimi ictimai əhəmiyyətli mənanı özündə ehtiva edir.

   Rəssamın yaradıcılığında milli çalarlar, folklor əhval-ruhiyyəsi və ənənəvi məzmunlu mövzular üstünlük təşkil edir. “Musiqiçilər” əsərində milli musiqi alətinin ifaçıları, “Qoca” əsərində bardaş qurub oturmuş, müştüyündə papirosunu tüstülədə-tüstülədə səbət toxuyan kişinin obrazı kətanda canlandırılıb.

   A.Cəfərov həm də bir çox portretlərin müəllifidir. Buna misal olaraq onun “Ə.Vahid”, “V.Mustafazadə”, “S.Bəhlulzadə” və s. portretlərini göstərmək olar. Bu portretlərin hər birinə zəngin kolorit həlli, təkrarsız işlənilmə metodu və bədii ifadəlilik xüsusiyyətləri xasdır. Sol əli ilə başını “qucaqlayan” və sağ əlini çənəsinə söykəmiş virtuoz pianoçu V.Mustafazadənin ifadəli çöhrəsi daxili ekspressiyası ilə seyrçini təsirləndirir.

   Rəssamın mənzərələrində doğma diyarımızın təbiəti - yaşıl meşələri, səfalı guşələri, Xəzərin füsunkar görüntüləri lirik qəlbli kövrək rəssam fırçası ilə kətana köçürülüb. A.Cəfərov bölgələrimizə yaradıcılıq ezamiyyətlərindən sonra maraqlı əsərlər yaradıb. “Bakıda qar”, “Qaş-Qaş”, “Xəzər dənizi” adlı mənzərələri rəssamın belə əsərlərindəndir.

   A.Cəfərov yaradıcılıq ezamiyyətlərində olduğu xarici ölkələrdə (İtaliya, Avstriya, Almaniya və s.) də yeni ruhlu tablolar yaradıb. Rəssam bir çox beynəlxalq sərgilərin iştirakçısı olub, Avstriyada “Dünya Təsviri Sənət Sərgisi”ndə (1980) “Qran Pri” mükafatını qazanıb.

   Rəssamın incəsənətimizin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib, Xalq rəssamı fəxri adına layiq görülüb. 80 illik yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən sərgisi təşkil olunub, əsərlərinin nəfis tərtibatlı kataloqu çap edilib. Doğma vətənin gözəlliklərini rənglərin dili ilə kətanda ifadə etməkdən doymayan rəssamın əsərləri hər zaman tamaşaçıda xoş hislər və heyranlıq oyadacaqdır.

  

 

   Əsəd Quliyev,

   sənətşünas, Rəssamlar

   İttifaqının üzvü

 

  Mədəniyyət.- 2011.- 27 may.- S. 15.