Azərbaycanda
qeyri-ənənəvi turizm sahələrinin
inkişafı
Çay turizminin inkişafı üçün
böyük imkanlar var
Noyabrın 1-də Azərbaycanda Regional İnkişaf Mərkəzi
tərəfindən “Azərbaycanda qeyri-ənənəvi
turizm sahələrinin inkişafı” mövzusunda təqdimat
keçirilib. Tədbirdə qeyri-neft sektorunun, turizmin, əsasən
də qeyri-ənənəvi turizm sahələrinin
inkişafı yolları müzakirə olunub.
Tədbirdə
çıxış edən Regional İnkişaf Mərkəzinin
direktoru Çingiz İsmayılov bildirib ki, Dünya
İqtisadi Forumunun hazırladığı rəqabətliliyin
reytinq cədvəlinə əsasən Azərbaycan MDB-də
3-cü, dünyanın 189 ölkəsi arasında isə
83-cüdür: «Azərbaycanda turizmin qeyri-neft sektorunun
aparıcı sahəsinə çevrilə bilməsi
üçün böyük potensial mövcuddur. Hazırda
kifayət qədər iri turizm layihələri
reallaşdırılır. “Şahdağ” qış-yay turizm
kompleksi indiyədək bu sahədə həyata keçirilən
ən böyük layihədir. Azərbaycan ənənəvi
turizmin inkişafı üçün zəngin potensiala
malikdir, amma əsas məsələ bu potensialdan necə
istifadə etməyimizdir”.
Ç.İsmayılovun sözlərinə
görə, ölkədə çay turizminin inkişafı
üçün böyük imkanlar var: “Kür
çayının Azərbaycan ərazisində 400-500 kilometri
çay turizmi üçün yararlıdır. Ancaq bundan
istifadə olunmur. Halbuki bu, Aran bölgəsində bir
çox problemlərin həllinə səbəb olar. Çay
turizmi bu regionda məşğulluğun artması,
balıqçılığın inkişafı, eyni zamanda
Kürün lildən tutulmaması üçün əla
vasitədir”.
Mütəxəssis eyni zamanda ada
turizminin inkişaf perspektivlərindən və vacibliyindən
danışıb. Qeyd edib ki, turizmin istənilən sahəsində
uğura nail olmaq üçün böyük layihələrdən
daha çox kiçik və orta sahibkarlığın
inkişafı əlverişlidir.
Azərbaycan Turizm İnstitutunun
kafedra müdiri Bahadur Bilalov deyib ki, turizm Azərbaycanda hələ
ötən əsrin sonlarında inkişaf edib, sadəcə,
iqtisadi əhəmiyyət daşımayıb: «Burada pul
qazanmaqdan çox sovet insanının rahat şəraitdə
istirahət etməsi nəzərdə tutulub. İndi artıq
bütün dünyada turizm gəlirli bir sahəyə
çevrilib. Azərbaycanda qeyri-ənənəvi turizm sahələrinin
inkişaf etməsi üçün mövcud potensialdan
yararlanmaq vacibdir».
F.Abdullayeva
Mədəniyyət.-
2011.- 2 noyabr.- S. 4.