Cizgi filmlərindən sənədli kinoya

 

   Vaqif Behbudov: “Kompyuterlərin olmadığı vaxtlarda multiplikasiya filmləri çəkmək böyük zəhmət tələb edirdi”

  

   Son dövrlər müasir texniki yeniliklər hesabına ekran imkanları olduqca genişlənən multiplikasiyanın kino incəsənətində özünəməxsus yeri var. Təkcə balacaların deyil, böyüklərin də maraqla izlədiyi multiplikasiya filmlərinin çəkilişinin məxsusi özəllikləri, çətinlikləri az deyil.

     

   5-10 dəqiqəlik cizgi filmi belə bütöv bir yaradıcı kollektivin uzun və gərgin əməyi hesabına ərsəyə gəlir. Azərbaycanda animasiya filmlərinin ilk yaradıcısı, Dövlət mükafatı laureatı, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor-operator Vaqif Behbudovla söhbətimiz də bu barədədir.

   - Vaqif müəllim, necə oldu ki, animasiya filmlərinə müraciət etdiniz?

   - Məndə bu sənətə hələ uşaqlıqdan böyük maraq olub. Yoldaşlarımla səhnə qururdum, kartondan kuklalar kəsib düzəldirdim, boyalarla rəngləyirdim. Uşaqlar da yığılıb baxırdılar. Arzum animasiya filmləri ilə məşğul olmaq idi. 1956-cı ildə 190 saylı məktəbi bitirdikdən sonra Mədəniyyət Nazirliyinin göndərişi ilə Sankt-Peterburqda ali kino-televiziya təhsili aldım. 1962-ci ildə Azərbaycan Teleradio Verilişləri Komitəsinin sədri Teymur Elçin mənə böyük yol açdı. Onun qəbulunda oldum, cizgi filmləri çəkmək barədə fikirlərimi bildirdim. O məni səmimi dinlədikdən sonra rəhmətlik kinorejissorumuz Kamil Rüstəmbəyovu da çağırdı. Dedi ki, Vaqifə kömək edin, onun işinə yol açın. 1962-1964-cü illərdə eksperimentlər apardım. O vaxtlar kompyuter yox idi. Kompyuterlərin olmadığı vaxtlarda multiplikasiya filmləri çəkmək isə böyük zəhmət tələb edirdi. Mən rus redaksiyasında “Qlazok” verilişinə, “Gənclik” redaksiyasına verilişlər üçün başlıq düzəldirdim. Beləcə çıxdıq mavi ekrana...

   1964-cü ildə görkəmli kinooperator və rejissor Rasim İsmayılov mənə birgə film çəkməyi təklif etdi. Applikasiya üsulu ilə “Danışan işıqlar” filmini çəkdik. Çəkiliş böyük çətinliklərlə ərsəyə gəldi. Əslində mənim əsas arzum həcmli (kukla) filmləri çəkmək idi. Hər zaman olduğu kimi yenə də rəhbərlik mənə kömək etdi. Mənə icazə verildi ki, biz də həcmli filmlərə keçək. Rəssam Solmaz Musayevanı birgə işləməyə dəvət etdim. 1972-ci ildə “İlham” adlı ilk həcmli filmimizi çəkdik. Mən bu filmdə həm rejissor, həm də operator idim. 1974-cü ildə Daşkənddə Ümumittifaq televiziya filmləri festivalında ən yaxşı rejissor işinə görə mükafat aldım.

   İlk filmlərimiz Moskvanın, Mərkəzi Televiziyanın sifarişi ilə çəkilirdi. Filmlərin Moskvada yaxşı qəbul olunmasından sonra özümə inamım artdı, daha səylə işləməyə başladım. 1980-ci ildə Həsən Seyidbəyli mənə “Sağ ol, dostum” multiplikasiya filmini çəkməyi təklif etdi. 4-5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş filmdə itin yiyəsinə sadiqliyindən bəhs olunur. Film həmin il Yerevanda IX Ümumittifaq televiziya filmləri festivalında nümayiş olundu. Festivalda münsiflər heyətinin sədri, SSRİ Xalq artisti Rolan Bıkov filmi çox bəyəndiyini dedi. Filmə ən yaxşı rejissor işinə görə mükafat verildi.

   Bu illərdə rəssamlar Vaqif Məmmədov və Rauf Dadaşovu birgə işləməyə dəvət etdim. 1992-ci ilə qədər bütün filmləri onlarla birgə işləmişəm.

   - Cizgi filmlərində musiqinin də xüsusi yeri var. Bəstəkarlardan kimlərlə işləmisiniz?

   - Bir çox bəstəkarlarla işləmişəm. Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Ruhəngiz Qasımova, Rəşid Nəsiboğlu, Rafiq Babayev, Ramiz Mirişli kimi bəstəkarların mənim çəkdiyim filmlərdə böyük əməyi olub.

   - Cizgi filmləri çəkərkən hansısa yeniliklər edirdinizmi?

   - Təbii ki, filmdən filmə inkişaf özünü göstərirdi. Bu xüsusda R.İbrahimbəyovun ssenarisi əsasında çəkdiyimiz “Başlanğıc” adlı filmi qeyd etmək istərdim. Filmdə Yer kürəsini iki yerə ayıran çayı qurmaq xüsusilə çətin idi. Nəhayət, film ərsəyə gəldi və 1983-cü ildə Almatıda X Ümumittifaq televiziya filmləri festivalında nümayiş olundu. Filmə iki jüri - həm bədii filmlər, həm də uşaq filmləri jürisi baxdı. Ən yaxşı rejissor işinə görə mükafata layiq görüldüm. Bir də “Sehrli çıraq” filmini qeyd etmək istərdim. Bu filmdə mən 7 sevimli komediya aktyorunu - Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan, Yaşar Nuri, Eldəniz Zeynalov, İlham Namiq Kamal və Arif Quliyevi çəkilişlərə dəvət etdim, onların kukla fiqurlarını hazırlatdırdım. Bu filmin hazırlanmasında görkəmli aktyorlarımızın böyük əməyi oldu. Film uşaqlara oxumağı, mütaliə etməyi tövsiyə edir.

   - Bildiyimizə görə, hazırda siz sənədli filmlər çəkirsiniz. Niyə animasiyada çalışmağı davam etdirmədiniz?

   - 90-cı illərin əvvəlində tədricən Moskva ilə əlaqələrimiz kəsildi. Bu da xeyli çətinliklər yaratdı. Axı bizim bütün filmlərin personajları “Soyuzmultfilm”də rəssamlar tərəfindən hazırlanırdı. Sonuncu dəfə 1992-ci ildə Teymur Elçinin ssenarisi əsasında “Analar və laylalar” animasiya filmini çəkdim. Bundan sonra sənədli janrda filmlər çəkməyə başladım.      

 

 

   Esmira Tahirqızı

 

   Mədəniyyət.- 2011.- 27 may.- S. 11.