Kinoda musiqi

 

   Ekran əsərində melodiya təsvir edilən obrazların xarakteristikası üçün başlıca vasitədir

  

   İncəsənətin elə bir sahəsi yoxdur ki, musiqi onunla sıx əlaqədə olmasın. Bu bəşəri sənət incəsənətin bütün qollarını özünə ram etmək iqtidarındadır. Musiqinin kinematoqrafiyada tətbiqi isə xüsusilə geniş və zəngindir.

 

   Amma bu prosesin özü o qədər də rəvan olmayıb. Musiqi kinoda heç də birdən-birə indiki qədər böyük və məsul mövqe tutmayıb. Kino istehsalının ilkin dövrlərində musiqi sadəcə tətbiqi rol oynayırdı. İlk səssiz kino nümunələri musiqinin müşayiəti ilə nümayiş olunurdu. Onu da deyək ki, bu müşayiətdə aparıcı funksiya əsasən fortepiano alətinin üzərinə düşürdü. Kinonun dramaturji xəttində cərəyan edən bütün dəyişikliklər pianoçunun ifa məharətindən asılı idi. Məsələn, bir çox filmlərimizi musiqiləri ilə rəngarəng edən məşhur bəstəkarlar Tofiq Quliyev, Rauf Hacıyev əvvəl ifaçı, sonra isə bəstəkar kimi kinoda fəaliyyət göstərmişlər.

   Ümumilikdə kinoda musiqi amili bədii məzmunun ideya və obrazının açılmasında ən mühüm elementlərdəndir. Kinematoqrafik təsvirin güclü amili olan musiqi filmdə mühüm dramatik funksiya yerinə yetirir. Bir çox milli kino nümunələrimizin bəstəkarı, Xalq artisti, professor Aqşin Əlizadə ümumilikdə kino musiqisinin öz spesifik qanunları və xüsusiyyətlərinin olduğunu deyir: “Kino bəstəkarı sadəcə olaraq, ekranda baş verən hadisələrə musiqi illüstrasiyaları deyil, filmin əsas dramaturgiyası ilə dərindən bağlı olan musiqi yazır. Kinofilmin əsasını həmişə həyatın bir parçası təşkil edir, burada hadisələr bir yerdə dayanmayıb inkişaf edir, qəhrəmanlar düşünür və fəaliyyət göstərir, vaxt isə yerində qalmır. Əsərdə bütün bu hərəkəti izləmək, ən kiçik dəyişikliklər haqqında, insan əhval-ruhiyyəsinin incəlikləri haqqında danışmaq olar. Kino isə öz spesifikasına görə vaxt sarıdan məhduddur. Ona görə də ekranda əsasən qəhrəmanların xarakterinin başlıca xüsusiyyətləri, mühüm həyat hadisələri göstərilir, musiqi isə bunları tamamlamaqla finala aparmalıdır. Yəni obrazların ümumilikdə ekrandan söz ilə təsvir edilə bilmədikləri insani hisslər musiqi ilə çatdırılmalıdır. Musiqi qəhrəmanların psixoloji xüsusiyyətlərini tamamlayıb dərinləşdirir, filmin epizodlarını xüsusi bir ifadə, parlaq və gözəl səs obrazları ilə zənginləşdirir».

   Kino musiqisi musiqi yaradıcılığının mürəkkəb bir sahəsidir. O, bəstəkardan ən müxtəlif forma və janrlara professional səviyyədə bələd olmağı və məntiqi dramaturji təfəkkür tələb edir. Ədəbiyyatda olduğu kimi, musiqidə də qısa və yığcam yazmaq olduqca çətindir. Bəstəkarın fikrincə, kinofilmdə bütöv və ardıcıl kompozisiya yaratmaq üçün musiqi-tematik material son dərəcə aydın və lakonik olmalıdır. Ekran əsərində melodiya təsvir edilən obrazların xarakteristikası üçün başlıca vasitədir: «Musiqi kinokadrları, obrazları musiqi ilə aça bilməlidir. Mən bütün kino musiqilərimə bu prinsiplə yanaşmışam. Digər tərəfdən kinoda musiqinin yaddaqalan olması da şərt deyil. Mən Hollivud istehsalı olan bir çox filmlərə baxıram. Onlarda əsasən ciddi, simfonik musiqilərə yer verilir. Elektro musiqilər və ya mahnılar az-az, özü də obraza uyğun və ya elə onun ifasında verilir. Amma ümumilikdə filmləri mahnı ilə doldurmaq və ya mahnı ilə kino nümunəsini yaddaqalan etməyə cəhd göstərmək, fikrimcə, peşəkarlıqdan uzaqdır. Kinolara yazılan musiqilər ciddi olmalıdır».

   Azərbaycan kino musiqisinin də özünəməxsus ənənələri var. 1936-cı ildə tamamlanan "Almaz" kinofilmi ilə həm Azərbaycanın səsli kinosunun, həm də Azərbaycan kino musiqisinin əsası qoyuldu. Filmin musiqisini maestro Niyazi və Zülfüqar Hacıbəyov öz öhdəsinə götürdü. Müharibədən sonra, 50-ci illərdə kino musiqisinin inkişafında Tofiq Quliyev, Rauf Hacıyev, Qara Qarayev kimi bəstəkarların xüsusi əməyi oldu. Bu nümunələrdə xalqa yaxın melodiyaların, xüsusən də mahnı janrının üstünlüyü aydın sezilirdi. 60-70-ci illərdə Xəyyam Mirzəzadə, Arif Məlikov, Fərəc Qarayev, Vasif Adıgözəlov kimi istedadlı bəstəkarlar yaratdıqları musiqilərlə milli kinomuza töhfə verdilər.

   Həmin illər Azərbaycan kino musiqisinin ən uğurlu dövrü hesab edilir. Bu yerdə Emin Sabitoğlu və Polad Bülbüloğlunun adlarını xüsusi qeyd etmək lazımdır. 80-90-cı illərə nəzər salsaq, titrlərdə Cavanşir Quliyev, Ramiz Mirişli, Rafiq Babayev, Eldar Mənsurovun adlarını tez-tez görmək mümkündür.

   Aqşin Əlizadənin fikrincə, musiqi istənilən halda tamaşaçını filmə kökləməlidir. Bununla yanaşı musiqi parçası kimi də uğurlu alınmalıdır: «Kinematoqrafiya tarixindən bir çox misallar göstərmək mümkündür ki, yalnız film üçün yazılmış musiqi ekran əsərinin hüdudlarını aşaraq, şöhrət qazanıb, böyük dinləyici auditoriyası tərəfindən sevilib. Məhz belə olduqda musiqi ədəbi mətn və kadr təsviri ilə vəhdətdə kino əsərinin ümumi dramaturgiyasının bərabərhüquqlu komponentlərindən biri sayılır».

  

 

   Həmidə Nizamiqızı

 

  Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 11.