«Ramiz Mustafayev» monoqrafiyası təqdim olundu

 

   Oktyabrın 28-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artisti Ramiz Mustafayevin 85 illiyinə həsr olunmuş «Ramiz Mustafayev» monoqrafiyasının təqdimatı keçirildi. Monoqrafiyanın müəllifi musiqişünas, Əməkdar incəsənət xadimi Zemfira Qafarovadır.

   Tədbiri Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq bəstəkarın həyat və yaradıcılığından, onun Azərbaycan musiqisi tarixinə verdiyi töhfələrdən danışdı. Daha sonra monoqrafiya haqqına məlumat verən F.Əlizadə bildirdi ki, Azərbaycan və rus dillərində işıq üzü görən kitabda R.Mustafayev haqqında olan məqalələr və onun əsərlərinin təhlili yer alıb.

   Musiqişünas, Əməkdar incəsənət xadimi Aidə Tağızadə çıxışında görkəmli musiqiçilərin yaradıcılığına həsr olunmuş belə nəşrlərin əhəmiyyətini qeyd etdi. O, R.Mustafayevin musiqi yaradıcılığı ilə yanaşı, teatra bağlılığından da söz açdı. R.Mustafayevin teatra olan bağlılığından Xalq artisti Tofiq Bakıxanov da danışdı: «Ramiz Mustafyevlə 40-cı illərin ortalarında tanış olmuşduq. Televiziya verilişlərində tez-tez görüşürdük. Onun işgüzarlığı həmişə məni heyran edirdi. İncəsənətlə yanaşı, ədəbiyyatı da gözəl bilirdi. Onun xalq mahnılarını işləməsindən tədris proqramlarında istifadə etmək olar».

   Xalq artisti Ramiz Quliyev isə R.Mustafayevin öz yaradıcılığında muğama, milli ənənələrə bağlı olmasından danışdı.

   Tədbirdə daha sonra bəstəkarın «Məlahət sultanı», «Saçları şəlalədir», «Yadıma sən düşəndə» romansları, «Sənin gözlərin» mahnısı səsləndirildi.

 

 

   Gülər

 

  Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 5.