Mədəniyyət
insanları bir-birinə daha da yaxın edir
Bakıdakı teatr bayramında iştirak edən Beynəlxalq
Teatr İnstitutunun Yaxın Şərq ölkələri
üzrə koordinatoru İbrahim Assiri (Səudiyyə Ərəbistanı)
da festivalla bağlı təəssüratını
bölüşdü:
- Əvvəla, onu qeyd etmək istərdim
ki, Azərbaycan çox gözəl ölkədir. Bu mənim
Bakıya ikinci səfərimdir. Ötən il burada Beynəlxalq
Teatr Konfransında iştirak etmişəm. Şəhərinizin
bu qədər gözəlləşəcəyini
düşünmürdüm. Hər tərəfdə
tikinti-abadlıq işləri gedir. Burada olmaqdan çox məmnunam.
İnsanların teatra, mədəniyyətə
marağını çox yüksək qiymətləndirirəm.
Azərbaycan Şərqlə Qərbin qovuşduğu bir məkandır.
Burada təbii ki, mədəniyyətlər də qovuşur.
Teatr mədəniyyətin bir qoludur. Tarixə nəzər
salsaq görərik ki, Orta Şərq kukla teatrlarının
tarixi digər regionlara nisbətən daha qədimdir. Azərbaycanda
da teatr sənətinin tarixi ənənələri olduğunu
bilirəm.
Bu festivalı ötən il burada
keçirilmiş Beynəlxalq Teatr Konfransının bir
növ davamı hesab edirəm. Hər iki tədbir teatr sənətinin
inkişafına, təbliğinə, peşəkar təcrübə
mübadiləsinə xidmət edir. Çünki belə tədbirlərdə
teatr mütəxəssisləri fikir mübadiləsi,
diskussiyalar aparırlar. Nəticədə bu sahədə
mövcud olan problemlər də müəyyən mənada həllini
tapır. Bu baxımdan Bakı festivalını yüksək dəyərləndirirəm.
Digər tərəfdən, demək
istərdim ki, bu tipli beynəlxalq tədbirlər mədəniyyətlərin
mübadiləsində, insanların bir-biri ilə daha
yaxından ünsiyyət qurmasında mühüm əhəmiyyət
kəsb edir. Mədəniyyət insanları bir-birinə daha
da yaxın edir. Festivalda təmsil olunan ölkələrin
teatrları öz tamaşalarını Azərbacan
tamaşaçılarına, teatrsevərlərə təqdim
edirlər. Bu tədbiri əhəmiyyətli edən səbəblərdən
biri də odur ki, Azərbaycan vətəndaşları
dünya xalqlarının kukla teatrı mədəniyyəti
ilə tanış olmaq imkanı qazanırlar, eyni zamanda,
müxtəlif ölkələr burada öz mədəniyyətlərini
təbliğ etmək imkanı əldə edirlər. Ona
görə də belə bir festivalın təşkilinə
görə Azərbaycan dövlətinə və Mədəniyyət
və Turizm Nazirliyinə təşəkkürümü
bildirirəm. İnanıram ki, burada olacağımız
günlər ərzində çox maraqlı hadisələrin
şahidi olacağıq.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2011.- 4 noyabr.-
S. 14.