“Xalq Bank”ın mədəniyyətimizə yeni töhfəsi
“Xalq əmanəti”nin növbəti nəşri təsviri
sənətimizə həsr olunub
“Xalq Bank”ın təşəbbüsü və maliyyə
dəstəyi ilə həyata keçirilən “Xalq əmanəti”
layihəsinin növbəti, sayca beşinci nəşrində
Azərbaycanın görkəmli rəssamları Xalidə Səfərova
və Mahmud Tağıyevin zəngin sənət irsinə həsr
olunub. Oktyabrın 28-də Xalidə Səfərova və Mahmud
Tağıyevin yaradıcılığına həsr
olunmuş “Rəngkarlıq və qrafika” albomunun təqdimatına
və görkəmli sənətkarların əsərlərindən
ibarət sərginin açılışına həsr
olunmuş tədbir keçirildi.
Tədbirdə Azərbaycan Rəssamlar
İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov,
ittifaqın katibi, Xalq rəssamı Ağəli İbrahimov,
görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə,
sənətşünas, Əməkdar incəsənət
xadimi Ziyadxan Əliyev və başqaları
çıxış edərək uzun illər həyatda və
sənətdə qoşa addımlamış Xalidə Səfərova
və Mahmud Tağıyevin yaradıcılığından
söz açdılar.
Qeyd olundu ki, 55 il xoşbəxt ailə
həyatı sürmüş iki sənətkarı tale Ə.Əzimzadə
adına Bakı Rəssamlıq Məktəbində
qovuşdurub. Bu “ittifaq” onların ömürlərinin sonuna
kimi davam edərək tükənməz xoşbəxtliyə
çevrilib, sevgi və yaradıcılıq mənbəyi
olub. Onlar Azərbaycanın dilbər guşələrini, təbiəti,
tarixi yerləri, müxtəlif peşə sahiblərini, natürmortları
öz əsərlərində canlandırıblar. Rəssamların
müraciət etdikləri mövzuların, motivlərin
oxşarlıqlarına baxmayaraq, yaratdıqları əsərlər
bədii forma, plastik həll baxımından tam fərqlidir.
M.Tağıyevin əsərlərinə monumental
miqyaslılıq xasdırsa, onlarda epik düşüncəyə
meyllilik özünü göstərirsə, X.Səfərova
təbiətin gözəlliyini incə duyumu ilə
yanaşı, müasir dövrün döyünən ritmi ilə
təsvir etməyə meylli olub. Onların hər birinin
yaradıcılıqda öz yolu, öz bədii vəzifəsi
vardı.
Sonda X.Səfərova və M.Tağıyevin
ailəsi adından övladları, rəssam Əkrəm
Tağıyev çıxış edərək tədbir
iştirakçılarına, təşkilatçılara
öz minnətdarlığını bildirdi. Qeyd edək ki,
Xalidə Səfərova və Mahmud Tağıyevin əsərlərinin
ekspozisiyası “Xalq Bank”ın baş ofisində gələn il
yanvarın 30-dək nümayiş olunacaq.
İradə Əsədova
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 15.