Sənət
məbədi - söz yaddaşı
6
noyabr Azərbaycan Televiziyası və Radiosu Günüdür
Müsahibimiz
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin sədr müavini, tanınmış
telejurnalist Cavanşir Cahangirovdur.
- Noyabrın 6-da Azərbaycan
radiosunun 85 yaşı tamam olur. Bu günün
sizin üçün xüsusi bir özəlliyi də var.
Noyabrın 6-da 55 yaşınız tamam olur. Bu il həm də Azərbaycan
Televiziyasının 55 illiyidir. Rəqəmlərin bu cür
düzülüşü adi bir təsadüfdür, yoxsa...
- Hərdən özüm də bu
təsadüfə şübhə ilə yanaşıram. Sonra da fikirləşirəm ki, bu sadəcə təsadüfdür.
Tale elə gətirib ki, mən televiziyamızın
yarandığı ildə, üstəlik milli teleradio
günündə - 1956-cı il noyabrın
6-da dünyaya gəlmişəm. Həyatım
da televiziya və radio ilə bağlı olub. Ali məktəbi bitirəndən sonra burada işləməyə
başlamışam. Həyatdakı ən
böyük sevgim də elə Azərbaycan televiziyası və
radiosudur.
“Radioya bu qədər vurulacağımı təsəvvür
etməzdim”
- Uzun illər televiziya sahəsində
çalışandan sonra radioya keçərkən hansı
hisslər keçirdiniz?
- Jurnalistika fakültəsində
oxuyarkən müxtəlif ixtisaslar vardı. O zamanlar mən tərcümə
qrupunda oxuya-oxuya eyni zamanda televiziya-radio ixtisasına da yiyələndim.
1983-cü ildə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
kiçik redaktor kimi fəaliyyətə başladım.
1989-1992-ci illərdə «Gənclik» redaksiyasında baş
redaktor, 1992-1995-ci illərdə «Yurd» mübadilə
proqramları redaksiyasında baş redaktor, 1995-2007-ci illərdə
«Beynəlxalq proqramlar» redaksiyasında baş redaktor,
2007-cı ildən «Gənclik, uşaq və hərbi vətənpərvərlik»
redaksiyasının baş redaktoru işləmişəm.
Jurnalistika elə bir
sənətdir ki, təhsilin səviyyəsindən
asılı olmayaraq gərək bu sənəti praktikada
öyrənəsən. Bayaq
adlarını çəkdiyim redaksiyalarda baş redaktor olana
qədər artıq bir sıra verilişlərin müəllifi
idim. Bunlardan ən çox yaddaqalanı
“Çay dəstgahı”dır. İntellektual
verilişlərimin sayı daha çox olub. Azərbaycan televiziyasında işlədiyim müddətdə
60-dan çox verilişin layihə müəllifi olmuşam.
Bir-iki veriliş hazırlayandan sonra iş yoldaşlarıma təhvil
verirdim. Bu gün də beləyəm, yeniliyi
xoşlayıram. Hər gün yeni ideya
eşitməyəndə elə bil nə isə itirirəm.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar
Cəmiyyətinin sədri Arif Alışanov məni radio
üzrə müavin təyin edəndə, doğrusu, bu təklif
mənim üçün bir az gözlənilməz
oldu. Heç vaxt radioda işləməmişdim.
Özümə sual verdim ki, görəsən,
bu işin öhdəsindən gələ biləcəyəmmi?
Qısa vaxt ərzində problemləri həll
etməyə çalışdıq. Artıq
islahatlar başa çatıb, strukturlar bərqərar olub,
texniki avadanlıqlar yenilənib, ən əsası budur ki,
yeniliyi qəbul etməkdə çətinlik çəkən
insanların düşüncəsində dəyişiklik edə
bildik.
Yeni texnika, müasir
avadanlıqlar alıb quraşdırmaq məsələnin
maddi tərəfidir. İnsanların
düşüncə tərzini dəyişmək isə mənəvi
məsələdir. Xaricdən dəvət
olunan mütəxəssislər həm texniki, həm də
yaradıcı heyətimizlə aylarla praktiki məşğələlər
keçdilər. Dünyada gedən
texnoloji inkişafdan geri qalmaq mümkün deyil. Radioda istedadlı, yüksək səviyyəli
professional jurnalistlər daha çoxdur. Çünki
burda jurnalistlər sözlə, səslə işləyirlər.
- Professional jurnalist kimi televiziya ilə
radio arasında hansı fərqləri gördünüz?
- Radio jurnalistikası mənə
daha maraqlı göründü. Radio məni
yenidən qələmə qaytardı. Radio kollektivinin
özü də televiziya kollektivindən bir az
fərqlidir. Radioda işləyənlər daha
çox təvazökar olurlar, öz işlərini daha
çox sevirlər. Əgər
televiziyanı, radionu sevmirsənsə, orda işləməyə
dəyməz. Sənətini sevəndə
başqa çətinliklərə də dözürsən.
Çünki sevdiyin işlə məşğulsan.
Sevdiyi işlə məşğul olmaq isə
insanı bezdirə bilməz. Mən həm də lirikəm,
bir az sentimentalam. Sentimental
düşüncəsi ilə deyirəm. Televiziyadan
əsas fərqimiz budur. Biz görməyib
sevirik - bizi görməyib sevirlər. Bizi
qeybdən gələn səsə bənzədib, qeybdən gələn
səs kimi sevirlər.
- Siz necə fikirləşirsiniz,
radionun əhatə dairəsi, auditoriyası yenə
böyükdür?
- Bura təyin olunandan sonra
dünyanın müxtəlif saytlarında müasir radiolar barədə
məlumatlarla tanış oldum, heç
vaxt dinləmədiyim radiolara qulaq asdım və bir daha əmin
oldum ki, radionun üstünlükləri həddindən
artıq çoxdur. Günü bu gün də
radionun siyasi, ideoloji əhəmiyyəti televiziyadakından
qat-qat artıqdır. Çünki radionun
dinləyici auditoriyası daha böyükdür. Dünyanın ən ucqar nöqtəsində belə
radioya əl çatır.
Bu gün də
informasiyanı sürətlə yaymaq baxımından
dünyanın hər yerində radio televiziyanı bir saat
qabaqlayır. İnkişaf etmiş ölkələrin
çoxunda radioda gedən reklamların sayı televiziyada gedən
reklamların sayından qat-qat artıqdır. Arzu edirəm ki, gələcəkdə Azərbaycan
məkanında da radioya münasibət belə olsun.
Fransız
yazıçısı Jül Renar deyirdi ki, yarpaqlar
çiçəklərin kasıb qardaşıdır.
Bu mənada radio televiziyanın kasıb, amma
daxilən zəngin qardaşıdır.
Demirəm, televiziya
yadıma düşmür, bu gün də televiziyada
verilişlər hazırlayırıq, amma radioya çox
bağlanmışam. Radioya bu qədər
vurulacağımı bilməzdim. Fikirləşirəm
ki, gələcəkdə hara getməyimdən asılı
olmayaraq, radioya bağlı olacağam.
“Qızıl fond”un qızıldan
qiymətli səsləri
- Cavanşir müəllim, Azərbaycan
radiosu həm də səs xəzinəmizin beşiyidir. Radionun “Qızıl fond”u barədə nə deyərdiniz?
- Radionun “Qızıl fond”unda
görkəmli sənətkarların ifasında muğamlar, bəstəkar
mahnıları, müxtəlif opera və tamaşalardan nadir
parçalar qorunub saxlanılır. Fondda elə
musiqilər, elə əsərlər var ki, onları başqa
heç bir yerdə tapmaq mümkün deyil. Mədəniyyət və incəsənət xadimləri
ilə yanaşı, dövlət adamlarının, görkəmli
şəxsiyyətlərin səsləri səs xəzinəmizin
incilərindəndir. Nə qədər
hesablansa da, dəqiqi sayını yenə də demək
çətindir. Ümumilikdə fondda 300 min lent
yazısı saxlanılır ki, onlardan 150 mini bu gün
faydalıdır. Yerdə qalanlar isə sovet
dövrünün ruhunu ifadə edən, o dövr
üçün hesablanmış lent yazılarıdır ki,
bizim yaşam tərzimizlə bu gün qətiyyən uyğun
gəlmir. Hər halda fondda olan bütün səslər
qorunub saxlanılır. Bayaq dedim ki, radionun bütün
texniki avadanlıqları müasir texnologiyalarla əvəz
olunub, qiymətli lentlərin bərpası çox çətin
bir proses olsa da bu istiqamətdə işlərə
başlanılıb, xüsusi otaqlar ayrılıb, montaj
avadanlıqları quraşdırılıb, bu proses davam edir.
- Bu gün canlı efirə o qədər
də yer ayrılmır. Bunun səbəbi nədir?
- Səbəb radionun daxilində
STM sistemindən yeni sistemə keçidlə
bağlıdır. Bu proses yekunlaşmaq üzrədir. Ondan sonra verilişlərimizin əksəriyyəti
efirə canlı çıxacaq. Bu gün
verilişlərimizin 30%-i efirə canlı çıxır.
“Xəbərlər” sutka ərzində 24 dəfə,
“Səhər” publisistik-musiqili proqram ayda 60 saat canlı efirdə
olur. Radionun canı onun canlı
olmasındadır.
Bağban
olmaq istəyirəm
- Yubiley ərəfəsində
radionun ən uzunömürlü verilişləri barədə
nə deyərdiniz?
- Ötən il
“Bulaq” verilişinin 40 illik yubileyini qeyd etdik. “Klassik
irsimizdən”, “Ovqat”, “Lirika dəftərindən” verilişləri
ən uzunömürlü verilişlərimizdəndir. Ən uzunömürlü verilişlərimizdən
biri də “Muğam konserti”dir. Yarım əsrdən
çoxdur ki, ən böyük şəhərlərdən
tutmuş ən ucqar kəndlərə qədər bazar
günləri dinləyicilər bu verilişə qulaq
asırlar.
- Azərbaycan radiosu 85 illik yubileyi
ilə bağlı tamaşaçılara hansı sürprizləri
hazırlayır, hansı yeni verilişlər gözlənilir?
- Bu sirri ilk dəfə sizə
açıram: yeni bir ideyam var, “Göstərir Azərbaycan
radiosu” adlı bir veriliş hazırlamağı
düşünürəm. Verilişin
ideyası da, adı da bir qədər qeyri-adidir, ancaq
çalışacağıq ki, səslə, sözlə
fikrimizi göstərə bilək, insanların beynində
sözün şəklini çəkək. O ki,
qaldı başqa yeni verilişlərə, bu işdə ifrata
varmaq olmaz. Radiomuzda 91 adda orijinal veriliş var.
Dünyanın heç bir radiosunda bu qədər orijinal
veriliş yoxdur. Ona görə də yeni
ideya deyəndə çətinlik çəkirik. Hansısa özünü doğrultmayan verilişi
yenisi ilə əvəz edirik, amma elə verilişlər var
ki, onlara əl vurmaq, hətta onların efir vaxtını dəyişmək
olmaz. O verilişlər radionun məhək
daşları, səs yaddaşlarıdır.
- 85 il müddətində
Azərbaycan radiosu həm də Azərbaycan dilinin keşiyində
dayanıb. Bu barədə nə deyərdiniz?
- Ötən 85 il
ərzində istər dillər institutları olsun, istər
filologiya fakültələri olsun, Azərbaycan ədəbi
dilini Azərbaycan radiosu qədər qoruyan və tələb
edən ikinci bir struktur təsəvvür eləmirəm. Azərbaycan radiosu xalqın danışan dili, milli-mənəvi
dəyərlərimizin təbliğatçısı, səs
xəzinəmizin beşiyidir.
- Azərbaycan radiosuna, Azərbaycan
televiziyasına və özünüzə nə
arzulayardınız?
- Arzu edirəm ki, Azərbaycan
radiosu tək danışmasın, həm də
duyduqlarını, hiss etdiklərini, demək istədiklərini
sözlə göstərsin. 85 il
böyük rəqəmdir. 85 yaşlı adama
ixtiyar qoca deyirlər. Mən istəyirəm
radiomuzun ixtiyarlığı müasirliklə, gəncliklə
qovuşsun. Baxmayaraq ki, Azərbaycan radiosu
MDB ölkələrinin ən yaşlı radiolarından
biridir. Cənubi Qafqazda və Şərqdə
ilk radiodur.
Azərbaycanın
çox qiymətli maddi-mənəvi sərvətləri var.
Bu təbii sərvətlərin siyahısına mən Azərbaycan
radiosunu da əlavə edirəm. Azərbaycan
radiosunda çox nadir səslər var, o səslər sərvətdir.
Əgər başqa sərvətlərin qiyməti
varsa, bu sərvətlərin qiyməti yoxdur.
Biz bu yubiley münasibətilə
çoxmilyonlu dinləyicilərimizi təbrik etməklə
yanaşı, 85 il ərində Azərbaycan
radiosunda əməyi, zəhmətli olan çox dəyərli
insanları xatırlayırıq, yad edirik. Radiomuz
13 dildə xarici ölkələrə də verilişlər
yayımlayır. O kollektivin 70 illik yubileyini də ürəkdən
təbrik edirəm. O ki, qaldı televiziyaya, mənim həyatım
televiziya ilə bağlıdır. Dostlarım,
yoldaşlarım, həmkarlarım hamısı ordadır.
Onları təbrik edirəm.
Özümə isə
arzulayıram ki, həmişə sevdiyim işlə məşğul
olum, mən burda işləmişəm, burda
formalaşmışam, azdan-çoxdan burda uğur
qazanmışam. Mən doğma
televiziyamı, doğma radiomu həddindən artıq çox
istəyirəm. Fikirləşirəm ki, təqaüdə
çıxanda da burda bağban olum.
Təranə
Vahid
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 10