Festival ölkəmizdə teatrla bağlı həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir

 

   Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı ilə Azərbaycanda I Beynəlxalq Kukla Teatrları Festivalı işə başladı. Noyabrın 1-də Dövlət Kukla Teatrında festivala həsr olunmuş mətbuat konfransında tədbir barədə media mənsublarına ətraflı məlumat verildi.

  

   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev festivalı ölkəmizdə teatrla bağlı həyata keçirilən tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndirdi: «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramı çərçivəsində ilk dəfə olaraq ötən il ölkəmiz Beynəlxalq Bakı Teatr Konfransına ev sahibliyi etdi. 30 xarici ölkədən 70-ə yaxın tanınmış teatr xadimi, rejissorlar, menecerlər, teatr tənqidçiləri Azərbaycana toplaşmışdılar. Həmçinin Çexov Festivalının bir hissəsi Bakıda keçirildi. Noyabrın 1-dən 6-dək isə ölkəmiz I Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi edəcək. Bu tədbirdə iştirak etmək üçün beynəlxalq teatr təşkilatlarının nümayəndələri Azərbaycana təşrif buyurublar. Bakıya 16 ölkədən 155 qonaq gəlib. Festival zamanı 22 tamaşa Dövlət Kukla Teatrı, Rus Dram Teatrı və Gənc Tamaşaçılar teatrlarında nümayiş olunacaq».

   Nazir müavini festival çərçivəsində Azərbaycanda ilk dəfə olaraq «Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika» adlı elmi simpoziumun keçiriləcəyini, toplantıda beynəlxalq teatr tənqidçiləri və ekspertlərin iştirak edəcəyini dedi. Qeyd olundu ki, festival günlərində ölkəmizin bir neçə teatrının beynəlxalq teatr qurumlarına üzvlüyə qəbul olunması ilə bağlı mərasimlər keçiriləcək. Gənc Tamaşaçılar Teatrının Beynəlxalq Gənc Tamaşaçılar Teatrları Assosiasiyasına - ASSİTEJ-ə üzv seçilmə mərasimi keçiriləcək. Akademik Milli Dram Teatrında keçiriləcək tədbirdə isə teatr Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasına üzv qəbul olunacaq.

   Nazir müavini ölkəmizdə hər iki ildən bir Beynəlxalq Kukla Teatrları Festivalının keçirilməsinin planlaşdırıldığını bildirdi.

   UNİMA-nın baş katibi Jak Trüdo isə teatr festivalına böyük önəm verildiyini diqqətə çatdıraraq bu tədbirdə iştirakından məmnunluq duyduğunu bildirdi: «Həmçinin UNİMA-Azərbaycan Mərkəzinin yaradılmasına da sevinirəm. Gələcəkdə Azərbaycan kukla teatrları ilə sıx əməkdaşlıq qurulacağını gözləyirik».

   Mədəniyyət və Turizm Nazirliyini belə bir festivalın gerçəkləşməsi münasibətilə təbrik edən UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan tədbirin əhəmiyyətindən danışdı.

   UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava isə fikrinə maraqlı bənzətmə ilə rəng qataraq Azərbaycanı qədim nağıllar diyarı adlandırdı.

   TÜRKSOY-da Azərbaycan təmsilçisi Elçin Qafarlı teatrın insanlara olan təsirindən danışaraq bildirdi ki, hər bir xalqın uşaqları milli nağıllarla böyüyür. Milli nağılların təbliği və təqdimatı isə birbaşa kukla teatrlarının üzərinə düşür. Bu baxımdan da keçirilən festival böyük əhəmiyyət daşıyır.

   Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri də çıxış edərək, tədbirin yeni sənət əlaqələrinin qurulmasına müsbət təsirindən söz açdı.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 2 noyabr.- S. 2.