«Uşaq yaradıcılıq
kollektivlərinin problemləri və
perspektivləri»
«ELS» Müstəqil Araşdırmalar Mərkəzi bu
ilin yanvar ayından başladığı «Vətəndaş
cəmiyyəti gələcəyimiz naminə» layihəsini
davam etdirir. Mərkəz layihə çərçivəsində
Bakı şəhər məktəblərinin ibtidai sinif
şagirdlərinin valideynləri arasında sorğu
keçirib.
Mayın 24-də keçirilən
«Uşaq yaradıcılıq kollektivlərinin problemləri və
perspektivləri” mövzusunda dəyirmi masada sorğunun nəticələri
müzakirə olundu.
Mərkəzin direktoru İradə
Yaqubova bildirdi ki, sorğu zamanı incəsənətin
uşaqların formalaşmasında rolu müstəsna rol kimi
qiymətləndirilib. Lakin valideynlərin yalnız iki faizi
övladlarının dərnəklərə getdiklərini
deyiblər. Onların bir hissəsi uşağı aparıb-gətirməyə
vaxt və imkan olmadığını, böyük hissəsi
uşaqların ev tapşırıqlarının
hazırlanmasına çox vaxt getdiyini və asudə
vaxtın qıtlığını səbəb gətiriblər.
Sorğuda iştirak edən digər hissə isə dərnəklər
barədə məlumatsız olduqlarını deyiblər. İ.Yaqubova
sonuncu məqamın təəssüfedici olduğunu bildirdi.
Çünki bir
yaradıcılıq dərnəkləri barədə hətta
internetdə belə məlumatlar olduqca azdır. Mərkəzin
direktoru uşaq yaradıcılığının
işıqlandırılması və təbliği
üçün uşaq televiziya kanalının
açılmasının zəruriliyini də
vurğuladı.
Tədbirdə
çıxış edən Xalq artisti, bəstəkar Oqtay
Zülfüqarov bildirdi ki, bu gün uşaq
yaradıcılıq kollektivlərində əsas problem
repertuarla bağlıdır. Kollektivlər uşaq
repertuarı əvəzinə, daha çox xarici, o cümlədən
ərəb mahnılarına üstünlük verirlər.
Gənc Tamaşaçılar
Teatrının aktyoru, Xalq artisti Ağaxan Salmanlı da bu fikrə
qoşularaq, uşaqların televiziya kanallarında
yaşlarına uyğun olmayan mahnılar ifa etdiklərini,
uşaq repertuarının yaddan
çıxdığını vurğuladı.
Tədbirdə
çıxış edən Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin mədəniyyət təhsili
bölməsinin müdiri, Əməkdar mədəniyyət
işçisi Səid Hacıyev belə müzakirələrin
əhəmiyyətini vurğuladı: “Yaxşı olardı
ki, belə dəyirmi masalar televiziya kanallarında
keçirilsin. Bu halda mövzunu, qaldırılan problemləri
geniş ictimaiyyətə çatdıra bilərik”.
Tədbirdə T.İsmayılov
adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı,
«Bənövşə» Uşaq Xoru, Ç.Mustafayev adına
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, «Dəcəl
qızlar» rəqs ansamblı, «Günay» Uşaq
Teatrının nümayəndələri iştirak edirdi.
Gülər
Mədəniyyət.-
2011.- 25 may.- S. 4.