Musiqi dəryasında...

 

   uzaq - yaşıl ada”, yaxın - yaxşı adam

  

   Onu - Emin Sabitoğlunu başqa sayaq da xatırlayıb-xatırlada bilərdim. Amma, istədim musiqisevərlərlə ədəbiyyatsevərlər arasında çoxdan bəri gedən xəyali nihilizm “mübarizə”sində bir proporsiya yaransın: yeni nəsillər oğul Eminin “Uzaq - yaşıl ada” kimi yüzlərlə nəğməsini dinləyib zövq alarkən, köhnələr də ata Sabitin “Yaxşı adam” kimi onlarca əsərini xatırlayıb keyf eləsinlər.

  

   Dedim, qoy məşhur “Hicran” tamaşasının Emin musiqisi qıjovunda ləzzətlə çalxalananlar Sabit Rəhmanın libretto-mətn dərinliyinə də düşsünlər. O dərinlik ki, yaşından-başından asılı olmayaraq, hamını belə bir fəlsəfəyə qərq edir: təkcə istedadla hər şeyə nail olmaq olmaz. Sənət, mədəniyyət xadimi olmaq üçün “tərbiyə” adlı bir iksir də var ki, onu “ailə” adlı müəllimdən başqa heç bir alim kəşf edə, övladın millilik, vətəndaşlıq kitabına nəşr edə bilməz. Siz saatyarımlıq “O olmasın, bu olsun” filmindəki bütöv bir millətin (bəlkə də bəşəriyyətin!) bütöv bir həyat şəklinin necə sənətkarlıqla yaradılmasının fərqindəsinizmi? Əgər belədirsə, bu filmin libretto müəllifi Sabit Rəhmanın bu qədər tərbiyəli, intellekt, məhsuldar, çevik, universal, təvazökar, milli oğul yaratmağının (son ifadənin maksimal idiomluğundan qayğılanmayın) fərqinə varmağa ehtiyac qalmayacaq...

  

   Tərcümeyi-hal xalları

  

   Yox, bunu gəlişigözəllik xatirinə belə yazmadım. Onun həyatı ilə bağlı toxunacağım hallar, doğrudan da vurğuyadəyər xallardır. Bəziləri ürəyədüşəri, bəziləri gözəllər üzündəki kimi...

   Ondan başlayaq ki, ömrü boyu xalqını major taktlar üstə kökləməyə çalışmış bu sənətkar minor ildə - 1937-ci ildə dünyaya göz açıb. Çöl-bayırlarda “repressiya”, ev-eşiklərdə “depressiya” terminlərinin “gül” açdığı ildə. Qapı tıqqıltısını xatırladar deyə, körpələri ovundurmaq üçün stol-taburet taqqıldatmalarına tabu qoyulan dəmlərdə. Orta məktəbdə oxuyarkən bir sillə vurduğu erməni sinif yoldaşının “kopayoğlu, məni dögürsən-dögürsən, bəs Stalini nöş sögürsən?!” şərinə görə, tənbeh olaraq, ad gününün qeyd edilmədiyi 1947-ci ildən on il əvvəldə. Hamının “böyük qardaş” dilində danışması dəbinə görə, məhəllədə Tükəzban xalaya “tyotya”, Balaqədeşə “dyadya”, Əlimərdan kişiyə “deduşka” deyilən çağlarda. Deyirəm, bəlkə onun otuz il sonra yazdığı “Şirin dil” mahnısı öz alovunu elə o “buz dövrü”ndən götürüb?..

   O qaraxal ilin olumu kimi ölümü də kədər çalarlı. Hər ikisi nəinki təkcə payızda, həm də eyni ayda. Hər bir əsərində həm də gizli bir kədər, nostalji yaşanan bu sənətkar noyabrın - bu çiskinli-niskilli ayın 2-də doğulub, 18-də (2000-ci il) vəfat edib. Deyirəm, yəqin, siz də mənim kimi, bu an “Payız gəldi - uçdu getdi quşlar” mahnısını xatırladınız. Belədirsə, onda, gəlin, bu məqamda belə bir ümumqənaət xoru da yaradaq: Emin Sabitoğlu bu qədər bahar bəstələyib, yaz yazsa da, musiqi, mahnı tariximizə təkrarsız, müqəddəs, sənət səviyyəli “kədər obrazı”nın da müəllifi kimi düşüb. Bədbinlikdən uzaq kədər obrazı!..

   Əlbəttə, bu kədər o dövrün gözəgörünməz siyasi ritmindən doğurdu...

   Onun həyat-sənət yollarında şad-xürrəm, oynar-gülər qismətləri də az olmayıb. Atası dövrün ünlü ədibi, hər biri sənətin bir sahəsində parlayan dostlar, konservatoriyada bütün zamanların korifeyi Qara Qarayevin sinfi!

   Özündə də az olmayıb: Azərbaycan Dövlət Konservatoriyasında təhsil alarkən onda o keyfiyyətləri görürlər ki, ikinci kursdan Çaykovski adına Moskva Dövlət Konservatoriyasına keçirmək qərarına gəlirlər. Oranı bitirən kimi, 24 yaşında “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər təyin edilir, sonra konservatoriyaya müəllim dəvət edirlər. Bu vəzifələrin, peşələrin “kadr arxasında” isə biri-birindən gözəl səs-sədalar qımıldanır, günlər keçdikcə simfoniyaya, simfonik poema, simli kvartet, skripka və fortepiano üçün poema və kantatalara çevrilirdi.

   O, tələsir, milli xəyal tarixindəki “ötən günlərinə qurban vermək istədiyi gələn günləri” sənətilə ağzınadək - ləbaləb doldurmaq istəyirdi. Lakin zamanın vaxt notları onun “Dayan, dayan, zaman, dayan” taktlarına bənd olmadan ötür, ötür, ötürdü.

   Böyük zamanın dahi müəllimi Q.Qarayevin bir çox postulatları kimi, bir gün tələbələrindən birinə dediyi bu sözlərisə onu daim yürüməyə səsləyirdi: “Əgər gecə yarısı sizi oyadıb üç orkestr üçün iki mövzulu beşsəsli fuqa yazmağı təklif etsələr, bunun öhdəsindən gəlməlisiniz”.

  

   Mahnı.

   Onun yaradıcılığının baş qəhrəmanı

  

   Bu qənaətimin çözümünə Emin Sabitoğlu haqda bir jurnal məqaləsindəki gözəl fikirlə başlamaq istərdim. Adını unutduğum müəllif yazırdı: “Emin Sabitoğlu öz mahnı yaradıcılığında “biz”dən “mən”ə modulyasiya edə bildi. Yəni, ayrılıqda hər bir insanın iç dünyasına nəzər salaraq, onun fərdiyyətindəki təkrarsızlığı üzə çıxarmağa müvəffəq oldu”. Həmin müəllifin bir rus müəllifdən gətirdiyi sitat da, “böyük”, “çətin” əsərlərdən çəkinib, asan mahnı arxasında gizlənməkdə suçlanılan Emin Sabitoğlunun sənət “dissertasiya”sını bütün opponentlərdən qoruyur: “Fikrimcə, dövrümüz öz ədəbi-mədəni inikasını həm Solovyov-Sedoyun mahnılarında, həm də Şostakoviçin simfoniyalarında tapmışdır”.

   Bizim filosoflardan da biri yaxşı deyir: “Mən bilmirəm, Emin musiqidə daha çox özünü ifadə edir, yoxsa məni? Zənnimcə, onun musiqisində bütün nəslimizin nəbzi döyünür”.

   İndi “Gün keçdi”, “Ad günü”, “Dədə Qorqud”, “İstintaq”, “Qaçaq Nəbi”, “Bəyin oğurlanması” filmlərindəki gözəl mahnıları, musiqi parçalarını xatırlayaq. Bunların hansı biri bitkin bir simfoniya, ecazkar kantata, kapriççio təsiri bağışlamır? Əgər məqsəd hər bir əsərlə dinləyicini, tamaşaçını, xalqı təkcə “üzü küləyə” yox, həm də “üzü sabaha” aparmaqdırsa, onun kvartet, yaxud mahnı olub-olmamasının məsələyə nə dərəcədə dəxli var?

   Deməliyik ki, Emin Sabitoğlu da musiqi aləminə ötən əsr ədəbi aləminin “60-cılar”ı kimi daxil olmuşdu; hər şeydə bir cəsarət, hər nüansda bir yenilik, orijinallıq, yeni baxış. Əlbəttə, bu, yenilik xatirinə yenilik deyildi. O, istedadlı idi, obrazlı düşüncə-daşınca sahibi idi. Altı yüzə qədər sevilən, yaddaqalan mahnı yazan, nəğmə qoşan bir sənətkarın elə o qədər də hər dəfə yeniləşən, təzə-təravətləşən ovqat “janr”ı olmalıdır. Hələ saysız-hesabsız teatr tamaşalarına yazdığı musiqiləri demirəm. Onun mahnılarını dinlədikcə, musiqi ilə söz arasındakı həmrəyliyi, aralarındakı “sukeçməz” yaxınlığı hiss etdikcə belə bir qənaət hasil olur ki, Emin Sabitoğlu mətnə münasibətdə mindənbir bəstəkarlardan yox, ən çoxu, beşdənbirlərdəndir. Onun musiqilərində, bəzən, mətnlərdəki poetikanı üstələyən notlar duyursan. Onun mahnıları öz rəngarəngliyi, mütəhərrikliyi, sədalanma aydınlığı ilə öz müəllifini dərhal nişan verir. Onun musiqilərinin hər tonu, hər çınqısı məsnəvi stilli poemalar kimi qafiyələnir, hər biri öz dəbində qiyafələnir. O, yağışdan, qardan, meşədən, hicrandan, vəfadan - nədən bəhs edirsə, dinləyici həmən o obyekt, o mövzu, o ovqat üstə köklənir. Onun kədərli mahnıları sevinc-şadlıq şərqilərindən xronometraj baxımından qısadır, lakin, əgər məzəli mahnıları (məsələn, “insaf da yaxşı şeydir”) adamın dadına çatmasa, neyləsən də saatlarla “qaş-qabağın yerlə gedər”...

   İstədim bu yazını burdaca bitirim. Sonra dedim, yox, bəlkə bir az onunBəlkə”sindən bəhs edim. Daha sonra qaldım məəttəl ki, belə bir incidən necə bəhs edim? Bu əsrarəngiz fortepiano prelüdü, heyrətamiz söz-səs düzülüşlü, kuplet quruluşlu, vals ritmli, qəribə, qərib duyğular oyadan tilsimi necə açım? Dedim, yaxşısı budur, bu mahnının havası beynimdə, bu ecazkar bəstəkarın bir çox mahnılarının möcüzəvi ifaçısı Flora Kərimovanın sədası başımda durum düşüm sahilə sarı. Özü , vaxtım çox, pulum az olsa da, məhz taksi ilə. Yəni, belə ki, gedim görüm, “Bir axşam taksidən payıza düşməknecə olur...

  

 

   Tahir Abbaslı

 

   Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 12.