Kino rəssamı Cəbrayıl Əzimovun 85 illik yubileyi qeyd edildi
Oktyabrın 28-də Dövlət Film Fondunda Əməkdar rəssam Cəbrayıl Əzimovun 85 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbiri Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq kino sənətində iz qoymuş tanınmış rəssamın yaradıcılığı haqqında danışdı. Sonra kino rəssamının yaradıcılıq yolunu əks etdirən fotoşəkillərdən hazırlanmış xatirə çarxı təqdim edildi.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Cəbrayıl Əzimovun həyatından söhbət açdı, onun işlədiyi filmlərdən yaddaqalan xatirələri tədbir iştirakçıları ilə bölüşdü. Bildirildi ki, Cəbrayıl Əzimov 1926-cı ildə Bakıda anadan olub, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. 1953-cü ildən ömrünün axırınadək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi çalışıb. Sənətkar 1969-cu ildə vəfat edib.
Tədbirdə Xalq artisti Rafiq Əzimov, kino rəssamı Mais Ağabəyov rəssamın kino sənətindəki işlərindən söhbət açdılar. Sonda rəssamın oğlu Elman Əzimov çıxış edərək atası haqqında xatirələrini danışdı.
Tədbirdə rəssamın çalışdığı filmlərdən kadrlar da nümayiş olundu. Qeyd edək ki, Cəbrayıl Əzimov “Görüş”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Sehrli xalat”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qızmar günəş altında”, “Qanun naminə” kimi filmlərin quruluşçu rəssamı olub.
Reyhan
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 11.