Arxeoloji turizmin
inkişafı və təbliği
Oktyabrın 31-də “Miras” Mədəni
İrsin Öyrənilməsinə Kömək İctimai
Birliyinin həyata keçirdiyi “Azərbaycanda arxeoloji turizmin
inkişaf etdirilməsi və təbliği” layihəsinin
yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Qurumun rəhbəri, tarix üzrə fəlsəfə doktoru
Fariz Xəlilli görülmüş işlər barəsində
məlumat verərək bildirib ki, avqustun 1-dən oktyabrın
31-dək davam edən layihə Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının köməyi ilə
reallaşıb. Onun sözlərinə görə, layihənin
keçirilməsində məqsəd Azərbaycanda arxeoloji
turizmi təbliğ edərək bu sahənin inkişafına
nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti,
arxeologiya elminə marağı artırmaq, abidələrin
qorunmasına kömək etməkdən ibarətdir.
Layihə çərçivəsində
arxeoloji turizmin təbliği və təşviqi ilə
bağlı mədəniyyət və təhsil müəssisələrində
mühazirələr, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda
mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr
haqqında seminarlar təşkil olunub, “Azərbaycanın inciləri”
bukleti nəşr edilib.
F.Xəlilli qeyd edib ki, «Azərbaycanda
arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği»
layihəsi çərçivəsində “Azərbaycan abidələr
diyarıdır” qısametrajlı sənədli filmi də
çəkilib. Yaxın vaxtlarda bu filmin müxtəlif dillərə
çevrilərək dünya ictimaiyyətinə təqdim
olunması nəzərdə tutulur.
Layihənin davamlı olması
üçün yaradılmış archaeotourism.az xüsusi
internet səhifəsində tarixi abidələr, adət-ənənələr
və incəsənətimizin nümayiş olunması ilə
yanaşı, həm də arxeoturizmin imkanları da təbliğ
edilir.
Tədbirdə “Azərbaycan abidələr
diyarıdır” filmi nümayiş olunub. Sonda
iştirakçıları maraqlandıran suallar layihə
müəllifləri tərəfindən
cavablandırılıb.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 9