Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı
Festivalda 16 ölkədən
20-dən artıq teatr
kollektivi iştirak edir
Son dövrlər mədəniyyət
sahəsində bir çox beynəlxalq layihələrə ev sahibliyi edən ölkəmizin mədəni həyatında
daha bir önəmli tədbirə
start verildi. Noyabrın 1-də Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı başlandı. Dünya
teatr sənətinin qədim qollarından sayılan kukla teatrının tanınmış
nümayəndələri, beynəlxalq teatr təşkilatlarının rəhbərləri
Azərbaycan paytaxtına
toplaşıblar.
Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin, UNİMA - Beynəlxalq
Kukla Teatrları İttifaqının və
TÜRKSOY-un birgə təşkil
etdiyi festival noyabrın
6-dək davam edəcək.
Beynəlxalq miqyaslı tədbirin
açılışı da möhtəşəmliyi
ilə yadda qaldı. A.Şaiq adına Azərbaycan
Dövlət Kukla Teatrının binası qarşısında gerçəkləşən
mərasim maraqlı və rəngarəng idi. Ayrı-ayrı nağıl qəhrəmanlarının
personajları ilə bəzədilmiş binanın
ətrafı, uşaqların
sevimli nağıl qəhrəmanlarının qiyafəsində
gəzişən aktyorlar,
binanın həyətində
qurulan səyyar səhnədə nümayiş
olunan kukla tamaşalarından parçalar
görkəmli ab-hava yaratmışdı. Balacaların
sənət bayramı
olan festivalın açılışını «Can bala» qrupunun şən, gözəl mahnı və rəqsləri daha da yaddaqalan etdi.
Mərasimə
toplaşanlar «Kilimarası»
səhnəciyinin ardınca
bütün dünyada
məşhur olan kukla tamaşalarının
sevimli qəhrəmanlarını
- şahzadə Turandotu,
Hipolitanı, Paperonu, Göyçək Fatmanı,
Qoçaq Əhmədi,
Ələddini, Cırtdanı,
Tıq-tıq xanımı
və digər sevimli personajlarını alqışlarla müşayiət
etdilər. Maraqlı təqdimatın ardınca
teatrın tamaşa zalında festivalın rəsmi açılış
mərasimi oldu.
«Azərbaycan
teatrı 2009-2019-cu illərdə»
Dövlət Proqramı
çərçivəsində Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının
20-ci ildönümünə həsr olunan festivalda dünyanın 16 ölkəsindən 20-dən artıq
teatr kollektivi iştirak edir. Tədbirə Böyük
Britaniya, İspaniya, Avstriya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Rumıniya, Misir, İordaniya, İran, Estoniya, Litva, Özbəkistan və Qazaxıstandan onlarla kukla sənətçisi,
nüfuzlu teatr tənqidçiləri və
kukla teatrı biliciləri təşrif buyurublar.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə
keçirilən festivalın
Azərbaycan Kukla Teatrının 80 illiyinə
təsadüf etdiyini vurğuladı, belə beynəlxalq tədbirlərin
teatrlar arasında qarşılıqlı əlaqələrin
inkişafında böyük
rol oynadığını
qeyd etdi: “Festivalın təşkilində
bizə dəstək olduqlarına görə
UNİMA-nın rəhbərliyinə
və TÜRKSOY-un nümayəndələrinə
xüsusilə minnətdarlığımı
bildirirəm. Düşünürəm ki, bu festival Azərbaycanda teatr bayramına çevrilməklə
yanaşı, yeni yaradıcılıq əlaqələrinin
yaranmasına, sənət
mübadiləsinin genişlənməsinə
imkan verəcək.
Bu festivaldan sonra
Azərbaycan kukla teatrlarının fəaliyyəti
tamamilə yeni mərhələyə qədəm
qoyacaq və onların beynəlxalq festivallarda daha da uğurla iştirakına zəmin yaradacaq. Azərbaycan Dövlət Kukla
Teatrı da, digər teatrlarımız
kimi, beynəlxalq festivallarda iştirak edib. Amma belə bir irimiqyaslı tədbirin reallaşması onların
bundan sonrakı uğurlarına bir növ bələdçilik
etmiş olacaq. Digər tərəfdən mən çox sevinirəm ki, bu sənət
ocağı 80 illik yubileyinə çox böyük uğurlarla gəlib. Ölkə
başçısının xüsusi sərəncamı
ilə beş
il öncə əsaslı təmir-bərpadan
sonra yaradıcı kollektivin ixtiyarına verilən bu möhtəşəm bina
balaca tamaşaçıların
sevimli evinə çevrilib».
138-ci mövsümünü
yaşayan Azərbaycan
milli teatrının inkişafında özünəməxsus
yer tutan 80 yaşlı kukla teatrının tarixinə
qısa nəzər salan nazir bu
sənət ocağının
insanlarda teatra marağın yaranmasında
müstəsna rol oynadığını bildirdi:
«Dram aktyoru, görkəmli
sənətkar Mollaağa
Bəbirlinin yaratdığı
teatrın ənənələri
sübut edir ki, balaca tamaşaçılarımız
məhz bu səhnədə göstərilən
tamaşalarla həm teatr aləmi ilə tanış olur, həm də bəşəriyyətin
nağıl aləminə,
uşaq dünyasına
qoşulurlar. Mən sevinirəm
ki, bu teatrın
yaradıcı heyəti,
ömrünü bu sənət ocağına
həsr etmiş sənətkarlar onun səhnəsində, divarları
arasında mükəmməl
yaradıcı mühiti
saxlamaqla balacaların
sevimli məkanı olma missiyasını davam etdirirlər. Mən fürsətdən istifadə
edib Azərbaycan milli teatr sənətinin
inkişafında fədakarcasına
xidmət edən kollektivi təbrik edir və onlara
yeni-yeni yaradıcılıq
uğurları arzulayıram.
Tam əminliklə bildirirəm
ki, Azərbaycan dövləti daim Azərbaycan teatr sənətinə böyük
hörmətlə yanaşacaq,
onun inkişafı üçün nə gərəkdirsə edəcək
və təbii ki, Dövlət Kukla Teatı da bu sırada
ilk yerlərdə olacaqdır».
Sonra söz UNİMA-nın
baş katibi Jak Trüdoya verildi. Səmimi qonaqpərvərliyə və
tədbirin təşkilindəki
təşəbbüskarlığa görə təşəkkürlə
sözə başlayan
qonaq ölkəmizlə
bağlı təəssüratlarını
bildirdi: «Bu gözəl
ölkədə olmaqdan
böyük məmnunluq
duyuram. Burada mədəniyyət və teatra olan böyük marağı insanların gözlərindən duymaq
olur. Tədbirə qatılanların sevinci və hər çıxışı
hərarətlə alqışlamaları
sənətə və
sənətkara yüksək
qiymət verildiyini göstərir. Özündə
75 ölkəni birləşdirən
UNİMA təşkilatının İdarə Heyəti adından kuklaçıların
böyük ailəsinə
təzəcə qədəm
qoyan UNİMA-Azərbaycan
Milli Mərkəzini təbrik edir və inanıram ki, sülh, mehribanlıq, firavanlıq
işinə xidmət
edən möcüzəli
kukla teatrı vasitəsilə dünyamızı
daha da gözəlləşdirəcəyik.
İnanıram ki, qarşıdakı
günlərdə bizi
çox gözəl hadisələr gözləyir.
Festivalın təşkili müxtəlif
ölkələrin tamaşalarını
bir səhnədə göstərməklə yanaşı,
yeni əməkdaşlıq
əlaqələrinin qurulmasına
da zəmin yaradacaq».
UNİMA-nın
Türkiyə Milli Mərkəzinin prezidenti Mövlud Özhan da festival iştirakçılarını
təbriklə sözə
başladı: «Belə
bir mötəbər və möhtəşəm
festivalın dost, qardaş
ölkə olan Azərbaycanda düzənlənməsi
sevindirici haldır. Buna görə də
təşkilatçılara, xüsusən də Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkür
edirəm. Bütün türk
soylarında kukla tamaşaları ənənələri
var və bu çox qədimlərə
gedib çıxır.
Türk xalqlarının
mədəniyyətinin rəngarəngliyinin
təcəssümü olan
kukla ənənələrinin
daha da inkişafına
nail olmaq, günün
texniki tərəqqisindən
də istifadə etməklə daha üst səviyyəyə
qaldırmalıyıq».
Çıxışların ardınca qonaqlar
Azərbaycan Dövlət
Kukla Teatrının təqdimatında Kamran Şahmərdanın «Ağ
və qara» tamaşasına baxdılar.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2011.- 2 noyabr.-
S. 3.