“Şərq
Tərəfdaşlığı Mədəniyyət
Proqramı” çərçivəsində dəyirmi masa
Noyabrın
1-də «Park İnn» hotelində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı
Mədəniyyət Proqramı” çərçivəsində
Mədəniyyət Proqramı Regional Monitorinq və
İmkanların Gücləndirilməsi Bölməsinin dəyirmi
masası keçirildi. Dəyirmi masada Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin,
Mədəniyyət və Turizm Nazirliyinin, eyni zamanda nazirliyin
tabeçiliyində olan aidiyyəti qurumların təmsilçiləri,
mədəniyyət sahəsində müstəqil ekspertlər
iştirak edirdilər.
Tədbirdə
çıxış edən Avropa Birliyinin Azərbaycandakı
nümayəndəliyinin əməliyyat idarəsinin rəhbəri
Federiko Berna bildirdi ki, “Şərq Tərəfdaşlığı”
proqramının həyata keçirilməsi insanlar
arasında əlaqələrin aktivləşdirilməsi və
mədəni əməkdaşlığın qurulmasına
yönəlib. Qeyd olundu ki, Avropa Birliyi Azərbaycanda mədəniyyət
sahəsində bir sıra proqramlar reallaşdırır,
“Şərq Tərəfdaşlığı” proqramı
çərçivəsində belə layihələr 2010-cu
ildən həyata keçirilir: “Mədəniyyət Avropaya
inteqrasiyanın mühüm bir hissəsini təşkil edir.
Avropa öz mədəni müxtəlifliyi ilə fəxr edir.
Müvafiq qanunvericilik vasitəsi ilə mədəniyyət
sahəsində təşəbbüslərin, fəaliyyətlərin
gücləndirilməsi nəzərdə tutulub. Bununla
bağlı ölkələr arasında mədəniyyət əlaqələrini
daha da genişləndirmək üçün “Şərq Tərəfdaşlığı
Mədəniyyət Proqramı” iştirakçı ölkələrə
çoxtərəfli bir platforma təklif edir. Proqramın əsas
məqsədi regionda davamlı inkişafa dəstək vermək
və dövlət səviyyəsində mədəniyyət
siyasətinin genişləndirilməsi və təcrübələrin
bölünməsini stimullaşdırmaqdır”.
Mədəniyyət və Turizm
Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq
və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə “Şərq
Tərəfdaşlığı” proqramının ölkəmizdə
mədəni layihələrin reallaşdırılması
üçün yeni imkanlar yaratdığını, Avropada mədəni
proseslərin inkişafına təkan verəcəyini qeyd
etdi. Nazirlik rəsmisi Azərbaycanın Avropa Birliyi ilə mədəni
layihələrə xüsusi önəm verdiyini bildirdi. Qeyd
olundu ki, əməkdaşlığın
başlanğıcında inkişafa yardım diqqət mərkəzində
olduğu halda, sonrakı əlaqələr siyasi dialoq, iqtisadi
inkişaf, ətraf mühit, təhsil və mədəniyyət
kimi geniş çeşidli sahələri əhatə edən
strateji tərəfdaşlığa çevrilib.
Tədbirdə
qarşılıqlı əlaqələrin genişləndirilməsi,
milli və regional səviyyədə mədəniyyət, mədəni
irs, incəsənət, mədəni turizm sahəsində
siyasətin prioritet sahələrinin müəyyən edilməsi,
ehtiyacların öyrənilməsi və s. məsələlərə
dair fikir mübadiləsi aparıldı.
Ceyhun
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 4.