Azərbaycan
teatrının inkişafı dövlətin daim
diqqət mərkəzindədir
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev beynəlxalq teatr təşkilatlarının
rəhbərləri ilə görüşüb
Mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev noyabrın 1-də
Bakıda keçirilən Beynəlxalq Kukla Teatrları
Festivalının yüksək səviyyəli qonaqları -
Beynəlxalq Kukla Teatrları İttifaqının (UNİMA)
baş katibi Jak Trüdo, UNİMA-nın vitse-prezidenti Stanislav
Dubrava, ASSİTEJ-in prezidenti İvet Hardi, Fuceyra Beynəlxalq
Monodram festivalının direktoru Məhəmməd Saif əl-Alkam,
Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri
üzrə koordinatoru İbrahim Assiri, Teatr Tənqidçiləri
Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais, Azərbaycanın
TÜRKSOY-da nümayəndəsi Elçin Qafarlı ilə
görüşdü.
Qonaqları salamlayan nazir
vurğuladı ki, Azərbaycan dövləti mədəniyyətin
bütün sahələri ilə yanaşı, teatr sənətini
də daim diqqət mərkəzində saxlayır.
Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun
layiqli davamçısı, Prezident İlham Əliyevin
böyük qayğısı və diqqəti nəticəsində
teatrlarımız sürətlə inkişaf edir. Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
Azərbaycan mədəniyyətinin inkişafında göstərdiyi
misilsiz xidmətlər teatr sənətinin inkişafına da
böyük dəstəkdir.
Bu il Azərbaycanın dövlət
müstəqilliyinin bərpasının 20 illiyinin qeyd
olunduğunu nəzərə çatdıran Əbülfəs
Qarayev ötən müddətdə ölkəmizdə teatr sənətində
mühüm uğurlar əldə olunduğunu bildirdi. Qeyd
olundu ki, Azərbaycan teatr tarixi qədim və zəngin ənənələrə
malikdir: “Bu mənada peşəkar kukla teatrının
formalaşması böyük bir hadisədir və bu il Azərbaycanda
bu profili teatrın yaranmasının 80 illiyini qeyd edirirk».
Uşaqların mənəvi tərbiyəsində
kukla teatrının mühüm rol oynadığını
bildirən nazir teatrın zəngin repertuarının
olduğunu dedi. Qeyd etdi ki, Azərbaycan kukla teatrlarının
repertuarlarında dünya klassiklərindən tutmuş Azərbaycan
uşaq ədəbiyyatı müəlliflərinin əsərlərinədək
ən müxtəlif mövzuda tamaşalar var.
Nazir əmin olduğunu bildirdi ki,
bu festivaldan sonra Azərbaycanın kukla teatrlarının beynəlxalq
əlaqələri daha da genişlənəcək,
teatrlarımız dünya teatr sahəsində cərəyan
edən hadisələrlə bilavasitə yaxından
tanış olacaqlar: “Gələcəkdə UNİMA və
TÜRKSOY-un təşkilatçılığı ilə
bir çox layihələr, ustad dərsləri , mübadilələr
həyata keçiriləcək. Respublikamızda fəaliyyət
göstərən teatrların təkcə maddi-texniki
bazasının deyil, yaradıcı mühitinin də
güclü olması bizi düşündürür və
buna görə də UNİMA-ya üzv olan ölkələrlə
mübadiləni vacib sayırıq”.
Görüşün sonunda
UNİMA-nın baş katibi Jak Trüdo nümayəndələr
adından Mədəniyyət və Turizm Nazirliyinə
festivalın yüksək səviyyədə təşkilinə
görə minnətdarlığını bildirdi. Həm
ictimaiyyətin, həm də media nümayəndələrinin
festivala marağından məmnun qaldıqlarını qeyd edən
qonaq tədbirin iştirakçı dövlətlər
arasında dostluq körpüsü yaratdığını
vurğuladı.
Lalə
Azəri
Mədəniyyət.- 2011.- 2 noyabr.-
S. 2.