Azərbaycanın
istiqlaliyyəti ömrümün amalı olub
Mayın 27-də Xalq şairi,
görkəmli nasir, “Şöhrət” ordenli Söhrab Tahirin
85 yaşı tamam olur. 1926-cı ildə Cənubi Azərbaycanın
Astara şəhərində doğulan ədib zəngin bədii
yaradıcılığa malikdir, onlarla poemanın, mindən
çox şeirin, roman və povestlərin, hekayələrin,
yüzlərlə publisistik məqalənin müəllifidir.
Yubiley öncəsi Xalq şairi ilə görüşüb
söhbət etdik:
- Söhrab müəllim, necə oldu ki, ədəbiyyata, poeziyaya gəldiniz?
- Ötən əsrin 40-cı illərində Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi inqilabda mən də atam Əbülfəzlə yaxından iştirak etmişəm. Milli hökumət qurularkən mənə təşkilati şöbənin işləri tapşırıldı. “Qüdrətli qoşun” adlı ilk şeirimi elə o vaxtlar yazmışdım. Bir gün Pişəvəri məni çağırıb dedi ki, ərizə yazıb zabit olmaq istədiyini bildirmisən, arzunu yerinə yetiririk. Milli hökumətin baş prokuroru Firudin İbrahimi də (sonralar Mirzə İbrahimov “Gələcək gün” romanında onun obrazını yaratdı) orada idi, üzündəki xoş təbəssüm indiyə kimi gözümün qabağındadır. Pişəvəri səsini bir qədər ucaldıb davam etdi: “Başa düşürsən də, səni qızıl Bakıya göndəririk, başını təhsillə zənginləşdirib qızıl edəsən, Təbrizə qayıdıb “Qızılbaş” ordusunda (milli hökumətin ordusu belə adlanırdı) xidmət edəsən. Düz üç dəfə “qızıl” sözünü vurğuladı…
- Bakıya nə zaman gəldiniz?
- 1946-cı ilin aprelində Bakıya
gəldim. Sovet İttifaqı müharibədən yeni
çıxmışdı, burada, Azərbaycanda da əhalinin
vəziyyəti ağır idi. Mən də xalqla birlikdə
çətinliklərə sinə gərdim. Hərbi təhsili
başa vurduqda isə Pişəvəri hökuməti
artıq süquta uğramışdı. Burada qalmalı
oldum. Zərbəçi komsomolçu dəstələrində
dəmir yol xətlərinin çəkilişində,
Sumqayıt, Mingəçevir şəhərlərinin
tikintisində və s. quruculuq işlərində iştirak etdim.
Sonralar bütün bunlar “Gəncliyim, hardasan?” poemasında
öz əksini tapdı. Əsər “Kommunist” qəzetində
çap olundu. Bəzən onu oxuyan insanlar məni axtarıb
tapır, yaxından tanış olmaq istəklərini
bildirirdilər. Əlbəttə, bütün bunlar məni
çox ruhlandırırdı.
Getdikcə buranın həyatına
alışır, ədəbi mühitinə
qaynayıb-qarışırdım. Azərbaycan (Bakı)
Dövlət Universitetinin filologiya fakültəsinə daxil
olub beş il təhsil aldım. Sonra məni Məmməd
Arazla birlikdə Moskvaya - Qorki adına Ədəbiyyat
İnstitutuna kursa göndərdilər. Orada təhsili başa
vurub geri dönməyə hazırlaşanda bizə Moskvada
qalıb işləmək təklif olundu. Yaxşı məvacib,
ev, gözəl şərait vəd edirdilər. Bir gün səhər
yuxudan qalxanda radionu açdım. “Koroğlu”
uvertürasını verirdilər. Onun ardınca “Orta Cəlili”
saz havası səslənəndə Məmmədi oyatdım.
Yaman kövrəlmişdim. Məmmədin də gözləri
yaşarmışdı. Dedim Məmməd, biz burada qalsaq kim
bizə ana dilimizdə “can qardaş” deyəcək, biz kimə
“can bacı”, “can ana” deyib müraciət edəcəyik?
Bütün bu gözəlliklər bizdən uzaq düşəcək,
bu qədər məsafədən ondan necə mənəvi
qida ala biləcəyik? “Düzdü” deyib Məmməd də
sözümü təsdiqlədi. Beləcə Bakıya
qayıtmağa qərar veridik.
- Sonrakı yaradıcılıq fəaliyyətinizdən
danışaq...
- 1956-cı ildə “Ay
işığında” adlı ilk kitabım nəşr olundu.
Sonra digər kitablarım çıxdı. Sovet
dövründə 40-dan çox kitabım işıq
üzü görüb, 1958-ci ildən Yazıçılar
İttifaqının üzvüyəm. Hazırda tam
külliyatım 19 cilddə nəşr olunub, hələ bir
neçə cild də çap ediləcək. Mənim
özümə həsr olunmuş 200-dən çox şeir
var ki, onlar da həmin cildlərin birində veriləcək.
19-cu cilddə mən onları ərsəyə gətirən
bütün müəlliflərə zəhmət çəkdiklərinə
görə təşəkkürümü bildirmişəm.
Müxtəlif illərdə
Yazıçılar İttifaqının idarə heyətinin
üzvü, poeziya bölməsinin rəhbəri olmuşam,
universitetdə, Qırmızı Aypara cəmiyyəti və
s. yerlərdə şeir dərnəklərini
aparmışam. İndi Azərbaycanın tanınmış
şairləri olan Nüsrət Kəsəmənli, Sabir
Rüstəmxanlı, Ramiz Rövşən, Malik Fərrux və
digərləri həmin dərnəklərin fəal üzvləri
idilər. Bəzi dərgilərin redaktoru olmuşam. Tez-tez Azərbaycan
ədəbiyyatının təbliği məqsədilə
qonşu respublikalara səfər edirdim. Məmməd Araz, Nəbi
Xəzri, Xəlil Rza, Cabir Novruz (hamısının ruhu
şad olsun), Nəriman Həsənzadə və digər
şairlərlə ailəvi dostluq etməyimiz mənə tədricən
həsrəti unutdurmuşdu, doğmalaşmışdım bu
tay Azərbaycanla. Beləcə, aylar, illər ötdü,
prezident Heydər Əliyev məni “Xalq şairi” adına layiq
gördü. Allah ona qəni-qəni rəhmət eləsin,
çox həssas, diqqətcil insan idi. Tədbirlərdə
bir neçə dəfə onunla görüşmüşəm.
Həmişə də şeirlərimə maraq göstərdiyini,
rəğbətlə yanaşdığını hiss
etdirirdi. Sağ olsun, ölkə prezidenti İlham Əliyev də
mənim əməyimi, yaradıcılığımı
yüksək qiymətləndirərək “Şöhrət”
ordeninə layiq gördü.
- Qələminizi həm şeirdə,
həm də nəsrdə sınamısınız, bu,
hansı zərurətdən irəli gəlib?
- Şeir kitablarım
çıxandan sonra düşündüm ki, bütün dərdləri
şeir dililə demişəm. Gördüklərimi monumental
şəkildə vermək niyyəti ilə roman və digər
nəsr əsərləri yazdım. Onlar da oxucular tərəfindən
maraqla qarşılandı. “Qonşu qızın məktubları”
romanım çapdan çıxanda Lerikdən bir oxucum gəlib
məni tapmışdı. Həmin kitabı əldə etmək
üçün ona yardımçı olmağımı istəyirdi.
Deyirdi, kəndlərinə cəmi bir kitab gəlib
çıxıb, onu da qızlar beş yerə bölüb
oxuyurlar. Hələ çap edilməyən “Müdür
qızı” adlı bir romanım da var, inşallah, o da
külliyatımda işıq üzü görər.
Poemalarımda isə əsasən II Dünya müharibəsinin
qəhrəmanlarının, əmək adamlarının surətlərini
canlandırmışam.
- Dönüb arxaya baxanda
keçdiyiniz həyat yolunu necə qiymətləndirirsiniz?
- Həmişə nikbin olub zarafat
etsəm də, həm o tayda, həm də bu tayda ağır
həyat yolu keçmişəm. Vağzalda
yatdığım günlər də olub. Amma heç vaxt
şərəf və ləyaqətimi itirməmişəm.
İstər Cənubi Azərbaycanda, istərsə də burada
- həmişə bütün varlığımla xalqa xidmət
etmişəm. Ağır və məşəqqətli
olmasına baxmayaraq bir də dünyaya gəlsəydim, yenə
elə bu yolu seçib belə yaşayaram.
- Oxuculara nə demək istərdiniz?
- XXI əsr texnologiya
dövrüdür. Təbii ki, texnikaya çox
üstünlük verilir, oxucular zəngin şüura malikdirlər.
Onlara bir tövsiyəm var - Azərbaycan ədəbiyyatını
həmişəki kimi əziz tutsunlar, ona biganə
olmasınlar.
- 85 illiyinizi necə
qarşılayırsınız? Bu yaşda ürəyinizdə
daha hansı arzular var?
- Hər hansı yubiley tədbiri
keçirilməsini istəmədim. Telefon zəngləri ilə
çoxlu təbriklər gəlir. Bu təbriklər mənə
çox xoşdur, hər kəsə minnətdaram. Arzulara gəldikdə
isə... İstərdim ki, tezliklə torpaqlarımızı
azad edək, o yerlərdə yenidən bayrağımız
dalğalansın. Mən həmişə Azərbaycanın
istiqlaliyyətini görmək istəmişəm,
bütün həyatımı ona həsr etmişəm. Hələ
sovet dönəmində yazırdım ki, Azərbaycan BMT-də
öz bayrağı, nümayəndəsi İlə təmsil
olunmalıdır. Şükür ki, o günü
gördük. Azərbaycanın istiqlaliyyəti həmişə
ömrümün amalı olub.
- Biz də sizi 85 illiyiniz münasibətilə
təbrik edib ürəyinizdəki bütün arzuların həyata
keçməsini diləyirik.
- Təşəkkür edirəm.
İradə Əsədova
Mədəniyyət.-
2011.- 27 may.- S. 6.