Kukla teatrı sənətçisinin akademik təhsil alması vacibdir

 

   Beynəlxalq kukla teatrları festivalı çərçivəsində şəhərimizə təşrif buyuran qonaqlardan biri də UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhandır. Ondan festivalla bağlı fikirlərini öyrəndik.

  

   - Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq festival çox gözəl təşkil olunub. Təbii ki bu festivalın təşkili Azərbaycan mədəniyyətinin təbliği, tanıdılması ilə yanaşı, həm də başqa ölkələrin kukla teatrları vasitəsi ilə həmin ölkələrin mədəniyyətini, adətlərini tanımaq baxımından çox önəmlidir. 16 ölkədən 20-dən çox kollektivi bir araya toplamaq ilk festival üçün çox böyük uğurdur. Müxtəlif xalqların tamaşalarını izləyirik və hər birinin özünəməxsus texnikalarla işlədiyinin şahidi oluruq. Bir həftə ərzində tamaşalarla yanaşı elmi simpoziumun keçirilməsi də təqdirəlayiqdir. Bu simpoziumda hər bir ölkə öz kukla teatrı haqqında məlumat çatdıra bilir.

   Türkiyədə də kukla teatr sahəsi inkişaf etməkdədir. Azərbaycanda olduğu kimi, bizdə də kilimarası tamaşaları oynanılır, kölgə-qaragöz tamaşaları da həmçinin. Dünyada tanınan bu teatr növünü (Qaragöz tamaşaları) UNESCO Türkiyənin mədəni irs nümunəsi kimi qəbul edib.

   Türkiyədə ölkə miqyaslı ilk kukla teatr festivalı 1983-cü ildə keçirilib. UNİMA-Türkiyə Milli Mərkəzi yarandıqdan (1990-cı ildə) sonra 1993-cü ildə beynəlxalq festival təşkil etdik. Bu festival hər iki ildən bir təşkil olunur. Bundan əlavə, Bursada hər il Bursa qaragöz və kölgə oyunları festivalı da keçirilir.

   Biz təşkil etdiyimiz festivallara Azərbaycanın kukla teatrlarını da dəvət edirik. Azərbaycanda kukla teatrı keçən əsrin əvvəllərində yaransa da, bizim ilk dəvət etdiyimiz kollektiv Azərbaycan Dövlət Kukla teatrının kollektivi olmuşdu. 90-cı illərdə ölkəmizə ilk səfər edən rəhmətlik Ələkbər Hüseynovun xatirəsini daima yad edirəm. O, kukla teatrı sahəsində çox dəyərli sənət adamı idi.

   Dünyanın bir sıra ölkələrində kukla teatrı aktyorlarını yetişdirən məktəblər var.

   Düşünürəm ki, kukla teatr sənətçilərinin akademik təhsil alması vacibdir. Bu sənət növü yaradıcılığa çox açıqdır. Ən xırda bir müşahidədən oyun düzəldilə bilər.

   Bakı festivalının davamlı olmasını arzulayıram.

  

 

   L.Azəri

 

  Mədəniyyət.- 2011.- 4 noyabr.- S. 14.