Taxtakörpüdə “Kitab bayramı”

 

   Laçın MKS-nin 35 illik yubileyi qeyd olunub

  

   Mayın 26-da Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılmasının 35 illik yubileyinə həsr olunmuş “Kitab bayramı“ keçirilib. Tədbirdə Laçın rayon İcra Hakimiyyətinin məsul nümayəndələri, respublikanın müxtəlif bölgələrindən dəvət olunmuş qonaqlarla bərabər, idarə və müəssisələrin kollektivləri, rayon ziyalıları və məktəb şagirdləri iştirak edib.

   Tədbiri Laçın Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar İlyasov açaraq rayon MKS-nin 35 illik fəaliyyətindən söz açıb. Qeyd olunub ki, 1976-cı ildə Laçın rayon MKS yaradılanda rayonun 60 kəndində kitabxana fəaliyyət göstərib. Qısa müddətdə rayonda kitabxana şəbəkəsi genişlənib, artıq 1981-ci ildə MKS-nin 115 kənd filialı, bir şəhər uşaq kitabxanası, 2 şəhər kitabxanası və bir rayon kitabxanası fəaliyyət göstərirdi. 1992-ci il mayın 18-də Laçın rayonu erməni işğalçıları tərəfindən zəbt olunduqdan sonra rayonun digər mədəniyyət ocaqları kimi, MKS və onun kənd filialları da öz işini ağır köçkünlük şəraitində yenidən qurmağa başlayıb. Ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyinin, Laçın rayon İcra Hakimiyyətinin rayon mədəniyyət işçilərinə göstərdiyi diqqətin nəticəsidir ki, bu gün respublikanın 12 rayonunda, habelə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində Laçın MKS-nin bütün filialları öz işini tamamilə bərpa edib, münasib binalarda kitab fondu və inventarlarla təmin olunub.

   Prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı əsasında yüksək poliqrafik formatda çap olunmuş kitablardan Laçın rayon MKS-yə 245 min nüsxə kitab ayrılıb.

   Tədbirdə iştirak edən Laçın rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhəmməd Şahbazov MKS-nin 35 illik yubileyi ilə bağlı bayram təbriklərini çatdırıb.

   Laçın rayon Təhsil Şöbəsinin müdiri Şahlar Xəlilov, şair İsa Laçınlı, Ağcabədi rayon MKS-nin direktoru İradə Allahverdiyeva və başqaları yubiley münasibəti ilə Laçın rayon MKS-nin kollektivini təbrik ediblər. Bir qrup kitabxana işçisinə Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələr təqdim edilib.

   Sonra tədbir iştirakçıları 850 adda kitabın nümayiş olunduğu sərgi ilə tanış olublar.

 

 

   Mədəniyyət.- 2011.- 27 may.- S. 5.