BakıdaVəkil hanı?”

 

   Yeni bədii film təqdim olundu

  

   Mayın 26-da “Azərbaycan” kinoteatrında rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filminin təqdimatı keçirildi. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdir müavini Müşfiq Hətəmov son dövrdə kinomuzda gedən proseslər, çəkilən yeni filmlər haqqında məlumat verdi.

   Rejissor Ülviyyə Könül film barədə danışaraq vurğuladı ki, bu onun kinoda debütüdür. O, filmin çəkilişi zamanı ortaya çıxan çətinliklərdən danışdı, baş rolun (aktyor filmin bir bölümündə qadın obrazını da canlandırmalı olur) ifası üçün 18 aktyorun sınaqdan keçirildiyini, sonda bu rola Bəhruz Vaqifoğlunun təsdiq edildiyini dedi.

   Film klassik komediya janrında çəkilib. Cavan vəkil həmkarının xahişi ilə onu əvəz etmək üçün məhkəmə salonuna yollanır, lakin otaqları səhv salıb qatı cinayətkarın məhkəməsində vəkillik etməyə başlayır. Çox keçmir, aləm dəyir bir-birinə...

   Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyev, operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı isə Rəşad Haşımovdur. Rollarda Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə, Kamilə Babayeva, Bəhram Bağırzadə, Əməkdar artist Naina İbrahimova başqaları çəkiliblər.  

 

 

   Yeganə

 

   Mədəniyyət.- 2011.- 27 may.- S. 3.