Qara dəniz ölkələrinin turizm əməkdaşlığı müzakirə edilib

 

   İşçi Qrupun toplantısında Azərbaycan da təmsil olunub

  

   Oktyabrın 26-28-də Rusiyanın Krasnodar vilayətinin Gelencik şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə İşçi Qrupunun növbəti toplantısı keçirilib.

 

   «Qara dəniz regionunda turizm infrastrukturunun inkişafı» adlı toplantıda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun böyük məsləhətçisi Kəmalə Həsənova, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov və Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsi ediblər.

   Tədbirlə bağlı qəzetimizə məlumat verən Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, İşçi Qrupun iclasında üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, qonaq qismində Dünya Turizm Təşkilatının nümayəndəsi və müşahidəçi qismində Misir Ərəb Respublikasınin təmsilçisi iştirak edib. İclasa Rusiyanın Turizm, İdman və Gənclər Siyasəti Nazirliyinin Turizm üzrə Federal Agentliyinin sədri Aleksandr Radkov sədrlik edib. Tədbir iştirakçıları balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair kimi turizm növlərinin Qara dəniz regionunda inkişafı, regionda ətraf mühitin qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, QDİƏT regionunun vahid brendinin yaradılması, QDİƏT üzvü olan ölkələrin turizm uzrə veb səhifəsinin yaradılması və s. məsələləri müzakirə ediblər.

   Plenar iclasda Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev “Azərbaycanın turizm potensialı və sərmayə imkanları: turizm regionlarının vəziyyəti və inkişaf perspektivləri” mövzusunda çıxış edib. ATİ-nin rektoru Cəfər Cəfərov isə «Azərbaycanda turizm sənayesi üçün kadr hazırlığı, bu sahədə görülən və görüləcək işlər: perspektivlər» mövzusunda çıxış edərək Turizm İnstitutunun tədris proqramlarının hazırlanması ilə bağlı çoxsaylı suallara cavab verib.

   Konfrans zamanı Şimali Qafqaz respublikalarının universitetlərinin təmsilçiləri ATİ-də təhsil almaq şərtləri ilə maraqlanıblar: «Bu il ATİ-də doktoranturaya da qəbul həyata keçirilib. Rusdilli qrupumuz da var. Ona görə də mən onlara bildirdim ki, tələbə mübadiləsi sahəsində əməkdaşlığımız mümkündür. Bir faktı da nəzərinizə çatdırım ki, ATİ Rusiyada ServisTurizm Sahəsində İşləyən Universitetlər Konsorsiumunun Rusiyadan olmayan yeganə üzvüdür».

   C.Cəfərov tədbirin əhəmiyyətini də vurğuladı: «Belə toplantıların ən böyük faydası ikitərəfli əlaqələrin yaranmasıdır. Bu tədbirdə də xeyli ali məktəb nümayəndəsi vardı. Məsələn, Rusiya Yeni Universiteti, Soçinin Kurortlar İdarəsi ilə yeni əlaqələrimiz yarandı».

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 9.