Xalq rəssamı Altay
Hacıyevin yubiley sərgisi
Oktyabrın 28-də Mədəniyyət və Turizm
Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan
Rəssamlar İttifaqının birgə təşəbbüsü
ilə görkəmli fırça ustası, Xalq rəssamı
Altay Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr
edilmiş sərginin açılış mərasimi
keçirildi.
Tədbiri giriş sözü ilə
açan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
Fərhad Xəlilov sənətkarın həyat və
yaradıcılığından danışdı. Qeyd olundu
ki, Altay Hacıyev peşəkar rəssam kimi incəsənətdə
öz sözünü deyib. Rəssamın əsərlərinin
mövzusu, ideya-bədii məzmunu, orijinal üslubu, kompozisiya
tərtibatı, kolorit həlli həm Azərbaycan təsviri sənətindən,
həm də Şərq duyumundan qaynaqlanır. O, müxtəlif
janrlarda, o cümlədən qrafika janrında gözəl sənət
nümunələri yaradıb. Rəssamın
yaradıcılıq xüsusiyyətlərini təhlil edən
natiq onun təvazökar, səmimi insan olduğunu, ictimai həyatda
fəal iştirak etdiyini vurğuladı.
Nizami adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin direktoru, professor, Milli Məclisin deputatı Rəfael
Hüseynov sənətkarın boya-başa
çatdığı ziyalı mühiti haqqında ətraflı
məlumat verdi. Bildirildi ki, rəssam Əmir Hacıyevin ailəsində
dünyaya göz açmış A.Hacıyev zəngin
yaradıcılığa malik bir sənətkardır. Rəssam
Azərbaycan tarixində xüsusi yer tutan qadınların
portretlərini yaradıb. Xüsusilə Xurşidbanu Natəvanın
portreti sənətkar tərəfindən həm şairənin
zahiri görkəminin, həm də daxili aləminin
açılması baxımından böyük ustalıqla
işlənilib. Yazıçı Anar yubilyarı sərgi
münasibətilə təbrik etdi, qocaman rəssama sənət
uğurları arzuladı.
Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət şöbəsinin Təsviri
və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov
görkəmli rəssamı mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin adından təbrik etdi, onun
yaradıcılığının yüksək qiymətləndirildiyini
bildirdi.
Tədbirdə
çıxış edən digər natiqlər Altay
Hacıyevin çoxşaxəli
yaradıcılığından danışdılar. Qeyd
olundu ki, rəssam yaradıcılığının
böyük bir dövrünü kitab qrafikasının
inkişafına sərf edib. Neçə-neçə kitaba bədii
tərtibat verən rəssam bir çox əsərlərə
illüstrasiyalar çəkib, həmçinin rəngkarlıq
sahəsində də qiymətli əsərlər yaradıb.
Onun rəngkarlıq əsərlərinin ana xəttini
şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz
və zəngin mənəviyyat xəzinəmizin tərənnümü
təşkil edir.
Tədbirdə həmçinin Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən rəssamın 80 illik
yubileyi münasibətilə çap olunmuş “Xalq rəssamı
Altay Hacıyev” kitabının təqdimatı oldu.
Öz növbəsində Altay
Hacıyev tədbirin təşkilatçılarına və
iştirakçılara minnətdarlığını
bildirdi.
Sonra sərgiyə baxış
keçirildi. Rəssamın “Xalqımızın ulduzları”
silsiləsindən olan “Tomris”, “Məhsəti Gəncəvi”,
“Sara Xatun”, “Xurşidbanu Natəvan”, “Tutibikə”, “Aşıq
Pəri”, “Ağabəyim Ağa” və şəxsi
kolleksiyasından “Mehriban Əliyevanın portreti” əsərləri
böyük maraq doğurdu. Ümumilikdə, sərgidə rəssamın
son illərdə yaratdığı 13 qrafika, 63 rəngkarlıq
əsəri nümayiş etdirilirdi.
Ceyhun
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 5.