UNİMA - Beynəlxalq Kukla Teatrları İttifaqı

 

   Beynəlxalq Kukla Teatrları İttifaqı - UNİMA (Union Internationale de la Marionnette) 1922-ci il mayın 20-də Praqada kukla teatrlarının V konqresində təsis edilib.

 

   UNİMA-nın ilk prezidenti çex İrcix Veselı seçilib. Rus filoloqu Pyotr Boqatıryovun təşəbbüsü ilə çex, alman, italyan, fransız kukla teatrlarının yaratdığı təşkilat hazırda UNESCO-nun tərkibində fəaliyyət göstərir. Təşkilatın emblemində Avropa meydan teatrlarının səhnəsinin kukla təsvirləri əks olunub. UNİMA-nın baş qərargahı Fransanın Şarlevil-Mezyer şəhərində yerləşir.

   Qurumun ali orqanı konqresdir. Təşkilata prezident və baş katib rəhbərlik edib. Uzun illər UNİMA-nın prezidenti görkəmli teatr xadimi S.Obrazsov olub. UNİMA-nın fəxri prezidenti məşhur fransız pedaqoqu və rejissoru Marqarita Nikuleskudur.

   2008-ci ildə UNİMA-nın Avstraliyanın Pert şəhərində keçirilən konqresində hindistanlı Dadi Pudamci təşkilatın prezidenti, kanadalı Jak Trüdo isə baş katibi seçilib.

   Dünyanın bir çox ölkələrində UNİMA-nın milli mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər ölkələrində fəaliyyət göstərən professional və həvəskar kukla teatrları üçün müxtəlif tədbirlər keçirir, kukla teatrları ilə bağlı yenilikləri, yeni metodları yayırlar.

   Xəbər verdiyimiz kimi, bu günlərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da UNİMA-ya üzv qəbul olunub. Bu isə o deməkdir ki, artıq ölkəmizdə də UNİMA-nın milli mərkəzi fəaliyyət göstərəcək.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 7.