Xalq Cümhuriyyəti tariximizin
şanlı səhifəsidir
93 il əvvəl, 1918-ci il
mayın 28-də müsəlman Şərqində ilk demokratik
respublika - Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Cəmi
23 ay yaşamasına baxmayaraq tariximizə şanlı səhifə
kimi düşən Xalq Cümhuriyyəti bugünkü
müstəqil Azərbaycan Respublikası üçün də
tarixi bir təməl oldu və bugünkü Azərbaycan
dövləti həmin cümhuriyyətinin varisidir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətin bir vaxtda, vətəndən uzaqda, Tiflisdə elan edildi. Çünki o günlər Azərbaycanda siyasi vəziyyət çox gərgin idi. Bakı erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi, bir qədər öncə - 1918-ci ilin mart-aprelində Bakıda və bir çox bölgələrdə erməni dəstələri tərəfindən azərbaycanlı əhaliyə qarşı qırğınlar törədilmişdi. Belə bir şəraitdə ölkəni demokratik respublika elan etmək çox ciddi bir məsələ idi. Tarix elmləri namizədi Fəzail İbrahimlinin sözlərinə görə, Xalq Cümhuriyyətinin əsasını qoyan şəxslər, demək olar ki, yoxdan bir varlıq yaratdılar: “Təxminən 100 il müddətində, yəni 1813-1918-ci illərdə Rusiya imperiyasının tərkibində olmuş Azərbaycanın sərhədləri qeyri-müəyyən idi. Digər bir çətinlik ondan ibarət idi ki, neftlə əlaqədar olaraq Azərbaycanda bir sıra dövlətlərin marağı var idi və onlar Bakı neftini mütləq ələ keçirmək istəyirdilər. Belə bir vəziyyətdə müsəlman Şərqinə nümunə olan demokratik dövlət yaratmaq ancaq böyük təfəkkür sahiblərinin, qabaqcıl Avropa təcrübəsi görmüş ziyalıların birgə əməyinin səyi nəticəsində mümkün oldu».
Azərbaycanlı və Osmanlı türk qüvvələrinin birləşdiyi Qafqaz İslam Ordusunun köməyi ilə Azərbaycan hökuməti 18 günlük fəaliyyətdən sonra Tiflisdən Gəncəyə köçür və ondan sonra bu ordunun köməyi ilə sentyabr ayının 15-də Bakıya gəlir.
Dövlət quruculuğu
Azərbaycanın dövlət rəmzləri, milli ordu, ilk ali məktəb və s. cəmi iki il mövcud olmuş Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı idi. Hələ Gəncədə ikən dövlət quruculuğuna başlayan Azərbaycan hökuməti əvvəlcə Azərbaycan dilini dövlət dili elan edir. Bunun ardınca türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını özündə təcəssüm edən üçrəngli dövlət bayrağı (9 noyabr 1918) qəbul edildi. Azərbaycan Milli Ordusu yaradılır. 1918-ci ilin 7 dekabrında Azərbaycan parlamentinin fəaliyyətə başlaması, milli valyutanın buraxılması cümhuriyyətin mühüm uğurlarından idi. Dövlət quruculuğu olduqca çətin bir şəraitdə həyata keçirilirdi. Ona görə ki, mövcud olduğu dövrdə də cümhuriyyət çox ciddi problemlərlə üzləşməli olurdu. F.İbrahimli deiyr ki, 1918-ci ilin 30 oktyabrında bağlanan Mudros sazişinə əsasən, türk ordusu Azərbaycandan getdikdən sonra vəziyyət mürəkkəbləşir: «General Tomsonun rəhbərliyi altında ingilis ordusu Bakıya girir. Tomson İrandan Azərbaycana gələndən sonra müstəqil respublikanın bayrağını endirdi. O, Azərbaycan sözünün işlədilməsinə belə mane olurdu və belə bir bəyanatla çıxış etdi ki, bu, milli hökumət deyil, bu bir qrup Azərbaycan ziyalılarının və türk hərbçilərinin yaratdığı hökumətdir. Lakin bu zaman milli hökumətin başçısı Fətəli xan Xoyski Tomsonla danışıqlar apardıqdan sonra ingilis generalı elan etdi ki, Azərbaycan hökuməti qanuni hakimiyyətdir. Üzeyir Hacıbəyli bununla bağlı yazır ki, ingilis ordusu Bakıya girən zaman sanki vəhşi ovu üzərinə gedən ovçulara bənzəyirdi, xalqımıza elə bir münasibəti var idi. Məhz belə bir mühitdə, yəni ingilis ordusu Azərbaycanda ola-ola Azərbaycan parlamenti çağırıldı, Şərqdə ilk demokratik respublikanın başlıca atributu - demokratik parlament yaradıldı».
Müstəqilliyin acı
sonluğu və ya bir dəfə yüksələn bayraq bir
daha enməz
Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə beynəlxalq aləmdə gedən proseslər də çox mürəkkəb idi. Cümhuriyyət hökumətinin ən mühüm məqsədlərindən biri Azərbaycanı müstəqil dövlət olaraq beynəlxalq aləmdə tanıtmaq idi. Uzun sürən çalışmalardan sonra, nəhayət, cümhuriyyətin elan olunmasından bir il sonra, 1919-cu il may ayının 28-də Paris sülh Konfransında Azərbaycan nümayəndə heyətinə başçılıq edən Əlimərdan bəy Tobçubaşov Amerika prezidenti Vudro Vilson tərəfindən qəbul edilir. O, Ə.Tobçubaşova bildirir ki, Paris sülh konfransı hansı qərarı qəbul etsə, siz ona tabe olmalısınız.
Tarixçi F.İbrahimli: “Paris sülh konfransının qərarına əsasən, Azərbaycan İtaliyaya hədiyyə verilirdi. Qops adlı bir polkovnik gəlib Azərbaycanı gəzdi, planlar hazırladı. Lakin İtaliyada hakimiyyətin dəyişməsi və Rusiya ordusunun Azərbaycana hücumu bu planın qarşısını aldı. Bu məsələ reallaşmadı. Digər tərəfdən, bolşevik Rusiyası ilk gündən Azərbaycana hədələyici notalar göndərirdi. 1920-ci ilin mart ayının 22-də Moskva ilə əlbir olan ermənilər Qarabağda üsyan qaldırdılar, yerli əhaliyə divan tutdular. Cümhuriyyətin 40 minlik ordusunun 33 mini ora göndərildi, 7 mini isə dövlət əhəmiyyətli obyektləri qorumaq üçün Bakıda qaldı. Belə siyasi proseslərin arxasında bolşevik Rusiyasının keçmiş çar Rusiyası ərazisini yenidən bərpa etmək cəhdi dayanırdı və buna da 1920-ci il 28 aprel işğalı vasitəsilə nail oldular. Böyük dövlətlərin apardığı mübarizə şəraitində yeni yaranmış kiçik dövlətin bu basqılara uzun zaman duruş gətirməsi sadəcə mümkün deyildi”.
Azərbaycan Respublikası Xalq
Cümhuriyyətinin varisidir
Tarixçi alim Anar İsgəndərli belə hesab edir ki, Xalq Cümhuriyyətinin yaranması bugünkü müstəqil Azərbaycanın qurulmasında mühüm rol oynayıb: «Əgər o zaman belə bir respublika yaranmasaydı, bolşeviklər aprelin 28-də Azərbaycanı işğal edəndə bu, yarımçıq bir məmləkət olacaqdı. Zaqatala Gürcüstana birləşdiriləcək, ermənilər Dağlıq Qarabağı tutacaqdılar. Azərbaycan kiçik muxtariyyət formasında mövcud ola bilərdi. Azərbaycan, Xalq Cümhuriyyətinin cızdığı xəritə üzərində quruldu və SSRİ dağılandan sonra biz yenə də demokratik respublikanın varisi kimi müstəqilliyimizi elan etdik. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin tarixi təməli yarandı. Cümhuriyyətin tariximizdə ən böyük xidməti də elə budur. Onun yaradıcıları özlərini vətən yolunda fəda etdilər. Fətəli xan Xoyski öldürüldü, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli və başqaları tərki-vətən oldu. Lakin sonrakı tale qismətlərinə nə yazılmasından asılı olmayaraq Xalq Cümhuriyyətinin qurucuları tariximizə öz adlarını, əməllərini həkk etdilər və bu gün onların xatirəsi xalqımızın yaddaşında yaşayır.
Mehparə
Mədəniyyət.-
2011.-27 may.- S. 7.