Görkəmli
gülüş ustası: Əliağa Ağayev
Noyabrın 3-ü Azərbaycan komediya aktyorluğunun
parlaq simalarından biri olan Əliağa Ağayevin xatirə
günüdür. Əliağa İsmayıl oğlu
Ağayev 22 mart 1913-cü ildə Bakıda anadan olmuşdur.
Erkən yaşlarında
atasını itirib. 1930-cu ildə yeddinci sinfi bitirərək
Paris kommunası adına gəmi təmiri zavodu nəzdindəki
sənət məktəbində oxuyub. Zavodun dram dərnəyində
çıxış edib. Həmin dərnəyin istedadlı
gənclərini seçib mədəniyyət təbliğatı
briqadası yaradıblar. Əliağa Ağayev bu briqadada
kiçikhəcmli məsxərələrdə, təbliği
pyeslərdə müxtəlif, əsasən yumorlu rollar
oynayıb. Bir müddət burada çalışdıqdan
sonra, 1936-cı ildə Gənc Tamaşaçılar
Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar
Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə
ilk dəfə Jül Vernin “Kapitan Qrantın uşaqları”
dramının tamaşasında Dik rolu ilə
çıxıb.
Qısa müddətdə fitri
istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən
Əliağa Ağayevə tədricən repertuarın əksər
tamaşalarında rollar tapşırılıb. Aktyor bu
teatrda Molla Həmid (“Molla İbrahimxəlil kimyagər”, Mirzə
Fətəli Axundzadə), Rəmdar (“Seyran”, Əliməmməd
Atayev və Əhməd Əhmədov), Rəcəb, Lələş,
Əlipaşa, Səməndər (“Xasay”, “Vətən”, “Ana”,
“Eloğlu”, Abdulla Şaiq), Balaxan, Əmirqulu (“Aydın” və
“Yaşar”, Cəfər Cabbarlı), Həsən kişi
(“Çətin dərə”, Səttar Axundov) və digər
rolların ifaçısı olub.
Müxtəlif çeşidli
rolları, xüsusən “O olmasın, bu olsun” bədii filmindəki
(1956) Məşədi İbad obrazı ilə şöhrət
qazanan Əliağa Ağayev 1961-ci ilin payızında Akademik
Milli Dram Teatrının kollektivinə qəbul olunub. Burada ilk
orijinal rolu Şıxəli Qurbanovun “Əcəb işə
düşdük” komediyasında Abış Surxayeviç
obrazıdır. İyirmi iki il bu teatrda işləyən sənətkar
bu səhnədə Vasin (“Tanya”, Aleksey Arbuzov), Allahnəzər
(“Kimdir müqəssir?”, Hüseyn Muxtarov), Qulaməli,
Alışov, Nağı (“Közərən ocaqlar”, “Kəndçi
qızı”, “Yaxşı adam”, Mirzə İbrahimov), Birinci məzarçı,
Stefano (“Hamlet”, “Fırtına”, Şekspir), Rista Pdoroviç
(“Nazirin xanımı”, Branislav Nuşiç) və s.
rollarında çıxış edib.
Əliağa Ağayev kinoda məşhur
Məşədi İbad, Xan (“Sehrli xalat”), Şıxəli
(“Görüş”) kimi irihəcmli rollarla yanaşı, “Əhməd
haradadır?” (kassir), “Qanun naminə” (anbardar Məmmədxan),
“Bir məhəlləli iki oğlan” (Feyzi), “İstintaq davam
edir” (Kişi) və digər filmlərdə yaddaqalan epizodik
rollara da çəkilib.
Yaradıcı aktyor obrazın
xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun
bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi.
Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru
idi və buna görə də komizmi zahiri əlamətlərdə
deyil, surətin təbiətində, daxili
varlığında, düşüncə tərzində
canlandırmağa üstünlük verirdi.
Populyar və sevilən aktyor
olmuş Əliağa Ağayev 17 iyun 1943-cü ildə
Respublikanın Əməkdar artisti, 27 fevral 1954-cü ildə
Xalq artisti fəxri adları ilə təltif olunub. Sənətkar
1983-cü il noyabrın 3-də dünyasını dəyişib.
Hazırladı: Çingiz
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 13.