“Aida” tamaşası Azərbaycan
və İtaliya opera sənətinin bayramına çevrilib
Akademik Opera və Balet Teatrında
görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin
«Aida» operası nümayiş olunub (25 may). Tamaşanı məşhur
italyan dirijoru Canluka Marçiano idarə edib.
Aida partiyasını ilk dəfə
olaraq teatrın gənc və istedadlı solisti Çinarə
Şirin, Ramades rolunu isə Gürcüstanın Xalq artisti
Teymuraz Ququşvili ifa edib. Tamaşada həmçinin əməkdar
artistlər Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev
(Amonasro), Əli Əsgərov (Misir şahı), Əkrəm
Poladov (Ramfis) də iştirak ediblər.
Dirijor C.Marçiano tamaşa ilə
bağlı təəssüratını bölüşərkən
F.Hacıyeva ilə Ç.Şirinin ifasını xüsusi bəyəndiyini
vurğulayıb. O həmçinin xor artistləri və
solistlərin yüksək professionallıqlarını da diqqətə
çatdırıb. Dirijor yeni teatr mövsümündə
«Aida» və «Toska» operalarını idarə etmək
üçün dəvət olunduğunu bildirib: «Bu dəvəti
böyük minnətdarlıqla qəbul etdim. Belə yüksək
milli dəyərlərə malik olan Azərbaycana yenidən gəlməyi
özüm üçün böyük şərəf hesab
edirəm».
Gülər
Mədəniyyət.-
2011.- 27 may.- S. 4.