Bakıda
məşhur memar Zivər bəy Əhmədbəyovun abidəsi
açılıb
Mayın 26-da metronun “Nizami”
stansiyasının qarşısındakı Zivər bəy Əhmədbəyov
parkı açılıb. Prezident İlham Əliyev mərasimdə
iştirak edib.
Zivər bəy Əhmədbəyov
1918-1920-ci illərdə Bakının ilk azərbaycanlı
baş memarı olub və şəhərin inkişafında
mühüm rol oynayıb. O öz layihələrində Qərbi
Avropa və Şərq memarlıq ənənələrini
böyük məharətlə birləşdirib. Azərbaycan
prezidentinin sərəncamı ilə Zivər bəy Əhmədbəyovun
adını daşıyan park salınıb və burada onun
abidəsi ucaldılıb.
Dövlət
başçısı parkda yaradılan şəraitlə
yaxından tanış olub. Bildirilib ki, parkın yerləşdiyi
ərazi uzun müddət idi ki, baxımsız vəziyyətdəydi.
Burada yaradılan parkın ərazisində çoxlu sayda
müxtəlif ağac və gül kolları əkilib,
yaşıllıq zolaqları salınıb. Parkda müasir
işıqlandırma sistemi, fəvvarələr kompleksi
qurulub. Burada paytaxt sakinlərinin istirahəti üçün
hər cür şərait yaradılıb.
Parkla üzbəüz bina Zivər
bəy Əhmədbəyovun layihəsi əsasında inşa
edilib. Qeyd olunub ki, parkın ətrafında olan binaların
tarixi memarlıq üslubu saxlanılmaqla fasadları təmir
ediləcək.
Mədəniyyət.-
2011.- 27 may.- S. 2.