Zəhmətə
verilən qiymət sənətdə yeni
səhifələr açır
Rəssamlıq
sənətimizi dünyaya tanıdan sənətkarlardan biri də
Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar
rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovdur.
O bugünlərdə İtaliyanın paytaxtı Romada heykəltəraşlıq
üzrə beynəlxalq simpoziumun mükafatına layiq
görülüb.
Zeynalabdin İsgəndərov əslən
Şamaxı rayonundan olsa da, 1949-cu ildə Bakıda anadan olub.
Erkən yaşlarından rəssamlığa maraq göstərib.
Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına
Rəssamlıq Məktəbində oxuyub. Sonra V.I.Surikov
adına Moskva Rəssamlıq İnstitutunda təhsilini davam
etdirib. Burada təhsil aldığı dövrdə məşhur
tişə ustası, SSRİ Rəssamlıq
Akademiyasının prezidenti Nikolay Tomski onu emalatxanasına dəvət
edir. Az sonra onların tələbə-müəllim
münasibəti sənət-yaradıcılıq dostluğuna
çevrilir.
- Zeynalabdin müəllim, bu dostluq
necə yarandı?
- Proqram çərçivəsində
gildən hazırladığım etüdlər sözün əsl
mənasında diqqət çəkirdi. Plastik tutumuna və bədii
şərhinə görə “tələbə işi” çərçivəsinə
sığmırdı. Onu da deyim ki, həmin vaxt tələbələrə
diplom işlərini sərbəst mövzuda işləməyə
icazə verilirdi. Mən də milli koloritli “Bulaq
başında” adlı bir kompozisiya işlədim. Əlində
səhəngi su ilə dolduran gənc qızı təsvir
etdim. Əsər ifadəli siluet, zərif plastika və
axıcı ritm kompozisiyasının romantik-lirik ruhunu təsdiqləyən
bədii-estetik məziyyətlərlə dolu idi. “Əla” qiymətə
layiq görülən bu iş, bədii yönlü ali təhsil
məktəblərinin Ümumittifaq sərgisində
böyük uğur qazandı. Bu ciddi sənət uğuruma
görə SSRİ Rəssamlıq Akademiyasının
prezidenti Nikolay Tomski SSRİ Rəssamlar İttifaqına qəbul
olunmağıma zəmanət verdi.
O, institutu bitirdikdən
sonra 1977-ci ildə təyinatla Bakıya gəlir. Əmək fəaliyyətinə Dövlət İncəsənət
İnstitutunda (Mədəniyyət
və İncəsənət
Universiteti) başlayır.
Gənc məzunlara sənətin sirlərini öyrədir.
Əldə etdiyi vərdişləri
tələbələri ilə
bölüşməkdən rahatlıq tapır. Eyni zamanda yeni-yeni əsərlər üzərində
çalışır. Müxtəlif sərgilərdə iştirak edir.
Son dövrlərdə
heykəltəraş görkəmli
sənət adamlarının
(xalq artistləri Sara Qədimova, Leyla Bədirbəyli, xalq rəssamları Mikayıl
Abdullayev, Kamil Əliyev, Maral Rəhmanzadə və s.) məzarüstü abidələrini
yaradıb. Sənətkarın
“Səttar”, “Namaz”, ”Külək”, “Mütəffəkir”,
“Musiqiçi” və
s. kompozisiyaları əsl
sənətin obrazlarda
ifadə olunması həqiqətini təsdiqləyən
plastika nümunələridir.
- İtaliyanın
paytaxtı Romada keçirilən heykəltəraşlıq
üzrə beynəlxalq
simpoziumda mükafata layiq görülməyiniz
münasibətilə sizi
təbrik edirik. Bu barədə ətraflı
məlumat verməyinizi
istərdik.
- 2010-cu ilin aprel-mayında İtaliyanın
Fonte-Nova sənət mərkəzi Roma şəhərində
heykəltəraşlıq üzrə beynəlxalq simpozium keçiriləcəyi
barədə elan verildi. Həmin mərkəzə bir neçə əsərimi göndərdim.
Təxminən bir ildən
sonra İtaliyadan dəvətnamə aldım.
Dünyanın müxtəlif ölkələrindən
130 sənətkar bu beynəlxalq tədbirə
əsər göndərmişdi.
Onların arasından 13 sənətkarın
əsəri bəyənilmişdi.
Onların beşi İtaliyadan,
qalan səkkiz nəfəri isə Almaniya, İran, Azərbaycan, İraq və İspaniyadan idi. Avqustun 30-dan sentyabrın 30-dək Roma şəhərində oldum.
Orada qaldığımız müddətdə
müxtəlif materiallardan
əsərlər yaratdıq.
Sonra hamımız geri döndük. Oktyabrın əvvəlində
İtaliyadan dəvətnamə
aldım. Məlum oldu
ki, İtaliyada keçirilən həmin beynəlxalq simpoziumun mükafatına layiq görülmüşəm.
Mükafatlandırma Covanni Paola kilsəsində
keçirilirdi. Mərasimdə
Vatikanın nümayəndəsi,
Roma Heykəltəraşlıq Akademiyasının prezidenti
Alfio Monqelli, İtaliya Rəssamlar İttifaqının prezidenti
Fonte-Nova Antonio Muri, İtaliya Mədəniyyət
Nazirliyinin təmsilçiləri
iştirak edirdi. Respublikamızın İtaliyadakı səfirliyinin nümayəndəsi
də orada idi. Mükafatlandırmadan sonra Azərbaycan
səfirliyinə dəvət
olundum. Səfir Vaqif Sadıqovun
qəbulunda oldum.
O, da öz növbəsində məni
təbrik etdi.
- Övladlarınızdan
sənətinizi davam etdirən varmı?
- Əli və Həsən adlı iki oğlum var. Hər ikisi rəssamdır. Roma Müasir Rəssamlıq Akademiyasını qurtarıblar. Hazırda İtaliyada yaşayırlar.
Savalan Fərəcov
Xalq qəzeti.- 2011 2 noyabr.- S. 13.