“Salnamə”də
sənədli filmlərlə yanaşı, bədii ekran əsərləri
də çəkilir
Bu il
“Salnamə” kinostudiyasında beş film istehsalata
buraxılıb. Rejissor Tahir Əliyevin çəkdiyi “Medo”
filmi II Dünya müharibəsinin iştirakçısı,
1942-ci ildə Ukraynada döyüşlərdə əsir
düşən, sonradan Niderland antifaşist müqavimət hərəkatına
qoşularaq qəhrəmanlıqlar göstərən həmyerlimiz
Məmməd Məmmədov haqqındadır.
M.Məmmədova “Medo” ləqəbini
də antifaşist müqavimət hərəkatında veriblər.
Film barədə danışan rejissor bildirdi ki,
ömrünün qalan hissəsini Niderlandda yaşayan Məmməd
Məmmədov bu ölkənin ən yüksək “Oranc-Nassau
Kral ailəsinin cəngavəri” ordeni, “Müqavimət
döyüşçüsü” və “Sədaqətli xidmət”
medalları ilə təltif edilib, Ostervejk şəhərinin
fəxri vətəndaşı olub. Bu şəhərdə
hamı onu ehtiramla “Medo” kimi xatırlayır. 2003-cü ildə
80 yaşında vəfat edib.
Filmin ssenari müəllifləri
Tahir Əliyev və Elxan Əsgərov, operatoru Elxan Rüstəmovdur.
Filmin bəzi çəkilişləri Niderlandda
aparılıb, digər qismi isə iyulda Zaqatalada gerçəkləşəcək.
Həmin vaxt M.Məmmədovun ailəsi də Azərbaycana gələcək.
Hazırda istehsalatda olan digər
ekran əsərləri “Şimalda xəzri küləyi”
(ssenari müəllifi İntiqam Hacılı, rejissor Mahmud Məmmədov),
“15 ispaniyalı Bakıda” (ssenari müəllifi və rejissor
Samuel Sebastian), “Novruz 2011” (ssenari müəllifləri Arzu Məmmədova,
Aleksandr Balaşov, rejissor Ziya Şıxlinski), “Futbol - 100”
(rejissor Arzu Məmmədova) filmləridir.
Bundan əlavə, “Salnamə”
kinostudiyasında “Korrupsiyaya qarşı hamılıqla
mübarizə” (ssenari müəllifi Rəfiqə Məsud,
rejissor Elşən Zeynallı), “Xəzərdən Dunaya”
(ssenari müəllifi Toğrul Vəli, rejissor Tahir Əliyev),
“Çövkən milli oyunu” (ssenari müəllifləri Rafiq
Quliyev, Nadir Bədəlov, rejissor Rafiq Quliyev), “Musiqi və
zaman” (bu yaxınlarda Bakıda keçirilmiş Qara Qarayev
adına IV Beynəlxalq müasir musiqi festivalına həsr
olunmuş filmin ssenari müəllifi Toğrul Cuvarlı,
rejissoru Ziya Şıxlinskidir), 1918-ci ilin mart
qırğınlarından bəhs edən “Qara bayram və
Qara oyunlar” (ssenari müəllifi Nadir Bədəlov, rejissor
Mehriban Ələkbərzadə), “Dünya Mədəniyyətlərarası
Dialoq Forumu” (ssenari müəllifi Yusif Şeyxov, rejissor Ramiz
Hüseynov) sənədli filmləri təhvil verilib.
Rejissor Mariya İbrahimovanın
“Uzunömürlülər” filminin ilkin variantı da hazırdır.
Filmin səsləndirilməsi və montaj işləri
yekunlaşmaq üzrədir. Rejissor Pavlenkonun “Səsin iziylə”
filmi də başa çatmaq üzrədir. Film Sankt-Peterburqun
“Lennauçfilm” studiyası ilə müştərək
istehsal edilir və oktyabradək təhvil verilməlidir.
Yaxın zamanda rejissor Tofiq İsmayılovun “Özüm və
zaman” filmi də təhvil veriləcək. Film bəstəkar Xəyyam
Mirzəzadəyə həsr olunub.
“Salnamə” kinostudiyası sənədli
filmlərlə yanaşı, bədii filmlərin
istehsalatına da başlayıb. Studiyadan verilən məlumata
görə, iki filmin, “Mən evə qayıdıram” və
“Qırmızı bağ” bədii filmlərinin çəkilişləri
davam edir.
Mədəniyyət və Turizm
Nazirliyinin sifarişi ilə hərbi-vətənpərvərlik
mövzusunda çəkilən “Mən evə
qayıdıram” bədii filminin çəkilişlərinə
Xocalı soyqırımının 19-cu ildönümü ilə
bağlı fevralın 26-da start verilib. Müdafiə
Nazirliyinin yardımları ilə ərsəyə gələcək
filmin quruluşçu rejissoru Samir Kərimoğlu, ssenari
müəllifi İsmayıl Səfərəliyev,
icraçı prodüseri Nazim Hüseynov, direktoru Mahir
İbrahimov, quruluşçu operatoru Ayxan Salar (Almaniya),
quruluşçu rəssam Əziz Məmmədovdur.
“Qırmızı bağ” bədii filminin ssenari müəllifi və rejissoru isə Mirbala Səlimlidir. Filmdə hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində cərəyan edir. Orta məktəb müəllimi Abbas istəyir ki, arvadı Vəfa ona nəslinin davamçısı olan bir oğlan uşağı dünyaya gətirsin. Lakin Vəfa həyat yoldaşının bu istəyini yerinə yetirə bilməz. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın çıxması isə hadisələri kökündən dəyişir. Bundan sonra bu üç nəfərin həyatı ölüm və həyat arasında mübarizəyə çevrilir. Hazırda çəkiliş prosesində fasilə edən yaradıcı heyət çəkilişləri payız aylarında Şəkidə davam etdirəcək. Film 2012-ci ildə hazır olmalıdır.
Yeganə
Cansail
Mədəniyyət.- 2011.- 27 may.-
S. 11.