“Kiyev Təşəbbüsü”
proqramının
iştirakçısı olan ölkələrin mədəniyyət
nazirlərinin konfransı
Toplantıda
Azərbaycanın mədəniyyət və turizm nazirinin
müavini Sevda Məmmədəliyeva iştirak edir
Mayın
26-da Ukraynanın Yalta şəhərində Kiyev Təşəbbüsü
Regional Proqramının iştirakçısı olan ölkələrin
Mədəniyyət Nazirlərinin konfransı başlayıb.
Ukraynanın Avropa Şurası
Nazirlər Komitəsinə sədrliyi çərçivəsində
keçirilən tədbirdə Azərbaycandan mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın
rəhbərliyi ilə nümayəndə heyəti iştirak
edir.
Konfransda Avropa Şurasının mədəniyyət,
mədəni və təbii irs üzrə departamentinin
direktoru Robert Palmer, qurumun mədəniyyət siyasəti,
müxtəliflik və dialoq bölməsinin müdiri
xanım Katrin Merkle, Avropa İttifaqının Ukraynadakı
nümayəndəliyinin birinci katibi Holger Rommen, ekspertlər,
PP2 layihəsinin koordinatorları və Kiyev Təşəbbüsü
Regional Proqramı üzrə mütəxəssislər
iştirak edir.
Konfransda “Kiyev Təşəbbüsü:
inkişaf etməkdə olan mədəniyyətlərarası
dialoq, mədəniyyət siyasəti və vətəndaş
cəmiyyəti arasında sinerji - təcrübələr,
problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü:
regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində
baş verən dəyişikliklər və çətinliklər”,
“Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə (PP2): Tarixi
şəhərlərdə mədəni irsin bərpa edilməsi”
və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət
Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər
müzakirə olunacaq.
Konfrans bu gün yekunlaşacaq. Tədbirin
yekunu olaraq Yalta bəyannaməsinin təqdimatı və
imzalanması nəzərdə tutulub.
Mədəniyyət.- 2011.- 27 may.-
S. 3.